Qərbin Gürcüstana cavabı sərt olacaq - Proqnoz

ABŞ-nin Gürcüstandakı səfirliyi hakim partiyanın “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı bəyanat yayıb.
Diplomatik nümayəndəliyin bəyanatında parlamentin ikinci oxunuşundan keçmiş “xarici təsir” qanununun Kremldən ilhamlandığı qeyd edilib. Səfirlik sözügedən qanun layihəsini və hökumət rəsmilərinin qanunu müdafiə etmək naminə səsləndirdikləri “saxta narrativ”i qınadığını bəyan edib.
“Bu qanun və “Gürcü Arzusu”nun anti-Qərb ritorikası Gürcüstanı təhlükəli trayektoriyaya gətirib. Gürcüstan hökumətinin bəyanatları və əməlləri Aİ və NATO üzvlüyü üçün zəruri olan demokratik dəyərlərə uyğun gəlmir, ona görə də Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atır”, - bəyanatda qeyd olunub.

Politoloq Turab Rzayev "Sherg.az"a açıqlaması zamanı deyib ki, Qərbin Gürcüstanın Rusiya və Çinə yaxınlaşmasına cavabı sərt olacaq:
"Qərb Gürcüstan hakimiyyətinə həm bu qanun layihəsinə, həm də Rusiya və Çinə yaxınlaşmasına görə təzyiq göstərir. Rəsmi Tbilisi bu qanun layihəsini qəbul etdiyi təqdirdə ölkə daxilindəki vətəndaş cəmiyyətlərinə və onlara gələn maliyyəyə nəzarət əldə edəcək. Gürcüstanın keçmişdə Rusiyaya yaxınlaşmasının qarşısını bu təşkilatlar alıb. Sözügedən vətəndaş cəmiyyətlərinin maaliyyə dəstəyinin kəsdikdə isə rəsmi Tbilisinin Moskvaya yaxınlaşmasının qarşını alacaq ciddi bir qüvvə qalmayacaq".

Analitik əlavə edib ki, əgər Gürcüstan bu qanun layihəsini qəbul etsə, Qərb oradakı etirazçıları dəstəkləyəcək:
"Gürcüstan hökumətinin bu məsələdə geri addım atmadığı təqdirdə, 2014-cü ildə Ukraynada olduğu kimi xalq ayaqlanmalarının şahidi ola bilərik".