Azərbaycan rəqəmsal iqtisadiyyatda region liderliyini gücləndirir - Deputat açıqladı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi ölkəmizin süni intelekdən istifadə daxil olmaqla rəqəmsal iqtisadiyyatın inkişafının prioritet olduğunu bir daha təsdiq edir: “Azərbaycan regionda rəqəmsal xidmətlərdən sıx istifadə edən dövlətlərdəndir. Rəqəmsal arxitektura məhsuldarlığı və səmərəlliyi artıran strateji qərarlar qəbul etmək üçün dataya əsaslanaraq informasiya texnologiyası, kibertəhlükəsizlik və iqtisadi inkişafı əlaqəndirir. Bu idarəetmədə səmərəlliyi və şəffaflığı daha da artıraraq biznesin inkişafı üçün yeni imkanlar yaradır.

Rəqəmsal iqtisadiyyatın qlobal həcmi ötən il əvvəlki il ilə müqayisədə 16 trilyon dollardan 24 trilyon dollaradək yüksəlib. Amerika Birləşmiş Ştatları 25 faizlə qlobal rəqəmsal iqtisadiyyatda ən çox paya malik olan dövlətdir. Dünən Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” ABŞ ilə Azərbaycan arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşməsinə imkan yaradacaq”.

Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə deputat bildirib ki, qeyri-neft ümumi daxili məhsulunun (ÜDM) 2.8 faizi informasiya kommunikasiya texnologiyası (İKT) sektorunun payına düşür: “ Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3.3 milyard manatdır.

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiyasının” strategiyanın icrası nəticəsində iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması, rəqəmsal xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, iqtisadi sahələrdə rəqəmsal texnologiyaların tətbiq səviyyəsinin genişləndirilməsi, rəqəmsal bacarıqlara malik ixtisaslı kadrların sayının artırılması, eləcə də Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir”.