Çox əmək verilib: Qərbi Azərbaycan icmasının bir qolu artıq televiziyadır
 

“Erməni yalanlarının, erməni saxtakarlıqlarının sonuna qədər ifşasında Qərbi Azərbaycan Televiziyasının böyük rolu olacaq"
 
 
 Mayın 1-də Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub. Tədbirdə İcma rəhbərliyi, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan televiziyası öz el-obasından deportasiya edilən soydaşlarımız barədə həqiqətlərin dünyaya çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olur. Sədr bildirib ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün imkanlarla təchiz olunub: "Tarixi torpaqlarımızdakı folklor mühitimizin, adət-ənənələrimizin, həmçinin son iki yüz ildə həmin ərazilərdə soydaşlarımıza qarşı həyata keçirilmiş etnik deportasiya və soyqırımların geniş ictimaiyyətə çatdırılmasında televiziyanın böyük rolu olacaq. Hesab edirəm ki, erməni yalanlarının, erməni saxtakarlıqlarının sonuna qədər ifşasında Qərbi Azərbaycan Televiziyasının böyük rolu olacaq".
 Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, televiziyanın rəhbəri Ülviyyə Zülfiqar bildirib ki, açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir. Onun sözlərinə görə, Qərbi Azərbaycan Televiziyası 2023-cü ilin 1 avqust tarixindən onlayn şəkildə fəaliyyət gəstərirdi: 
"Həftədə 4 dəfə efirə çıxırdıq, 2 dəfə Azərbaycan, 2 dəfə rus dilində. Lakin tam təchizatlı yeni binamızdan Azərbaycan həqiqətlərini təqdim etmək, soydaşlarımızın geri qayıdışı ilə bağlı görülən işlərə dəstək olmaq üçün həftədə 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla 2 saat boyunca efir yayımlayacaq. Üstəlik, həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub. Ümid edirik ki, Qərbi Azərbaycan Televiziyasını elə Qərbi Azərbaycanın özündən yayımlamaq qismət olar".
 Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü Vəsilə Əkbərova deyib ki, bura çox əmək verilib: "Qərbi Azərbaycan İcmamızın bir qolu da artıq bu televiziyadır. Bu bina da bizə doğmadır. Qərbi Azərbaycan və İrəvan xan sarayı mətbəxi elə zəngin və dolğun tarixə malikdir ki, onu işıqlandırmağı belə hamı özünə borc bilir".
 Məlumat üçün deyək ki, televiziyanın ənənəvi verilişləri olan “Müzakirə vaxtı”, Xəbər buraxılışı, “İnsan Hekayəsi” kimi verilişlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”,  Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə” o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri maddi – mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”,  “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi verilişlər də yayımlanacaq. Televiziyanın binasında sözügedən verilişlərin çəkilməsi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb.