Bizdəki etnik qruplar bir ailənin üzvləri kimi yaşayırlar. Bu baxımdan çoxlarına örnək ola bilərik
"VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur". Bunu Prezident İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub: "Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub". Prezident qeyd edib ki, Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır: “Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir”. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır: "Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik. Multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir". Dövlət başçısı müharibədən sonra regionda yaranmış vəziyyətdən də danışıb. Prezident Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik: "Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır. Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuz illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər".
Millət vəkili Sahib Alıyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan qlobal mahiyyətli 3 beynəlxalq forumun keçirilməsi təşəbbüsü ilə çıxış edib. Deputatın sözlərinə görə, bu təşəbbüslərin üçü də məhz 2011-ci ilə təsadüf edir:
"2011-ci ildə Azərbaycan neftdən əldə edilən böyük gəlirləri bir tərəfdən ordu quruculuğuna, inkişafına sərf etdi, digər yandan yumşaq güc potensialını artıracaq addımlar atmağa başladı. Budəfəki Forum da həmin prosesin nəticəsi, tərkib hissəsidir. Bakı Prosesi Təşəbbüsü 2008-ci ildə irəli sürülüb. Üç ildən, yəni təsdiqləndikdən sonra həm indiki, həm də Bakı Qlobal Humanitar Forumu keçirildi. 2013-cü ildən isə Bakı Qlobal Forumu keçirilir. Üç Forum da Azərbaycanın yumşaq güc potensialının formalaşdırılmasına mühüm rol oynayan beynəlxalq tədbirlərdir. Konkret olaraq VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna gəldikdə isə Forum ilk növbədə Azərbaycan-Ermənistan arasındakı qarşıdurmanı "sivilizasiyalararası toqquşma" kimi təqdim edənlərin qarşısına sədd çəkməyə xidmət edir. Azərbaycan belə forumlarla Qərbdəki bəzi çevrələrə göstərir ki, mövcud problemlər heç də torpaqlarımızda yaşayan haylara qarşı ayrı-seçkilikdən irəli gəlmir. Cənab Prezident Forumda vurğuladı ki, Azərbaycanda mədəniyyətlərarası münasibətlər əsrlər boyu formalaşmış məsələdir və multikultural dəyərlər bizim üçün mücərrəd anlayış deyil, həyat tərzimizdir. İndiyədək on mindən artıq ictimai rəy liderləri Azərbaycanda səfərdə olublar. Onların arasında yüksəkvəzifəli siyasətçilər, parlamentarilər, din xadimləri və jurnalistlər olub. Forumlar çərçivəsində 200-dən artıq tədbirlər keçirilib. Təbii ki, bunlar bir tərəfdən Azərbaycanın tolerant ölkə kimi imicinin formalaşdığını, ölkəmizin mədəniyyətlər müxtəlifliyinə qarşı çıxmadığını ortaya qoydu. Cənab Prezident Forumda çıxışı zamanı bildirdi ki, bizdəki etnik qruplar bir ailənin üzvləri kimi yaşayırlar. Bu baxımdan çoxlarına örnək ola bilərik. Gücümüz də bundadır. Qlobal müstəvidə sabitliyə töhfə vermək baxımından, Azərbaycanın öz həyat tərzini təbliğ etmək baxımından önəmli tədbirdir".
Parlamentari qeyd edib ki, Prezident bəzi ölkələrin digər dövlətlərin daxili işlərinə qarışımaq üçün nələrsə uydurduqlarını vurğulayıb:
"Amma o yerdə ki insan haqları, özü də dini zəmində kobudcasına pozulur, ona göz yumurlar. Fransada 2021-ci ildə islamafob qanun qəbul edildi. Həmin qanunun qəbulunda Fransa prezidentinin müstəsna xidməti oldu. E.Makron açıq şəkildə islamı separatçılıqla bərabərləşdirdi. Bununla bağlı humanitar təşkilatlardan heç biri səsini çıxarmadı. Ümumiyyətlə, Avropa Birliyi ölkələrinin qanunvericilik orqanı olan Avropa Parlamentində qanun pozuntuları, insan haqları ilə bağlı hansısa çıxışa rast gəlmişikmi? Amma ayrı-ayrı ölkələrin daxili işlərinə qarışırlar. Özü də məhz yırtıcı güclərin diktəsi altında bunu edirlər".
S.Alıyev dövlət başçısının sülhlə bağlı bəyanlarını da şərh edib:
"Prezident İlham Əliyev Minsk qrupunun həmsədrləri arasında heç bir fərq qoymur. Xatırlayırsızsa, andiçmə mərasimində çıxışı zamanı dövlət başçısı açıq formada bildirdi ki, Minsk qrupu həmsədrlərindən heç biri Azərbaycan torpaqlarının işğaldan azad edilməsində maraqlı deyildilər. Amma artıq Rusiya bu reallığı qəbul edir. Digər iki həmsədr ölkə - ABŞ və Fransa isə təəssüf ki, qəbul etmir. Fransa da odun üstünə yağ atır. Cənab Prezident bu Forumda dediklərini ABŞ Dövlət katibi E.Blinkenlə telefon danışığında da ona açıq bildirdi. Telefon zəngi ilə bağlı rəsmi açıqlamaya diqqət yetirin. ABŞ Dövlət katibi dedi ki, Vaşinqton sülh gündəliyinin irəliləməsində, tərəflər arasında münasibətlərin qurulmasında yenə öz səylərini göstərməyə hazırdır. Cənab Prezident də cavabında vurğuladı ki, Azərbaycanla Ermənistan arasında delimitasiya məsələsi ikitərəfli danışıqların nəticəsidir. Sülh danışıqları ilə Azərbaycan çıxış edib və müzakirələr Bakının irəli sürdüyü prinsiplər əsasında həyata keçirilir. Həmçinin Azərbaycan-Ermənistan XİN rəhbərlərinin Qazaxıstanda görüşü gözlənilir. Almatıdakı görüş də Almaniyadakı kimi vasitəçisiz olacaq. Astana sadəcə platforma təqdim edir. Dövlət başçısı diplomatik incəliklə ABŞ-nin Dövlət katibinə dedi ki, siz maneçilik törətməyin, köməyə ehtiyacımız yoxdur. İkitərəfli danışıqlarda daha çox nəticə əldə edirik. Bizi sülhə çağırmağa da ehtiyac yoxdur, çünki sülh çağırışı ilə çıxış edən, gündəliyi təqdim edən Azərbaycandır. Ölkə rəhbəri öz nikbinliyini ifadə etdi ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Azərbaycan və Ermənistan heç zaman olmadığı qədər sülhə yaxındır. Artıq delimitasiya və demarkasiya prosesinə başlayıblar. Danışıqların qarşıda çox ümidverici mərhələsi var".