"Özündən demək olmasın, zəkalı insanlar təklikdə darıxmır " -  QAN TURALI 

"Ev işləri görməklə yorğunluğumu çıxarır, başımı dincəldirəm" 
"Filmlərə baxıram, günün böyük hissəsi isə koronavirusla bağlı xəbərləri, məqalələri oxumağa, yutub videolarına baxmağa gedir"
 "Nə yalan deyim, bu aralar kitab  oxumağa bir o qədər də həvəsli deyiləm"




Koronovirus infeksiyasının əhatə dairəsi hər gün bir az daha  genişlənir. Dünyanın ən inkişaf etmiş ölkələri belə  virusla mübarizədə məğlub duruma düşüblər. 
Azərbaycan dövləti isə baş verənlərdən nəticə çıxarıb, pandemiyanın ölkədə tüğyan etməsinin qarşısını almaq üçün  bütün gücü ilə çalışır. Müxtəlif izolyasiya  tədbirlər həyata keçirir, insanları narahat edəcək məsələlərin həlli üçün müvafiq iş planları hazırlayır.

Hazırkı vəziyyətdə vətəndaşlarımızın üzərinə də böyük vəzifə düşür. Ölkə ərazisində xəstəliyin geniş vüsət almaması üçün Operativ Qərargahın qərarlarına ciddi əməl etməliyik. Diqqətli və məsuliyyətli olsaq bu bəladan daha az itki ilə çıxa bilərik.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirus təhlükəsi ilə əlaqədar insanlara "Evdə qal, həyatları xilas et!" çağırışı ilə müraciət edib. Çalışın, evdə qalın, evdən çıxmayın. 

Koronavirus infeksiyası ilə mübarizə tədbirlərini dəyərləndirmək üçün bu dəfə  yazar Qan Turalı ilə əlaqə saxladıq.
 
-Tural bəy, əsas gündəm koronavirusdur. Azərbaycanda koronavirusla mübarizə  üçün xüsusi karantin elan edilib.  Bir çox obyektlər,  iş yerləri, təhsil müəssisələri bağlanıb. Tətil müddəti uzadılıb. Necə dəyərləndirirsiniz atılan addımları?



- İndiki reallıqda evdə qalmaq çağırışları çox əhəmiyyətlidir.  Lakin bu sahədə  bir çatışmazlıq var. Ya bu “evdəqal” tövsiyyələri cəmiyyətə düzgün çatdırılmır, ya da cəmiyyət başa düşmək istəmir. Əslində görünən odur ki, dünya əhalisinin 60-70 faizi koronavirus pandemiyasına yoluxacaq. Ölkələrin səhiyyə sistemi, kadr potensialı, tibbi ləvazimatları, yataqları, oksigen balonları bu qədər insanı nəzarətdə saxlamaq gücündə deyil. Ona görə də yoluxmanın azaldılması mütləqdir. Bunun üçün də sosial izolyasiya vacib şərtdir. 

Hər bir dövlət üçün onun xalqı hər şeyən vacibdir. Hakimiyyətin mənbəyi xalqdır. Və bir dövlətin də ən vacib resursu elə onun xalqıdır. Misal üçün, fikir verin, Almaniya yoluxan insanları belə evə buraxır. Bizdə isə xaricdən gələnləri məcburi şəkildə karrantinaya alırlar. Niyə belə edirlər? Çünki dövlət də yaxşı bilir ki, bu insan evdə qalıb özünü sosial izolyasiya etməyəcək. Rayondan qohum-əqraba tökülüb gələcək. Ona görə də maariflənmiş xalqın əhəmiyyəti bir daha önə çıxır. 

-İnsanlara evdə qalmaq tövsiyyə edilir. Hətta "evdəqal" kampaniyası başladılıb. Siz necə əməl edirsiniz bu karantin qaydalarına?  Yazarlar azad ruhlu olur, çətin deyil ki evdəqalmaq...

-Müəyyən qədər bu epidemiyanın  yayılma sürətini azaltmaq üçün  evdəqalmaq  məqsədəuyğundur. İnsanlarımız anlamalıdır ki, bu təcrübə təkcə Azərbaycanda yox, bütün dünyada tətbiq olunur. Əhalinin təhlükəsizliyini və sağlamlığı üçün bu cür karantin tədbirlərinin görülməsi əlbəttə ki, vacibdir. Əks halda koronavirusa yoluxan və ölən xəstələrin sayı həndəsi silsilə ilə sürətlə artar. Dövlət də zəruri iqtisadi addımları atmağa hazırlaşır. 

-Evdə nə işlə məşğul olursunuz?


 
- Adi vaxtlarda nə işlə məşğul olurdumsa, karantin müddətində də həmin işlərlə məşğulam. Düzdür, işə getmədiyimiz üçün indi boş vaxtlarımız daha çox olur. Ev işləri görməklə yorğunluğumu çıxarır, başımı dincəldirəm. Filmlərə baxıram, günün böyük hissəsini isə koronavirusla bağlı xəbərləri, məqalələri oxumağa, yutub videolarına baxmağa gedir. Arada nəsə yazmağa çalışıram.  Nə yalan deyim, bu aralar kitab  oxumağa bir o qədər də həvəsli deyiləm. Qısaca, tək yaşamağıma rəğmən  darıxmıram. Özündən demək olmasın, zəkalı insanlar təklikdə darıxmır. Ömrü boyu tək yaşamış Şopenhauer deyirdi ki, axmaq adamların boş vaxtı necə də mənasızdır. Bir çoxları bu mənasızlıqdan əziyyət çəkir. Halbuki bütün gözəl əsərlər təklikdə yazılıb. Budda 28 Mol-da özünü dərk edə bilməzdi. Həzrəti Məhəmməd peyğəmbərlikdən əvvəl günlərlə Hira mağarasına qapanır, özünü anlamağa çalışırdı. Təbii ki, biz onlar deyilik. Sadəcə deməyim odur ki, bu təklik bizim mənəvi intibahımızı da şərtləndirəcək.

- Yaradıcılıq işləri necə gedir? Virus təşvişi fikirlərinizi cəmləməyə mane olmur ki?

Yaradıcılıq işləri demək olar ki, getmir.  Boş vaxtım var, oturum roman yazım deməklə olmur. İstər istəməz dünyada baş verən proseslər, cəmiyyətdəki təşviş,  virusla bağlı bizi gözləyən vəziyyət adamı narahat edir. Belə bir vəziyyətdə fikrimi toplayıb ciddi bir əsər yazmağım real deyil. Məşhur tarixçi Haririnin dediyi kimi bu pandemiya dünyanın tarixindəki ən güclü epidemiyadır.. Ölüm sayına görə bir o qədər ürküdücü olmasa da, koronavirusun yoluxma sürəti həddindən artıq yüksəkdir. 1920-ci ildə ispan qripi  yayılan zaman bütün dünya ölkələri müharibə ab- havasında olduğu üçün mətbuata senzura qoyulmuşdu. Heç nəyi şeyi yazmaq olmurdu. İspaniyada isə belə bir senzura yox idi deyə, jurnalistlər əldə etdikləri bütün məlumatları sərbəst şəkildə yaza bilirdilər. Ona görə bütün dünyada bu qripin İspaniyada yayılması kimi bir təəssürat yaranmışdı, halbuki Amerika mənşəlidir və bu qripin İspaniya ilə heç bir əlaqəsi yox idi. 

Bu gün isə KİV vasitələri üçün belə bir senzura mövcud deyil. Koronavirusla bağlı bütün gerçəklər əlçatandır. Bəzi ölkələr sosial mediaya müəyyən məhdudiyyətlər qoymağa çalışsalar da, informasiya blokadası dağılır və  insanlar baş verənlərdən xəbərdar olurlar. İnsanlarda narahatlıq və təşviş yaradan da məhz bu informasiya bolluğudur. Avropadan gələn yoluxma və ölüm xəbərləri istər- istəməz insanların canına qorxu salır. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda  pandemiyanın psixoloji fəsadları daha artıq olacaq, nəinki yoluxmaya görə. Məncə, həyata keçirilən profilaktik tədbirlərdən əlavə, Səhiyyə Nazirliyi bir “qaynar xətt” xətt yaratmalı və insanlara psixoloji dəstək təklif olunmalıdır. İndiki  situasiyada bu çox vacib və əhəmiyyətli məsələdir. Çin bunu uğurla tətbiq etdi. Həkim eyiləm, lakin mənə elə gəlir ki, bu panikanın insanların səhhətinə vurduğu ziyan virusun özünün vurduğu ziyandan daha artıq olacaq. 

- Qidalanma rejiminizə necə diqqət edirsiniz?  İmmunitet artırmaq üçün hansı qidalardan istifadə edirsiniz?

Bütün gün evdə olduğum üçün çox yeyirdim. Dünəndən etibarən boşqabların həcmini kiçiltmişəm. Yemək sayını da azaltmışam. İmmunitetimi qaldırmaq üçün spesifik qidalardan istifadə etmirəm. Hər zaman istifadə etdiyim qidalardan yeyirəm. Mən pis nümunəyəm. Gündə 2 qutu siqaret də çəkirəm. Ona görə də insanlar məndən nümunə götürməsələr yaxşıdır 

- Ölkəmizdə bir çoxları epidemiyanın olmadığını iddia edir. İnsanları inandırmaq üçün nə etmək lazımdı?

-Nədənsə, bu cür ağır dövrlərdə cahillik və nadanlıq kimi xüsusiyyətlər daha çox özünü biruzə verir. Həyatı boyunca qeyri sağlam qidalardan istifadə edən insanlar elə bilir ki, 5 gün zəncəfilli çay içib, 2 diş sarımsaq yeməklə  ömrü uzanacaq. Fəlsəfədə cəmiyyət haqda biz belə deyirdi: “Cəmiyyət bütöv özünü tənzimləyən sistemdir”. İnsan bədəni  elədir. Əks təqdirdə, virusa yoluxan bu qədər adam sağalmazdı. Bütün bunlar bədənin daxili immuniteti hesabına baş verir.  Bu imuniteti isə çoxdan qorumaq lazım idi. Lakin indinin özündə belə qidalanmaya diqqət etmək lazımdır. Bu haqda həkimlər daha yaxşı danışar. Ancaq mən psixoloji epidemiyadan qorxuram. Savadsızlıq səviyyəsi çox yüksəkdir. Söhbət təhsildən getmir. Təhsilsiz adam da savadsız ola bilir. 

Humanitar təhsilli olsam da, vaxtaşırı internetdə araşdırmalar aparır, ağı qaradan seçmək üçün  vacib məlumatları oxuyub, öyrənirəm. Və qənaətim budur ki, koronavirusla bağlı Azərbaycan və dünya mətbuatında qeyri peşəkar şərhlər həddindən artıq çoxdur. Bunun qarşısını  almaq inzibati cəzalar tətbiq edilməlidir ki, insanların hissləri ilə oynamasınlar. Dünən yerli KİV-lərdən birində məlumat yayılıb ki, Amerikalı filan alim təkamül nəzəriyyəsinə inanmır və koronavirusun dərmanını tapıb, onunla xəstələri müalicə edir.  Guya Ağ Ev də tapşırıq ki, həmin vaksinin tətbiqinə başlanılsın. Həmin  saatlarda  mətbaut konfransı keçirən ABŞ prezidenti Donald Tramp açıqlama verdi ki, yüz min adam ölsə, biz deyərik yaxşı qutarmışıq.  Odur ki, bu cür adamların koronavirus üzərindən özünü reklam etməsinə şərait yaratmaq düzgün deyil. Və mən jurnalistlərdən xahiş edirəm. Oxuyun, məlumatlanın, ekspertləri düzgün seçin. Saxta şərhləri yaymayın. Bu dövrdə bütün cəmiyyət eləcə də dövlət imtahan verir. Biz də o cürə.

 
-Virusla bağlı müxtəlif iddialar var. Kimisi bioloji silahdır deyir, qəsdən yayıblar. Kimisə də qidalanmasının iyrənc olmasına görə Çini günahlandırır. Siz mütaliəli adamsınız. Nə fikirdəsiniz bu virusun bu qədər yayılma təhlükəsi ilə bağlı?

- Koronavirusun genetik strukturunu araşdıranlar bu virusun  labaratoriyada hazırlanan bioloji silah olması kimi iddiaları təsdiqləməyib. Onların  yekun rəyinə görə, koronavirus infeksiyon bir xəstəlikdir. Onlar deyir ki, virusin genetik strukturuna baxdıqda çox asanlıqla onun snüi hazırlandığı görünür. Bu virus Çini çökdürmək üçün hazırlanmış olsaydı, bu gün Avropa ölüm qalım savaşı verməzdi.

Virusu yaymaqda ittiham olunan Amerikanın özündə belə artıq vəziyyət nəzarətdən çıxıb,  gündəlik ölü sayı yüzlərlə ölçülür. Koronavirusun dostu- düşməni yoxdur. Pandemiya bütün ölkələrə qarşı mərhəmətsizdir.  Tək Nyu Yorkda 37 min adam koronavirusa yoluxub. ABŞ-ın bu qədər riskə gedəcəyini zənn etmirəm. 

Sözsüz ki, bu proseslərin siyasi, iqtisadi, hətta fəlsəfi nəticələri var.   Demək olar ki, koronavirus kapitalizmin iflasına gətirib çıxardı. Bəli, ABŞ tibb sahəsində çox güclüdür. Görün, tibb üzrə nə qədər Nobel almış alimləri var. Büdcəsi milyardlarla ölçülən labaratoriyaları var. Harvardın büdcəsi 40 milyard dollardır. Təsəvvür edirsinizmi? Amma... Bu nemətlərdən ancaq bir ovuc adam faydalana bilir. Dəhşət budur. Dünya bunu gördü. Eləcə də digər ölkələr. İtaliya səhiyyəni tamamilə özəl sektora vermişdi. Nə oldu? İspaniya dövlət olaraq bütün xəstəxanaları milliləşdirdi. Bu gün ABŞ-ın ən nəhəng firmaları belə dövlət nəzarətinə keçir. Dövlətin sifarişlərini yerinə yetirir. Elan Musk Marsa uçasıydı. Amma ABŞ-da milyonlarla insanın səhiyyə sığortası yoxdur. Bu o deməkdir ki, sabah sən xəstələnsən ölüb qalacaqsan. Çünki sığorta olmadan o böyük xərcləri çəkmək mümkünsüzdür. Bəs deyirdilər ki, kapitalizm dünyanı xilas edəcək? Virus varlı- kasıb tanımadan bir növ sosialist inqilabı etmiş oldu. Dünya  ölkələri bu gün baş verənlərdən nəticə çıxarmalı və səhiyyə və təhsil sisteminə diqqət ayırmalıdır. Ümumi vəziyyət göstərir ki, bu günə qədər ən güclü səhiyyə sistemini Almaniya qurub. Məhz bu gücləri hesabına  digər Avropa ölkələri ilə müqayisədə durumları daha qənaətbəxşdir. İnanıram ki, koronavirus təhlükəsi başa çatandan sonra dünya   gözəl, insanlar isə daha  humanist olacaq. 
Bu günlərdə hamıya səbir və təmkin arzulayıram. İnanıram ki, başı min bir bəla çəkmiş bəşəriyyət və eləcə də vətənimiz Azərbaycan bu sınaqda uğurla çıxacaq. 








Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu