Elçin Əfəndi: "Distant təhsilə keçilməli, problem aradan qaldırıldıqdan sonra ənənəvi təhsilə keçid bərpa edilməlidir"
Paytaxtın 311 saylı orta ümumtəhsil məktəbində nə işıq var, nə də istilik. Bu barədə valideyn Həbibə Abdulla sosial şəbəkədə paylaşıb edib. Valideyn qeyd edir ki, bayram tətilindən sonra övladını məktəbə aparıb, amma isitlik sisteminin işləmədiyini, işıqların da yanmadığını görüb: “Məktəbdə 2 gündür nə işıq var, nə qaz. Uşaqları bu gün apardım, qapıdan qaytardım. Günlərdir istilik olmayan otaqlar buzxanadır. Dünən Şəmsin 4-cü dərsdə mədəsindən ağrı tutub, icazə alıb özünü evə ancaq çatdırmışdı. Xəbərim olmamışdı, yoxsa dünən də qoymazdım qalsınlar məktəbdə. Heç kim və heç nə övladımın sağlığından daha vacib ola bilməz mənim üçün”.
Qeyd edək ki, ümumiyyətlə məktəblərdə istilik sisteminin işləməməsi barədə valideynlərin narazılığının dəfələrlə şahidi oluruq. Soyuq otaqlarda, titrəyə-titrəyə, büzüşüb oturan uşağın dərsə marağı olarmı, öyrənmək həvəsi qalarmı? Ən əsası, sağlam uşaq, yoxsa bilikli uşaq, tandemində bir seçim etməmiz lazımdır. Əlbəttə, uşaq həm sağlam, həm də savadlı, bilikli olsa, lap əla. Seçim etməyə də ehtiyac qalmaz. Amma məktəblərdə normal tədris üçün şərait yoxdursa, təbii ki valideyn övladının sağlamlığını əsas götürəcək.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, 21-ci əsrdə, həm də paytaxtda yerləşən orta ümumtəhsil məktəbində belə bir problemin olması xoşagələn deyil: 
-Bu məsələdə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə yanaşı, “Azəristiliktəchizat” ASC də (əgər onların xidmət göstərdiyi əraziyə daxildirsə) cavabdehdir. Məsələyə diqqətli yanaşmalıdırlar. Biz uşaqların sağlamlığını düşünməliyik. Təhsildən öncə sağlamlıq gəlir. Sağlam olmalısan ki təhsil qazanasan, təhsil əldə edəsən. Hansı məktəbdə belə vəziyyət yaşanırsa, deməli orada işin təşkilində problem var. Məktəb rəhbərliyi diqqətli olmalıdır. Məktəbdə istilik sistemi ilə bağlı ciddi problem varsa, yuxarı instansiyalara məlumat verilməlidir ki aradan qaldırılsın. Yox əgər, problemi hansısa müddətə aradan qaldırmaq mümkün deyilsə, o zaman valideynlərə məlumat verilməlidir ki məktəbdə belə bir situasiya yaşanır, dərslər məsafədən tədris olunacaq, problem aradan qaldırıla qədər. Bu barədə məlumat verilmirsə, işə qeyri-ciddi yanaşmanın nəticəsidir. Tədris müddəti ərzində fasiləsiz təhsil təmin edilməlidir. Rəsmi tətillər xaricində fasiləsiz təhsil prioritetdir. Ola bilsin, son günlərdəki intensiv yağıntılar zamanı elektrik, istilik sistemi zədələnib. Amma məktəb rəhbərliyi bu barədə məlumatlı olmalı və valideynlərə də məlmat verməli idi və problemin qısa zamanda aradan qaldırılmasına çalışılmalıydı. Bunlar həssas məsələlərdir. Təhsil müəssisəsində tədrisin təşkili ilə bağlı problem yaranırsa, bütün qüvvələr səfərbər olmalıdır. Bunu etmək mümkün deyilsə, şagirdlər gəlib soyuq sinif otaqlarında əyləşməli deyillər. Distant təhsilə keçilməli, problem aradan qaldırıldıqdan sonra ənənəvi təhsilə keçid bərpa edilməlidir.