Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR

  • "Şagirdləri damğalamaq yox, vaxtında dəstək vermək lazımdır"
  • Məxfilik pozularsa, şagird intihara qədər sürüklənə bilər
  • Türkiyədə tətbiq olunacaq model Azərbaycanda da tətbiq edilməlidir

Son illər dünyada uşaqlar və yeniyetmələr arasında depressiya, təşviş pozuntuları, aqressiv davranış, məktəb zorakılığı, müxtəlif asılılıqlar və özünə zərər vermə hallarında artım müşahidə olunduğundan bir çox ölkələr bu problemlərin erkən aşkarlanmasına yönəlmiş preventiv mexanizmlər tətbiq etməyə başlayıb.

Bu istiqamətdə Türkiyədə həyata keçirilməsi planlaşdırılan yeni risk tarama proqramı diqqət çəkir. Layihə çərçivəsində müəyyən siniflərdə təhsil alan şagirdlərin psixi sağlamlığı anketlər vasitəsilə qiymətləndiriləcək, eyni zamanda valideyn və müəllimlərin də müşahidələri nəzərə alınacaq. Məqsəd psixoloji riskləri erkən mərhələdə müəyyənləşdirərək uşaqları vaxtında müvafiq mütəxəssislərə yönləndirmək, gələcəkdə daha ciddi psixi və davranış problemlərinin qarşısını almaqdır. Türkiyə Milli Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi nəzərdə tutulan layihə 4, 7, 9 və 11-ci siniflərdə şagirdlər, valideynlər və müəllimlər arasında anket əsaslı risk qiymətləndirilməsi aparılacaq. Araşdırma zamanı ümumi psixi sağlamlıq, qəzəbə nəzarət, impulsiv davranışlar, asılılıq, məktəb zorakılığı, özünə zərər vermə və istismar riskləri qiymətləndiriləcək.

Qeyd edək ki, Türkiyədə tətbiq olunacaq modelin Azərbaycanda da tətbiqinə ehtiyacın olub-olmaması, məktəblərdə psixoloji qiymətləndirmə sisteminin yaradılmasının nə dərəcədə mümkün və faydalı olacağı müzakirə olunan məsələlərdəndir.Mütəxəssislər hesab edir ki, belə bir mexanizm uşaqlarda psixoloji problemlərin vaxtında aşkarlanmasına, erkən müdaxilənin təmin edilməsinə və uzunmüddətli fəsadların qarşısının alınmasına mühüm töhfə verə bilər.

Mövzunu Sherg.az-a şərh edən klinik psixoloq Aytən Ələkbərova bildirib ki, məktəblərdə psixi sağlamlığın qiymətləndirilməsinə yönəlmiş belə layihələrin uğurla həyata keçirilməsi üçün ilk növbədə anonimlik və məxfiliyin qorunması təmin edilməlidir.

Onun sözlərinə görə, aparılan qiymətləndirmə nəticəsində hər hansı şagirddə psixoloji problem, inkişaf pozuntusu və ya davranış dəyişikliyi aşkarlanarsa, həmin uşaq ehtiyacına uyğun olaraq psixoloqa, nevroloqa və ya uşaq psixiatrına yönləndirilməlidir. Lakin bütün bu proses elə təşkil olunmalıdır ki, uşaqlar arasında ayrı-seçkilik yaranmasın və onların damğalanmasına səbəb olacaq hallar baş verməsin. 

 Psixoloq qeyd edib ki, Azərbaycan cəmiyyətində psixoloji yardım almağa qarşı hələ də müəyyən stereotiplər mövcuddur: “Valideynlərin bir qismi övladının psixoloqa müraciət etməsini gizlətməyə çalışır. Təcrübəmdə bununla tez-tez rastlaşıram. Məktəbdən mənə yönləndirilən uşaqların valideynləri narahatlıqla deyirlər ki, “Birdən məktəbdən kimsə bizi burada görər”. Bu yanaşma göstərir ki, cəmiyyətdə psixoloqa müraciətlə bağlı hələ də yanlış təsəvvürlər qalmaqdadır və valideynlər bu məsələyə təşvişlə yanaşırlar."

A.Ələkbərovanın fikrincə, psixoloji müayinələrin erkən mərhələdə aparılması gələcəkdə daha ciddi psixi sağlamlıq problemlərinin qarşısının alınmasına xidmət edir:

"Valideynlər anlamalıdırlar ki, psixoloqa müraciət etmək xəstə olmaq demək deyil. Əksinə, psixoloji dəstəyin vaxtında alınması gələcəkdə daha ağır problemlərin yaranmasının qarşısını ala bilər. Bu baxımdan məktəblərdə belə layihələrin həyata keçirilməsi və psixoloji risklərin erkən aşkarlanması uşaqların sağlam inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi valideynlər hələ də övladlarını qorumaq məqsədilə belə layihələrdə iştirakdan çəkinirlər. Halbuki bu cür proqramlar məhz uşaqların sağlam gələcəyi naminə həyata keçirilir."

Psixoloq hesab edir ki, belə layihələrin uğurlu olması üçün təkcə psixoloji qiymətləndirmənin aparılması kifayət deyil. Ən vacib şərtlərdən biri peşə etikası və məxfiliyin qorunmasıdır. Onun sözlərinə görə, Azərbaycan reallığında məxfilik prinsipinin pozulması halları hələ də müşahidə olunur və bu, uşaqlar üçün ağır psixoloji nəticələrə səbəb ola bilir:

“Bizdə bəzən məktəblərdə psixoloqun şagirdlə apardığı söhbətin digər müəllimlərlə müzakirə edildiyi hallarla rastlaşırıq. Hətta bu yaxınlarda, uşaqlar tətilə çıxmamışdan qabaq, psixoloqlardan biri uşaqla apardığı söhbəti müəllimlər otağında müzakirəyə çıxarmışdı və müzakirə nəticəsində yeniyetmənin davranışlarına əsasən ona hətta bir tərbiyəsiz damğası vurulmuşdu. Bu cür münasibət uşağın psixoloji durumuna ciddi təsir göstərmiş, onu intihara qədər aparan ağır nəticələr doğurmuşdu. Xoşbəxtlikdən sonradan həmin uşaqla aparılan peşəkar psixoloji iş nəticəsində vəziyyəti stabilləşdirmək mümkün oldu”. 

Mütəxəssis həmçinin vurğulayıb ki, Azərbaycan məktəblərində belə layihələr həyata keçiriləcəyi təqdirdə, prosesə cəlb olunan bütün mütəxəssislər məxfilik prinsipinə ciddi əməl etməlidirlər: “Əks təqdirdə biz övladlarımızı qazanmaq əvəzinə itirə bilərik. Məxfiliyin pozulması uşağın gələcək həyatına, sosial münasibətlərinə, təhsilinə, hətta ailə qurmasına qədər uzanan psixoloji problemlər yarada bilər. Risk qrupuna daxil olan uşaqların damğalanması deyil, peşəkar nəzarətə götürülməsi əsas məqsəd olmalıdır. Psixoloji risk daşıyan şagirdlər xüsusi diqqət və müşahidəyə ehtiyac duyurlar. Onların cəmiyyət qarşısında etiketlənməsi yox, düzgün dəstək alması təmin edilməlidir. Bu, həm məktəb dövründə, həm də sonrakı həyat mərhələlərində onların sağlam inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Biz bəzən baxırıq ki, risk qrupuna aid ediləcək şagirdlər var ki, gələcəkdə onların 10–11-ci sinifdən sonra hətta ilkin hərbi xidmət zamanı belə risk qrupuna aid edilən uşaqlar olurlar ki, onlar da xüsusi nəzarət tələb edən, diqqətdə saxlanılan əsgərlər siyahısında olurlar. Bu baxımdan biz mütləq şəkildə nəzarət tələb edən şagirdi daimi nəzarətdə saxlamalıyıq. Bizim ən mühüm peşə borcu etimadı və məxfiliyi qorumaqdır. Şəxsi məlumatların və ya etirafların müxtəlif platformalarda, hətta ad çəkilmədən paylaşılması belə insanda dərin psixoloji travma yarada bilər. İnsan psixoloqa ən şəxsi hiss və düşüncələrini etibar edir. Həmin etimadın pozulması onun özünəinamını sarsıda, psixoloji vəziyyətini daha da ağırlaşdıra bilər. Buna görə də bu cür layihələrin əsasını peşəkarlıq, etik davranış və anonimlik təşkil etməlidir. Bu yaxınlarda TikTok platformasında bir istifadəçinin belə bir şərhini oxudum: “Mən sənə sirrimi danışmışam. Hansı səbəbdən mənim sirrimi TikTok-da paylaşırsan? Adımı çəkməsən də, öz hekayəmi eşidəndə özümə nifrət etdim və özümə olan güvənimi itirdim”. Bu, məxfiliyin pozulmasının insan psixologiyasına necə ağır təsir etdiyini göstərən çox acı nümunədir”.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə bildirib ki, belə bir model elmi əsaslarla hazırlanacağı və peşəkar şəkildə həyata keçiriləcəyi təqdirdə, onun Azərbaycanda da tətbiqi məqsədəuyğun hesab oluna bilər.

Həmsöhbətimizin sözlərinə görə, son illər məktəblərdə diqqət yalnız şagirdlərin akademik göstəricilərinə yönəldilməməli, onların psixoloji rifahı da təhsil prosesinin ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir: “İmtahan stresi, ailədaxili problemlər, məktəb zorakılığı, sosial medianın təsiri, rəqəmsal asılılıq, sosial təcrid kimi amillər uşaqların psixologiyasına istənilən halda təsir göstərir. Təəssüf ki, bir çox hallarda bu problemlər yalnız ağırlaşdıqdan sonra üzə çıxır. Belə bir risk izləmə, tarama proqramının əsas üstünlüyü məhz problemlərin erkən mərhələdə müəyyən edilməsidir. Şagird, müəllim və valideyn arasında aparılan anonim və elmi əsaslı qiymətləndirmə sayəsində davranış dəyişiklikləri, emosional gərginlik, aqressiya, depressiya əlamətləri, zorakılıq törətmə meylləri vaxtında aşkarlana bilər. Həmçinin erkən diaqnostika isə sonrakı mərhələdə daha ağır psixoloji və sosial problemlərin qarşısını almağa kömək edə bilər”.

Əmrah Həsənli vurğulayıb ki, belə bir proqramın effektivliyi onun yalnız anketlərin doldurulması ilə məhdudlaşmamasından asılıdır. Onun fikrincə, qiymətləndirmə prosesi elmi yanaşma əsasında qurulmalı və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilməli, bütün məlumatların məxfiliyi isə tam şəkildə təmin olunmalıdır: “Bu modelin uğurlu tətbiqi üçün məktəb psixoloqlarının peşəkar hazırlığının gücləndirilməsi də vacib şərtlərdəndir. Əks halda, yanlış qiymətləndirmələr və ya şəxsi məlumatların lazımi qaydada qorunmaması uşaqların psixoloji vəziyyətinin daha da ağırlaşmasına səbəb ola bilər. Ona görə də belə layihələrin icrasında peşəkarlıq, etik prinsiplər və məxfilik əsas prioritet olmalıdır. Azərbaycanda belə bir model tətbiq ediləcəksə, ilk növbədə məktəblərdə psixoloji xidmət sistemi daha da gücləndirilməlidir. Hazırda bəzi ümumtəhsil müəssisələrində psixoloq sayı kifayət etmir, mövcud mütəxəssislərin üzərinə düşən iş yükü isə həddindən artıq çoxdur. Bu şəraitdə risk tarama proqramının effektiv şəkildə həyata keçirilməsi çətin ola bilər”.

Ekspert qeyd edib ki, proqramın səmərə verməsi üçün məktəb psixoloqları, müəllimlər, valideynlər və səhiyyə sistemi arasında koordinasiyalı əməkdaşlıq mexanizmi qurulmalıdır: "Risk taramasının real nəticə verməsi üçün məktəb psixoloqları, ailələr, müəllimlər və səhiyyə sistemi arasında koordinasiyalı əməkdaşlıq təmin edilməlidir. Ən vacib məqamlardan biri isə risk müəyyən edildikdən sonra həmin uşağın hansı mexanizmlə psixoloji və ya tibbi dəstək alacağının əvvəlcədən müəyyənləşdirilməsidir. Çünki problemin aşkarlanması hələ onun həlli demək deyil. Əsas məqsəd vaxtında və düzgün müdaxilə mexanizminin işləməsini təmin etməkdir. Digər mühüm məsələ isə bizim valideynlərin maarifləndirilməsidir. Azərbaycan cəmiyyətində hələ də psixoloqa müraciəti yanlış dəyərləndirən stereotiplər mövcuddur və bu yanaşmanın dəyişdirilməsinə ehtiyac var. Halbuki psixoloji dəstək almaq xəstəlik əlaməti deyil, uşağın sağlam psixoloji və emosional inkişafının vacib tərkib hissəsidir. Valideynlər bu cür proqramlara nəzarət və ya cəza mexanizmi kimi deyil, övladlarının rifahını qorumağa xidmət edən dəstək modeli kimi yanaşmalıdırlar. Yalnız bu halda məktəb, ailə və mütəxəssislər arasında etibarlı əməkdaşlıq formalaşa bilər və belə layihələr gözlənilən nəticəni verər”.

Ə. Həsənli sonda qeyd edib ki, bu cür layihələr uşaqlarda psixoloji problemlərin erkən mərhələdə aşkarlanması, məktəb zorakılığının (bullinq) azalması və riskli davranışların vaxtında müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Unutmaq olmaz ki, təşəbbüsün uğuru yalnız anket keçirməklə bitmir. Əsas məsələ növbəti mərhələdə peşəkar psixoloji müdaxilənin olunması, davamlı müşahidənin aparılması və valideyn-məktəb əməkdaşlığının sıx təşkilidir. Yalnız bu halda məktəblər təkcə bilik verən müəssisə deyil, həm də uşaqların emosional və psixoloji rifahını qoruyan təhlükəsiz inkişaf mühitinə çevrilə bilər."