COP29 çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan Bakıya gələcək
İrəvan-Bakı arasında sülh əldə olunandan sonra Ermənistanla Türkiyə arasında da sərhədlər açılacaq, sazişlər imzalanacaq, münasibətlər qurulacaq
Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi istiqamətində atılan addımlar bir reallıqdır. Artıq ortada faktlar var və iki ölkə arasında ilkin mərhələdə 35 sərhəd dirəyi basdırılıb. Bu, tezliklə Bakı və İrəvanın sülh sazişi imzalayacağına və normallaşma prosesinin uğurla davam edəcəyinə ümidləri artırır. Azərbaycanla Ermənistan arasında danışıqların birbaşa və ikitərəfli davam etməsi də nəzərdə tutulan yaxınlaşmaya impuls verir. Onillər ərzində beynəlxalq vasitəçilərin iştirakı ilə keçirilən görüşlərin tərəflərə heç bir faydası olmadı, lakin rəsmi Bakı ilə İrəvanın birbaşa, vasitəçilərsiz danışıqları məhsuldar nəticələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib: “Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər”.
Bu günlərdə Ermənistan parlamentində müxalifət sayılan qruplaşmanın demarkasiyaya dair bəyanat layihəsi rədd edilib. Layhənin müəllifi keçmiş prezident Robert Koçaryanın sponsoru olduğu “Hayastan” fraksiyasıdır. Onlar baş verənləri təhrif etməklə ölkədə qarşıdurma yaratmağa, eyni zamanda hökumət başçısı Nikol Paşinyanı istefaya göndərməyə çalışıblar. Göründüyü kimi, Azərbaycanın bütün ərazisi üzərində suverenlik hüquqlarını bərpa etməsi bölgədə yeni reallıqlar yaradıb. Bu reallıqlardan irəli gələn əsas vəzifələrdən biri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Cənubi Qafqazda təhlükəsizliyin bərpasını təmin etməkdir. Bölgədə sülhün bərqərar olması ilk növbədə bölgə ölkələrinin mənafeyinə xidmət edəcək.
Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında bütün məsələlər ikitərəfli, qarşılıqlı razılaşma əsasında həllini tapır. Ekspert vurğulayıb ki, artıq delimitasiya, hətta demarkasiya prosesi başa çatıb:
"Əminəm ki, bundan sonra tərəflər qarşılıqlı şəkildə müzakirələri davam etdirərək problemləri həll edəcək və irəliyə doğru gedəcəklər. Razılaşmanın nəzəri əsası nəhayət ki, tapılıb. Bu da Almatı Bəyannaməsidir. Tərəflər razılaşıblar ki, proses mövcud xəritələr əsasında həyata keçirilsin. Azərbaycan tərəfi təklif edir ki, əhalinin sıx yaşadığı yerlərdə əvvəlki inzibati xəritələr, sərhəd xətləri onsuz da bəlli idi, sərhədlərin müəyyənləşməsi də həmin yerlərdən başlansın. Sərhədin 60-70 faizi delimitasiya və demarkasiya ediləndən sonra yerdə qalan 30-40 faizi yavaş-yavaş, qarşılıqlı güzəştlər əsasında həllini tapacaq. Əminəm ki, bu ilin sonunadək, COP29 tədbirindən əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Hətta COP29-da Ermənistan Baş naziri Nikol Paşinyanın Bakıya gələcəyini düşünürəm. Burada şişirdiləsi məsələ yoxdur. Dünya dövlətlərinin rəhbərlərinin əksəriyyəti Bakıya gəlirsə, Nikol Paşinyan niyə gəlməsin? Sülhdən sonra Ermənistan normal əməkdaşlıq edəcəyimiz qonşu dövlət olacaq. Aramızda müharibə olmayacaq. İrəvan-Bakı arasında sülh əldə olunandan sonra Ermənistanla Türkiyə arasında da sərhədlər açılacaq, sazişlər imzalanacaq, münasibətlər qurulacaq. Artıq bütün sənədlər hazırdır. Bu da Cənubi Qafqaz bölgəsinə əmin-amanlığın gəlməsi deməkdir".