Almaniyalı deputat Berlinin siyasi kursunun ziddinə gedir -RƏY

Frank Şvabe bütün fəaliyyəti dövründə Fransanın çaldığı havaya oynayıb
 
 
 Avropa Parlamentinin almaniyalı deputatı Frank Şvabe ilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov arasında "söz dueli" aprelin 30-da başlayıb. Buna səbəb Frank Şvabenin "X" hesabındakı paylaşımda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi olub. S.Seyidov ona cavab olaraq bildirib ki, Şvabenin bu hərəkətləri siyasi terrorçuluqdur: "Adıçəkilən siyasətçi hər şeydən əvvəl beynəlxalq hüquq normalarını tapdalayır". Onun sözlərinə görə, almaniyalı deputat Frank Şvabe həm özünü, həm də AŞPA-nı məhv edir: "Frank Şvabe qorxur. Məhz bu qorxu təhqirlərə sövq edir. O, yalanları həqiqət kimi qəbul edir. Sözlərində nifrət nə qədər çox olarsa, bir o qədər siyasətçi kimi batacaqsan, həm özünü, həm də AŞPA-nı məhv edəcəksən". AŞPA-da Azərbaycan düşməni kimi tanınan deputat Frank Şvabe geniş ictimaiyyətə çoxdan tanışdır. Məlum olduğu kimi, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklifini də o vermişdi. Reallıq ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları formalaşıb. Həmin qruplar müxtəlif maraqlara xidmət edirlər və öz məqsədlərinə nail olmaq üçün yalan informasiyalardan istifadə edirlər, qərəz və təzyiq kampaniyaları aparırlar. Erməni lobbisinin simpatiyasını qazanmaq arzusunda olan Şvabe diplomatiyanı, siyasəti və etik normaları unudaraq növbəti dəfə çirkli sifarişi yerinə yetirir.

 Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, almaniyalı deputat Frank Şvabe bütün fəaliyyəti dövründə Fransanın çaldığı havaya oynayıb. Ekspert qeyd edib ki, F.Şvabe, həqiqətən də, Almaniya dövlətinin, Bundestaqın və bütövlükdə Berlinin siyasi kursunun ziddinə gedir: 
"Şvabe Fransanın cızdığı xətt üzrə hərəkət edir. Ona görə də anti-Azərbaycan hərəkatının faktiki olaraq başında yer alır. Burada təəccbülü nəsə yoxdur. Görünür, adamın Fransaya və ermənilərə bir bağlılığı var. Bəzən sadəlövhcəsinə düşünürük ki, avropalıdırsa, deməli, rüşvətdən, korrupsiyadan uzaqdır. Elə şey yoxdur. Avropalıların, almanların içində də rüşvətxoru yox deyil. Əlbəttə ki, Səməd Seyidovun Milli Məclisin komitə sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Şvabeyə layiqli cavab verməsi vacibdir".