“Subbakalavrları universitetlərə bağladılar ki, onları ali məktəblərin özləri yığsınlar. Bununla da, peşə təhsili ləğv olundu, öldürüldü. Çünki universitet peşə təhsili verə bilmir”
“Dünya təcrübəsinə baxanda şahidi oluruq ki, tələbəni universitetə qəbul edəndə onu heç vaxt oxuyacağı ixtisasdan, öyrənəcəyi fənnlərdən imtahan etmirlər”
"Hansı insan məntiqli olmağı məntiq dərsi keçməklə öyrənib? Belə bir şey yoxdur"
“İmtanlarda yazılı hissə ilə test hissəsini kombinasiya etmək daha ağlabatan olardı”
Son illər Azərbaycanın təhsil həyatında müəyyən dəyişikliklər baş verib. Yeniliklərə magistraturaya qəbul imtanahanında ikinci mərhələnin(ixtisasdan imtahan) ləğvi və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında məntiq suallarının çıxarılması məsələləri daxildir. Bundan başqa, subbakalavrların universtetlərə imtahansız qəbulu, bəzi peşə ixtisaslarının ali məktəblərə köçürülməsi həmin dəyişikliklər sırasındadır. Əlbəttə, bu mövzulara dair ikili yanaşma mövcuddur. Bəzi ekspertər məlum qərarların vacib olduğunu söyləyərək mühüm effekt verəcəyini iddia edir. Bəziləri isə tamamilə əksini düşünür. Biz də “Sherg.az” olaraq bütün bu məsələlərə aydın gətirmək məqsədilə “Xəzər” universitetinin rektoru, professor Hamlet İsaxanlı ilə əlaqə saxladıq.
Söhbəti təqdim edirik.
-Magistratraya qəbul imtahanlarının ikinci mərhələsi ləğv edildi. Bu addımı necə qiymətləndirirsiniz?
-Dünya təcrübəsinə baxanda şahidi oluruq ki, tələbəni universitetə qəbul edəndə onu heç vaxt oxuyacağı ixtisasdan, öyrənəcəyi fənnlərdən imtahan etmirlər. Onun ümumi dünya görüşü, savadı və dil bilgisini yoxlayırlar. Qalanını isə universitet qəbul edəndən sonra öyrədir. Mən də onun tərəfdarıyam və təcrübə də belədir ki, təhsildə mərkəzləşdirmə heç vaxt keyfiyyəti yuxarı qaldırmır. Doğrudur, bir zamanlar mərkəzləşmə qəbul imtahanlarında rüşvətin və digər neqativ halların qarşısının alınmasında böyük rol oynayıb. Amma indi dünyada şərtlər, trendlər dəyişib. Bu mənada sistemi də liberallaşdırmaq lazımdır. Universitetlər məsuliyyətli olmalıdırlar. Tələbəni universitetlərin özləri seçməlidirlər. “Xəzər” universiteti bu yöndə daha düzgün yol tutub. Tələbələr ümumi məsələlərdən imtahan verirlər, qalanını isə universitetin özü yoxlayır.
-MİQ imtahanlarından məntiq sualları çıxarıldı…
-Bəzən məntiqə dair dərslər keçirilir, suallar salınır. İnanın, mən onları heç zaman qəbul etmirəm və başa da düşmürəm. Hansı insan məntiqli olmağı məntiq dərsi keçməklə öyrənib? Belə bir şey yoxdur. Təbiət elmləri məntiqi daha diqqətlə öyrədir. Humanitar elmlərdə isə bulanıq məntiqdir. Lütfüzadənin dili ilə desək qeyri-səlis məntiq. Məntiqdən imtahan mənasız yoxlamadır. Heç bir ölkədə buna bənzər imtahan tətbiq edilmir. MİQ imtahandan məntiq suallarının çıxarılması düzgün addımdır.
-Subbakalavrların bakalavrlarla eyni auditoriyanı paylaşması məsələsinə dair da narazılıqlar var. İddia olunur ki, 80 balla qəbul olunub, 3 il kollec təhsili alanların intellektual səviyyəsi 400-500 bal toplayan bakalavrın intellektual səviyyəsinə adekvat deyil. Yəni, intellektual balans pozulur. Siz nə düşünürsünüz?
-Həmişə bunun əleyhinə olmuşam. Subbakalavrları universitetlərə bağladılar ki, onları ali məktəblərin özləri yığsınlar. Bununla da, peşə təhsili ləğv olundu, öldürüldü. Çünki universitet peşə təhsili verə bilmir. Mən bunun əleyhinəyəm. Çox böyük səhvdir. Bu, iki baxımdan yanlışdır. Birinci, peşə təhsilinin məhv olmasıdır, ikinci, onların gəlib, bakalavrlarla eyni auditoriyada oturub təhsillərini davam etdirməlidir. Burada istisnalar ola bilər. 50 adam qəbul olunmaq istəyirsə, onlardan 1-2 nəfər qeyri-adi nəticə göstərəni qəbul etmək olar. Amma onların hamısının qəbul edilməsi düzgün deyil. Bunu böyük səhv hesab edirəm.
-Ali məktəbə sənəd verib, DİM-in imtahanında uğur qazana bilməyən abituriyentlərin seçdiyi universitetə yenidən sənəd verib, hazırlıq kurslarına başlaması və bu kursu bitirdikdən sonra həmin ali məktəbin birinci kursuna qəbul olunması da gündəmdədir. Bunun effekti necə olacaq?
-Birincisi, belə bir qayda yoxdur. Bu, olduqca həssas mövzudu. Qiymətləndirmək çətindir. Universitetdən universitetə fərq var. Doğrudanmı, universitetlər hazırlığı güclü şəkildə həyata keçirəcək? Subbakalavrlarda olduğu kimi onu da korridor halına salacaqlar. Yəni, çalışacaqlar ki, təki uşaqlar universitetə doluşsunlar. Bu halda isə mənfi nəticələr əldə olunacaq. Bunun üçün müəyyən bir mexanizm düşünmək lazımdır. Amma hələ ki belə bir qərar qəbul edilməyib.
-Universitetdaxili imtahanlarda test sisteminin tətbiqi də müzakirələrə səbəb oldu. Bəzi ekspertlər bildirirlər ki, ali təhsil ocaqları şəffaflığı təmin edib, yazılı imtahanlara keçməlidirlər. Sizcə, yazımı imtahanlara keçid labüddürmü və bunun müsbət nəticəsi olacaqmı?
-İmtanlarda yazılı hissə ilə testi kombinasiya etmək daha ağlabatan olardı. Məsələn, riyaziyyat kimi fənnin imtahanını testlə aparmaq gülməli görünür. Riyaziyyatın gücü odur ki, tələbə məsələ, misal həll etsin, misal yazsın. Misalın həlli yollarını göstərsin. Yoxsa, a və b cavabını yazmaq mənasız işdir. Test isə bəzi fənnlərdə köməkçi rol oynaya bilər. Amma istənilən variantda yazı ilə testi kombinasiya etmək mümkün olar. Analitik məsələlərdə yazının rolu çox böyük olur. Biz çox vaxt o cür edirik. İmtahanlarda test az er tutur. Bəzi imtahanlarda isə yazı və test yanaşı gedir.
-Peşə təhsilinə diqqət çəkdiniz. İndiki dövrdə peşə təhsilinə, peşə məktəblərinin yetişdirdiyi kadrlara əmək bazarında olduqca böyük ehtiyac var. Amma kadrlar az yetişir...
-Peşə təhsili həddindən artıq ciddi məsələdir. Cəmiyyətin mərkəzi məsələlərindən biridir. Universitetə qəbul olunmayan insanlar peşə öyrənməkə xoşbəxt yaşaya bilərlər. Amma bizdə peşə təhsili sahəsində islahatlar çox azdır, yox səviyyəsindədir. Peşə məktəblərinin universitetlərə bağlanması peşə təhsilini məhv etdi. Universitetlər peşə sahəsi üzrə kadr yetişdirməkdə çətinlik çəkir. Məsələn, restoranlar aşpaz yetişdirir. Universitetlər bu işdə maraqlı deyillər. Onların profili başqadır. Hətta universitetlər bu işə girişsə, onu həmin profilə uyğun sənaye müəssisəsi ilə həyata keçirə bilərlər. Məsələn, iş verən desin ki, mənə bu cür kadr lazımdır, bizdə təcrübə keçəcək Amma siz onların dərslərini təşkil edin. Azərbaycanda peşə təhsilinin təkmilləşdirmək üçün üçün Almaniyanın təcrübəsindən faydalanmaq olar. «Mercedes» istehsal edən böyük müəssisədə işləyənlərin xeyli hissəsinin ali təhsili yoxdur. Orada montaj edən var, sxemləri yığan var. Onları xüsusi öyrədirlər. Amma onların öyrədilməsində “Mercedes» şirkətinin özü iştirak edir. Təcrübə keçirlər və sonradan onları işə götürürlər. İstehsal müəssisələri ilə təhsili təşkil edən qurumlar birgə çalışmalıdırlar.
.