Məqsəd isə insanları saxta saytlara yönləndirərək bank və şəxsi məlumatlarını ələ keçirməkdir
Dünya üzrə iPhone istifadəçilərini hədəf alan yeni dələduzluq üsulu tək bir mesajla insanları tələyə salır. Mütəxəssislər bildirir ki, əsas təhlükə mesajın özündə deyil, yaratdığı panik hissində gizlənir. Bəs bu saxta xəbərdarlıqları necə ayırd etmək olar və bir kliklə nə qədər risk yarana bilər?
Sherg.az xəbər verir ki, son dövrlərdə iPhone istifadəçilərinə göndərilən saxta e-poçtlar “iCloud yaddaşınız dolub” xəbərdarlığı ilə insanları təşvişə salır. Mesajlarda foto və videoların silinəcəyi və ya hesabın bağlanacağı bildirilir, istifadəçidən isə dərhal “yeniləmə” və ya “plan yüksəltmə” tələb olunur. Məqsəd isə insanları saxta saytlara yönləndirərək bank və şəxsi məlumatlarını ələ keçirməkdir.
Dələduzluq təkcə e-poçtlarla məhdudlaşmır. Son günlər “Apple Pay-də şübhəli əməliyyat” kimi saxta bildirişlər də yayılır. Bu mesajlarda istifadəçidən linkə daxil olması və ya nömrə ilə əlaqə saxlaması istənilir. Daha sonra isə özünü Apple dəstəyi və ya bank əməkdaşı kimi təqdim edən şəxslər istifadəçiləri aldadır.
Ən böyük təhlükə - panika
Mütəxəssislərə görə, bu dələduzluğun əsas gücü onun inandırıcı görünməsində və yaratdığı tələsiklik hissindədir. “48 saat ərzində hesab bağlanacaq” kimi ifadələr insanları düşünmədən hərəkət etməyə vadar edir.
Siber təhlükəsizlik mütəxəssisi Osman Demircan bildirir ki, əsas qayda panikaya düşməmək və mesajın detallara diqqətlə baxmaqdır. Onun sözlərinə görə, “təcili hərəkət et”, “hesabın bağlanacaq”, “ödəniş uğursuz oldu” kimi ifadələr ciddi xəbərdarlıq siqnallarıdır.
Şübhəli linklər və saxta saytlar
Bu mesajlarda istifadəçilər çox vaxt “hesab yeniləmə” və ya “ödəniş məlumatı təsdiqi” adı ilə saxta səhifələrə yönləndirilir. İlk baxışda rəsmi görünən bu səhifələr əslində kart və giriş məlumatlarını ələ keçirmək üçün hazırlanır.
Mütəxəssislər xəbərdarlıq edir ki, Apple-ın rəsmi bildirişləri yalnız rəsmi domenlər üzərindən gəlir, saxta mesajlarda isə buna bənzər, lakin fərqli ünvanlar olur.
Nə etməli?
-Şübhəli linklərə daxil olmayın
- Mesajdakı nömrələrə zəng etməyin
- Hesab vəziyyətini birbaşa Apple ID üzərindən yoxlayın
-İki mərhələli doğrulamanı aktiv saxlayın
- Şübhəli klik olubsa, dərhal şifrələri dəyişin və bankı xəbərdar edin
Mütəxəssislərə görə, ən vacib məsələ “heç nə olmadı” düşüncəsinə qapılmamaq və hər şübhəli halı yoxlamaqdır. Çünki tək bir klik belə şəxsi məlumatların ələ keçirilməsinə səbəb ola bilər.