Agentlik: Bəzi obyektlərdə vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb edilməsi müəyyən risklər yaradır

Azərbaycanda müxtəlif yerlərdə vətəndaşın şəxsiyyət vəsiqəsinin alınaraq sürətinin çıxarılaraq saxlanılması fərdi məlumatların mühafizəsi baxımından ciddi risklər yaradır.

"APA-Economics" xəbər verir ki, bunu yenilənmiş "mygov" rəqəmsal hökumət plarformasının təqdimatı zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müavini Şahin Əliyev deyib.

O, bildirib ki, rəqəmsal şəxsiyyət vəsiqəsi ideyası bu səbəblərdən irəli gəlib:

"Artıq vətəndaş rəqəmsal formada şəxsiyyət vəsiqəsini "mygov" üzərindən təqdim edə bilər. Daha sonra təqdim etmək ilə bağlı tarixçə ilə tanış olur. Bu da ona fərdi məlumatlara daha yaxşı şəkildə nəzarət etməyə imkan verir. Gələcəkdə fərdi məlumatların mühafizəsinin təmin edilməməsi ilə bağlı risklərin ötürülməsi də bu platforma vasitəsilə mümkün olacaq. Bu gün artıq biz özəl sektorda və dövlət qurumları ilə rəqəmsal şəxsiyyət vəsiqəsinin tətbiqi istiqamətində ciddi işlər görürük. İlin sonuna qədər ən azı bizim tərəfdaşlıq etdiyimiz tərəflər çərçivəsində 3 mindən çox nöqtədə tam şəkildə bizim birgə iştirakımızla bunun tətbiqinə nail olacağıq. Digər subyektlərdə də bunların tətbiqi mümkün olacaq. Vətəndaşlarda bu prosesdə aktiv iştirak etməlidirlər", - deyə o qeyd edib.