Apple-ın sentyabr ayında təqdim edəcəyi gözlənilən iPhone 18 seriyası ilə bağlı qiymət proqnozları texnologiya gündəminin əsas mövzularından birinə çevrilib.
Sherg.az xəbər verir ki, sənaye analitiklərinin proqnozlarına görə, iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin qiyməti əvvəlki nəsillə müqayisədə 100-200 dollar arta bilər.
İddialara əsasən, seriyanın ən bahalı standart modeli iPhone 18 Pro Max olacaq. Həmçinin Apple-ın üzərində işlədiyi bildirilən qatlana bilən iPhone Ultra modelinin başlanğıc qiymətinin isə 2 min dollar səviyyəsində olacağı ehtimal edilir.
Qiymət artımının yeni texnologiyalar, istehsal xərclərinin yüksəlməsi, xammal qiymətləri və qlobal tədarük zəncirindəki dəyişikliklərlə əlaqəli olduğu bildirilir.
Bununla belə, Apple yeni modellərin qiymətləri, texniki xüsusiyyətləri və qatlana bilən iPhone Ultra barədə hələlik rəsmi açıqlama verməyib. Yekun qiymətlərin şirkətin sentyabr təqdimatında açıqlanacağı gözlənilir.