Politoloq Bəxtiyar Hacıyevlə razılaşmır: Paşinyanla dil tapmaq mümkün olmayacaq

"Əksinə hesab edirəm ki, erməni baş nazir özündən əvvəlki rəhbərlərdən daha təhlükəlidir" 



"Düzdür, Sarkisyan-Koçaryan cütlüyü də qatı millətçi idilər, ancaq Paşinyan daha şovinistdir"



“Paşinyan bir dövlət adamı, siyasətçi yox, sanki QHT rəhbəri təəssüratı bağışlayırdı. Amma düşünürəm ki, danışmaq üçün açıq insan idi və onunla müzakirə aparmaq daha asan idi”. Bunu gənc fəal Bəxtiyar Hacıyev Paris Sülh Forumunda Ermənistan baş naziri Nikol Paşinyanla baş tutan söhbəti barədə danışarkən deyib. B.Hacıyev bildirib ki, tədbirin rəsmi hissəsindən sonra Paşinyan köməkçiləri vasitəsi ilə onu tapıb və aralarında qısa söhbət olub: “Paşinyan məndən rəsmi nümayəndə heyətinin üzvü olub-olmadığımı soruşdu.

Mən vətəndaş cəmiyyəti təmsilçisi olduğumu dedim və suala cavabından narazı qaldığımı, onun Ermənistan baş naziri kimi Azərbaycan ərazilərində o cür bəyanat verməsinin məsuliyyətsiz addım olduğunu, sülh prosesinə heç bir töhfə vermədiyini bildirdim. O da əsaslandırmağa çalışdı ki, bir ildən artıq konstruktiv olub, lakin Azərbaycan tərəfdən belə cavab almayıb. Həm də ölkəsində müxalifət onu sıxır və buna görə də zaman-zaman belə bəyanatlar verməyə məcbur olur”. 

Gənc fəalın Paşinyanla bağlı təəssüratlarını “Şərq”ə təhlil edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bəxtiyar Hacıyevin fikirləri ilə nisbətən razılaşdığını, ancaq qəbul etmədiyi məqamların olduğunu vurğulayıb. Analitikin sözlərinə görə, B.Hacıyev erməni baş naziri pis vəziyyətdə yaxalamışdı.

Xüsusən, gənc fəalın “Mən Ermənistandanam, amma öz doğulduğum yerə gedə bilmirəm, siz bunu necə izah edə bilərsiniz?” deyə sual ünvanlanması baş naziri çıxılmaz duruma salmışdı: “Paşinyanın verdiyi cavablar tamamilə uydurma faktlara söykənirdi. Bu cür açıqlamalar ya Paşinyanın siyasi savadsızlığını, ya da qəsdən yalan danışdığını göstərir. Ermənilər tarix boyu faktları saxtalaşdırmaqla məşğul olublar. Daha doğrusu, prosesləri özlərinə sərf edən formada dünya ictimaiyyətinə çatdırıblar. Ən yaxın dövrdə belə baş vermiş hadisələri saxtalaşdırmaq erməni xislətinin vazkeçilməz xüsusiyyəti olub. Paşinyanın Bəxtiyara cavabları da onun dünyagörüşünə uyğun idi. Bir çoxlarının əksinə hesab edirəm ki, erməni baş nazir özündən əvvəlki rəhbərlərdən daha təhlükəlidir.

Düzdür, Sarkisyan-Koçaryan cütlüyü də qatı millətçi idilər, ancaq Paşinyan daha şovinistdir. O, erməni ehkamları ilə uydurulmuş miflərin əsirinə çevrilmiş bir şəxsdir. Bu baxımdan belə bir siyasətçi ilə hansısa problemi müzakirə etmək çətin ki, hansısa müsbət nəticə versin”. 

Siyasi şərhçi vurğulayıb ki, münaqişənin həlli prosesində Ermənistan, yəni Paşinyan tərəfi ilə yanaşı, Rusiya faktorunu da nəzərə almaq lazımdır:

“Moskva özünü münaqişənin həllində mühüm söz sahibi sayır. İrəvan hökuməti isə prosesdə kölgədə qalır və təsir imkanlarını itirir. Paşinyanla ortaq müzakirə mühiti tapılsa belə nəticənin ürəkaçan olmayacağı indidən bəllidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu