Türkiyədə Maarif Platformunun hazırladığı "Virtual Mühasirə və Media Böhranı: Rəqəmsal Təhdidlər, Ekrandan Qurtuluş və Həll Yolları" adlı hesabatda rəqəmsal medianın ailə, təhsil və cəmiyyətə təsirləri təhlil edilib.
Sherg.az xəbər verir ki, hesabatda ekranların tam qadağan edilməsinin çıxış yolu olmadığı, əsas diqqətin media savadlılığının gücləndirilməsinə, keyfiyyətli məzmun istehsalının artırılmasına və dövlət qurumlarının koordinasiyalı fəaliyyətinə yönəldilməsi tövsiyə olunub.
Sənəddə bildirilib ki, Türkiyə eyni vaxtda həm "ekran böhranı", həm də "kimlik və məna böhranı" yaşayır. Ailə, məktəb və cəmiyyətin gənclərin şəxsiyyətinin formalaşmasındakı rolunun zəifləməsi onların rəqəmsal platformalarda aidiyyət hissi axtarmasına səbəb olur.
Hesabatda təhsil sistemində media savadlılığının əsas istiqamətlərdən birinə çevrilməsi, peşə təhsilinin gücləndirilməsi və mərkəzləşdirilmiş imtahan sisteminə yenidən baxılması təklif edilir.
Bundan başqa, valideynlərin yalnız ekran vaxtını məhdudlaşdıran deyil, uşaqları ilə media məzmununu birlikdə təhlil edən şüurlu bələdçilərə çevrilməsinin vacibliyi vurğulanır. Hesabatda rəqəmsal məzmunun uşaqların oyun mədəniyyətini dəyişdirdiyi, istehlak yönümlü həyat tərzini təşviq etdiyi və ənənəvi oyun vərdişlərini zəiflətməyə başladığı qeyd olunur.
Sənəddə həmçinin dövlət qurumları, media, universitetlər və vətəndaş cəmiyyətinin birgə fəaliyyət göstərməsinin rəqəmsal çağırışların aradan qaldırılması üçün əsas şərt olduğu bildirilir.