- "Bu bazar böyüməsə, nə müəllif, nə də naşir qazana biləcək"
- Dünyanın bir çox ölkəsində də yazıçılar yalnız roman yazmaqla dolana bilmirlər
Yazıçı Pərviz Cəbrayıl Azərbaycanda müəllif qonorarı və nəşriyyat sistemi ilə bağlı narazılığını bildirib. Uzun illər üzərində işlədiyi yeni romanını tamamladığını bəyan edən yazıçı əvvəlki təcrübələrini nəzərə alaraq bu dəfə əsərini nəşriyyata təqdim etmək istəmir: “Altı aydır işsizəm, bu müddətdə fürsətdən istifadə etdim, 2019-dan bəri planlaşdırdığım romanı yazıb bitirdim. Dörd dəfə işlədim, hardasa yenidən yazdım , ənənəm üzrə beşinci redaktədəyəm, əslində bitmiş sayılır. Sadəcə, hələ ki, səhhətimə görə həkimdən klaviatura qadağam var.
Ancaq əvvəlki romanlarımdan fərqli olaraq bu dəfə romanı hansısa nəşriyyata çapa göndərmək istəmirəm. Hər dəfə necə olur: kitab çıxır, satışa gedir. Nəşriyyatın xadiməsindən tutmuş hər kəsə o kitabın gəlirindən bir pay düşür; satış dükanı 30-40 faiz götürür, dövlət vergisini alır, mənə isə hədiyyə istəyənlərin könlünü xoş etmək üçün 5-10 kitab verilir. Bir növ loppaq. Ölkəmin o sevimli bəndələrindən də deyiləm ki, mədəniyyət nazirliyi kitabımdan alsın. Özüm öz kitabımı satmağı da bacarmıram.
Çox qəribədir: kitab tərcümə edirsən, nəşriyyat sənə qonorarını (cüzi də olsa) verir, kiminsə tərcüməsini, ya kitabını redaktə edirsən, onun da cüzi qonorarını alırsan. Ancaq öz kitabına gələndə ancaq loppaq. Vallah, heç urvatlı sağ ol da demirlər. Yəqin müəllif qonorarı məsələsi elə 7-8 il əvvəlki kimidir. İndi necə edim, bilmirəm”.
Yazıçı çıxışının sonunda mövcud vəziyyətlə bağlı oxucuların fikrini öyrənmək istədiyini bildirib.
Məsələ ilə bağlı Sherg.az-a danışan “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Pərviz Cəbrayılın səsləndirdiyi narazılıqların müəyyən qədər əsaslı olduğunu deyib. Lakin naşir hesab edir ki, mövcud vəziyyətin səbəbini yalnız nəşriyyatlarda axtarmaq düzgün olmaz:
“Naşir kimi deyərdim ki, burada üç fərqli məsələ var. Birincisi, Azərbaycan kitab bazarı çox kiçikdir. Bədii ədəbiyyatın ilk tirajı çox vaxt 300-1000 nüsxə arasında olur. Bu həcmdə satışla həm müəllifin yüksək qonorar alması, həm də nəşriyyatın ciddi gəlir əldə etməsi çətindir. Bu, bazarın iqtisadi reallığıdır. İkincisi, risk bölgüsü məsələsidir. Nəşriyyat kitabın redaktəsinə, korrektəsinə, dizaynına, çapına, anbarına, marketinqinə və satışına əvvəlcədən vəsait qoyur. Müəllif isə haqlı olaraq illərlə yazdığı əsərin qarşılığını almaq istəyir. Hər iki tərəfin gözləntisi başadüşüləndir. Problem ondadır ki, bölüşdürüləcək ümumi gəlir kifayət qədər böyük deyil. Üçüncüsü isə, məncə, şəffaflıqdır. Müəllif nə qədər kitab satıldığını, qonorarın necə hesablandığını aydın görəndə narazılıq da azalır. Müasir nəşriyyatçılıqda bu istiqamətdə daha açıq mexanizmlər qurulmalıdır”.
Şahbaz Xuduoğlu bu problemin təkcə Azərbaycana xas olmadığını vurğulayıb. Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində də yazıçılar yalnız roman yazmaqla dolana bilmirlər: “Tanınmış müəlliflərin əksəriyyəti əsas gəlirlərini kitab satışından deyil, mühazirələrdən, müəllif hüquqlarından, tərcümələrdən, əsərlərinin ekranlaşdırılmasından və digər yaradıcılıq fəaliyyətlərindən əldə edirlər. Pərviz Cəbrayılın yeni romanını nəşriyyata təqdim etməmək qərarı isə onun müəllif kimi seçimidir və buna hörmətlə yanaşmaq lazımdır. Əgər bu addım kitab bazarında müəllif–naşir münasibətləri, qonorar sistemi və satış mexanizmləri haqqında daha ciddi müzakirəyə səbəb olarsa, düşünürəm ki, bunun müsbət tərəfi də olacaq. Yəni mən problemi bir cümlə ilə belə ifadə edərdim: məsələ təkcə nəşriyyat modelində deyil. Əsas problem Azərbaycan kitab bazarının həcmi, oxucu sayı və kitab iqtisadiyyatının zəifliyidir. Bu bazar böyümədən nə müəllif, nə də naşir tam razı qala bilər”.