Düşmən azğınlaşır: Ermənilərin qəbiristanlıqdakı vandallıqları…



…Xüsusi mərkəzlər tərəfindən hazırlanıb


"Bütün təbliğatlar və informasiya müharibəsi dediyimiz işləri də mərkəzdən idarə etmək lazımdır"



Rusiyanın məşhur sosial şəbəkələrindən birində bir qrup Ermənistan vətəndaşı tərəfindən Azərbaycanın Qarabağda yerləşən qədim qəbiristanlığındakı vandallıq aktı barədə yazılanlar böyük səs-küyə səbəb olub. Sosial şəbəkədə Artur Mejlumyan adlı erməninin bölüşdüyü şəkillərdə onun və yanında olan başqa ermənilərin iştirakı ilə azərbaycanlılara məxsus qədim qəbiristanlıqda başdaşıların təpiklənməsi, sındırılması və aşağılanması açıq-aydın görünür. 

Düşmən tapdağı altında olan Qarabağımızda çox sayda qədim qəbiristanlıq mövcuddur. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onların qəbiristanlıqlarını dağıdırlar. Bu vəhşiliklərin dünya ictimaiyyətinə çatdırlması baxımından gündəmdə saxlanmasında fayda var. Müvafiq beynəlxalq təşkilatlar və qurumlara müraciət edilməli, soydaşlarımıza qarşı olan hörmətsizliyi aradan qaldırmaq üçün lazımlı tədbirlər görülməlidir. 



Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı  “Şərq”ə bildirib ki, baş verən vandallıq ermənilərin əsl mahiyyətini bir daha sübut etdi. QAT sədrinin sözlərinə görə, düşmən hər zaman vəhşilik və barbarlığına görə tanınıb: 

“Ermənilər yalnız qəbiristanlıqları yox, həmçinin dini və mədəni abidələrimizi vəhşicəsinə talan edərək dağıdıblar. Sosial şəbəkələrdə bu məsələnin ictimailəşdirilməsi yaxşı haldır. Amma hesab edirəm ki, ermənilərin vəhşiliyinə dair bu faktlar rəsmi qaydada toplanmalı və beynəlxalq təşkilatlara çatdırılmalıdır. Daha sonra isə onların vandallığına qiymət verilməsi tələb olunmalıdır. Davamlı şəkildə bu istiqamətdə işlər getməli və dünya ictimaiyyətinə çatdırılmalıdır. Həm ictimai, həm də diaspor təşkilatlarımız müəyyən ölkə rəhbərlərinə məlumat verməlidir. Beynəlxalq təşkilatlar bu faktların maksimum şəkildə ictimailəşdirilməsi ilə məşğul olmalı, dövlət səviyyəsində işlər görülməlidir. Eyni zamanda Ermənistana qarşı sanksiyaların tətbiqi tələb edilməlidir”. 



Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri Asəf Quliyev bildirib ki, müxtəlif zamanlarda ermənilərin vəhşilikləri ilə rastlaşmışıq. O bildirib ki, məsələnin istər erməni, istərsə də azərbaycanlılar tərəfindən düzgün yozulmaması əslində nə bizə, nə də ermənilərə sərf edir: 

“Bəs, düzgün yozulmama nədən ibarətdir? Məlumdur ki, Ermənistanla Azərbaycan arasında ərazi münaqişəsi mövcuddur. Biz bütün dünyaya bunu təqdim etməliyik. Amma təəssüf ki, münaqişənin həll edilməsini istəməyən qüvvələr Dağlıq Qarabağı ərazi yox, milli münaqişə müstəvisinə çevirirlər. Yəni, ərazi münaqişəsini hər hansı bir formada həll etmək mümkündür. Amma milli münaqişənin həlli çox çətindir, bəlkə də mümkün deyil. Qarabağı milli münaqişə müstəvisinə çevirənlər istəmirlər ki, azərbaycanlılarla ermənilər heç olmasa yanaşı yaşasınlar. Demirəm ki, ermənilərlə azərbaycanlılar birgə yaşamalıdır. Amma milli münaqişə tərəfdarları yanaşı yaşamağı qısqanclıqla qarşılayırlar. Xüsusi mərkəzlər və maraqlı qüvvələr var ki, onlar yanaşı yaşamamaq üçün fəaliyyət göstərirlər. Ermənilərin qəbiristanlıq və törətdikləri digər vandallıqlar da məhz xüsusi mərkəzlər tərəfindən hazırlanıb. Çünki münaqişəni ərazi yox, milli münaqişə müstəvisinə keçirmək kimlərəsə sərf edir. Başa düşürəm ki, bütün bunlar xalqımızın hissiyatına toxunur, doğmalarını itirənlər və qaçqınlarımız var. Lakin məsələni milli münaqişəyə çevirməklə uduzuruq. Çünki bu gün faktiki olaraq ermənilər Qarabağda yaşayır. Bir məqamı dəqiq anlamaq lazımdır ki, ermənilər müharibənin müəyyən fazasını udublar və onların əlində müəyyən üstünlüklər var. Buna baxmayaraq dünya onların bu üstünlüklərini hüquqi cəhətdən təsdiq edib tanımayacaq. Digər tərəfdən isə dünya Qarabağı ermənilərsiz Azərbaycana da verməyəcək”. 

A.Quliyev qeyd edib ki, düşmənlə bağlı məsələlərə bir az soyuqqanlı yanaşmaq Azərbaycanın xeyrinədir: 

“Təbii ki, bu vandalizmə qiymət verilməli və onu törədənlərlə bağlı müəyyən iş aparılmalıdır. Amma dəqiq və hesablanmış iş görülməlidir. Bunun üçün də sosial şəbəkələr var. Bu gün müasir texnologiyalardan istifadə imkanı və bacarığı olan gənclərimiz var ki, onların münaqişə ilə bağlı biliyi azdır. Münaqişəyə dair bilikləri çox olanların da texnologiyalardan istifadə imkanları aşağıdır. Bu şəxsləri birləşdirib mərkəzdən idarə etmək lazımdır. Məsələn, Ermənistandakı QHT-lər bütün birgə layihələri ilə bağlı özlərinin xüsusi xidmət orqanlarına rəsmi məlumat verirlər. Bizdə isə bu yoxdur. Ona görə də idarə olunan bir mərkəz yaratmaq lazımdır. Yalnız bu hadisə ilə bağlı yox, ümumiyyətlə, Ermənistanla bağlı mərkəz yaradılmalıdır. Bütün təbliğatlar və informasiya müharibəsi dediyimiz işləri də mərkəzdən idarə etmək lazımdır. Belə yanaşma olmasa, 5-10 sosial şəbəkə fəalı bu barədə yazsa, yaxşı effekt verməyəcək”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu