Prezidentin çıxışı elmin yeni yol xəritəsidir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği  
Azərbaycan regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevrilməyi hədəfləyir
Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlər elmimizin qarşısında yeni hədəflər müəyyənləşdirib.  Dövlət başçısı bu mühüm mərasimdə elmin ölkənin inkişafında oynadığı strateji rolu xüsusi vurğulayaraq bildirib ki, “müasir dövrdə elmin səviyyəsi ölkənin gücünü, onun intellektual və iqtisadi potensialını müəyyən edən əsas amillərdəndir”. Prezident həmçinin qeyd edib ki, Azərbaycan elmi bu gün təkcə milli maraqlara deyil, həm də qlobal elmi proseslərə inteqrasiya baxımından yeni mərhələyə qədəm qoyub.
Bu yanaşma Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi elmi siyasətin məntiqi davamıdır. Məhz Heydər Əliyevin uzaqgörənliyi nəticəsində Azərbaycan elmi sistemli dövlət qayğısı ilə əhatə olunub, alimlərin fəaliyyəti üçün maddi və mənəvi şərait yaradılıb. Onun elmin inkişafına verdiyi dəyər ölkədə fundamental və tətbiqi tədqiqatların genişlənməsinə, elmi məktəblərin qorunmasına, yeni nəsil alimlərin yetişməsinə təkan verib. Həmin dövrün şahidləri də bu siyasətin Azərbaycan elminin milli dirçəlişində, beynəlxalq miqyasda tanınmasında mühüm rol oynadığını təsdiqləyirlər. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ənənə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Dövlət başçısının elmin infrastrukturunun yenilənməsi, elmi-tədqiqat müəssisələrinin modernləşdirilməsi, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları bu sahədə kompleks islahatların əsasını təşkil edir. Xüsusilə onun 2015-ci ildə AMEA-da çıxışı zamanı qarşıya qoyduğu vəzifələr, elmin idarə edilməsinin səmərəliliyinin artırılması, tətbiqi elmlərin inkişafı və elmi nəticələrin iqtisadiyyata inteqrasiyası bu gün real nəticələrini göstərməkdədir. Müasir dövrdə elmi-akademik dairələrin qarşısında duran əsas missiya elmin cəmiyyətə təsirini artırmaq, innovasiya və texnologiyaları inkişafın əsas dayaq nöqtəsinə çevirmək, gənc nəslin elmə marağını yüksəltməkdir. Elm milli inkişafın təməl dayağı, Azərbaycanın gələcəyini təmin edən strateji sahə kimi təbliğ edilməli və ictimai şüurun ayrılmaz hissəsinə çevrilməlidir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan yeni dalğaya keçdiyi kimi strateji sahələrimizdən biri olan elm istiqamətində də ciddi dəyişiklik və yeniləşmənin baş verməsi labüddür. Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya yeni vəzifələr, hədəflər qoyması, gələcək perspektivləri göstərməsi elmin inkişafına dövlət başçısı səviyyəsində verilən diqqətin göstəricisi olmaqla yanaşı, həm də elm adamlarının fəallaşması və öz potensiallarını realizə etmələri üçün yeni stimul yaradıb.
Bu baxımdan Prezident İlham Əliyevin elmi ictimaiyyət qarşısında çıxışında aktual məsələlərin qabardılması ölkəmizin elm tarixində həqiqətən də mühüm hadisədir. 
Milli Məclisin deputatı Səbinə Salmanova Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında iştirakı dövlətimizin başçısının elmə, təhsilə və ziyalılara göstərdiyi dərin diqqət və hörmətin bariz göstəricisidir: 
“Ölkə başçımızın orada səsləndirdiyi fikirlər elmi mühit üçün bir çağırış, bir istiqamətverici mesaj idi. Bu baxımdan, Prezidentin çıxışını “yol xəritəsi” adlandırmaq tam yerinə düşür. Çünki burada həm elm adamlarının qarşısında duran yeni vəzifələr müəyyən olunur, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyin konturları aydın şəkildə ifadə edilir”.
Deputatın sözlərinə görə, Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var:
 “Məhz onun dövlətçilik zəkası, uzaqgörən siyasəti və milli düşüncəyə əsaslanan yanaşması nəticəsində ölkədə elmin inkişafı üçün möhkəm ideoloji, maddi və institusional baza formalaşmışdır. Ümummilli Lider elmi yalnız bir fəaliyyət sahəsi kimi deyil, xalqın gələcəyi, milli düşüncənin, intellektual potensialın və dövlət müstəqilliyinin dayağı kimi qiymətləndirirdi. Ulu Öndər Azərbaycan elminə münasibətdə hər zaman prinsipial mövqe nümayiş etdirib. O, sovet dövründə belə milli elmi mühitin qorunması, Azərbaycan alimlərinin beynəlxalq səviyyədə tanınması və elmi tədqiqatların milli maraqlara xidmət etməsi üçün ardıcıl siyasət yürüdüb. Müstəqillik illərində isə Heydər Əliyev bu siyasəti yeni mərhələyə yüksəldərək, elm və təhsili dövlət quruculuğunun əsas sütunlarından biri elan edib. Cənab Prezident İlham Əliyevin də bugünkü çıxışında qeyd etdiyi kimi, “Bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı bir sıra strateji əhəmiyyətli məqamlara toxundu və onlardan biri də süni intellekt sahəsi ilə bağlı idi:
 “Dövlətimizin başçısı qeyd etdi ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır. Bu fikirlər bir daha göstərir ki, Prezident İlham Əliyev elmin müasir çağırışlarını dərindən təhlil edir və ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyanın və rəqəmsallaşmanın rolunu xüsusi vurğulayır”.
S.Salmanova qeyd edib ki, hazırda süni intellekt Azərbaycanda dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib:
“Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası” bu sahənin inkişafına sistemli və ardıcıl yanaşmanın bariz nümunəsidir. Həmin sənəd süni intellektin təkcə texnoloji deyil, həm də elmi, iqtisadi və sosial müstəvidə strateji əhəmiyyət daşıdığını təsdiqləyir. Bu, dövlətin gələcəyə baxışını, elmi yeniliklərə açıq siyasətini və Azərbaycanı regionun qabaqcıl texnoloji mərkəzlərindən birinə çevirmək məqsədini əks etdirir”. 
Şəymən Bayramova