Kinomuzun yaraşıqlısı – Ələsgər İbrahimovu xatırlayacağıq. Yenə uzun-uzadı axtarışlar başladı. Axtarışlarda mənə kömək edən, istiqamət verən kolleqalarıma ilk növbədə təşəkkür edirəm. Nəhayət, axtardığımı tapdım. Və indiyədək hazırladığım müsahibələr – istər həyatda olan şəxslər, istərsə də onların ailə üzvləri, dostlarına etdiyim müraciətlər zamanı heç birindən eşitmədiyim sual verildi mənə: “Siz niyə onun barəsində yazmaq istəyirsiniz?”. Əlbəttə ki, cavabım vardı. Amma “mənə qəribə gəldi” də deməliyəm. Sualı verənsə mərhum aktyorumuzun qardaşı oğlu Əliağa İbrahimov idi. Ələsgər İbrahimovdan yazmaq üçün səbəblər çoxdur. Başlayım sadalamağa.
Ələsgər Əliağa oğlu İbrahimov Azərbaycan kinosunun həqiqətən də ən yaraşıqlı aktyorlarından biri olub. Bunu kimsə inkar etməz. Ələsgər İbrahimov 9 filmdə çəkilib. Baş rollar da var, ikinci dərəcəlilər də. Əsas rolları – “İnsan məskən salır” – Ramiz, “Yeddi oğul istərəm”də Zalımoğlu, “Torpaq, dəniz, od, səma” filmində Kamil obrazlarının öhdəsindən məharətlə gəlib. İxtisasca aktyor olmadığı halda. Sonra “Ömrün ilk saatı”, “Arxadan vurulan zərbə”, “Bizi dağlarda axtarın”, “Dvorjakın melodiyası”... əvvəlki filmlərdəki kimi monumental obrazlar olmasa da, Ələsgər İbrahimov çəkiciliyi, cazibədarlığı yenə özünü büruzə verir. Başqa, daha əsaslı, təsirli səbəblər də var:
Ələsgər İbrahimov həyatının, bəlkə sənətinin də çiçəklənən dövründə - 40 yaşında dünyayla vidalaşıb!..
Ələsgər İbrahimov dünyayla həm də nakam vidalaşıb!..
Ailə qurmayıb!.. Yadigarı yoxdur!..
Ailə üzvləri var, amma. Qeyd etdim bunu.
Digər səbəb, haqqında gəzən şayiələr, ağızdan-ağıza gəzən sözlər, istinad olmadan haqqında yazılan yalanlardır. Kimə, nəyə istinad edilib bu materiallar hazırlanarkən? Bir şəxsin ailə qurmaması, övladlarının olmaması onun “kimsəsiz”, "tənha" kimi tanıdılmasına haqq vermir. Ələsgər İbrahimov kimsəsiz deyildi. Tənha, təkbaşına da vəfat etməyib. Bəli, ağır xəstə olub. Amma yanında anası vardı. Qardaşları vardı. Böyük ailə vardı!
Mərhum aktyorumuzun qardaşı oğlu Əliağa İbrahimovla söhbət edirik.
Ailələrindən, baba mülklərindən, nənəsi Əminə xanımdan, Sara bibidən (Əminə xanımın anası), babası Əliağadan, atası Tofiqdən (Ələsgər İbrahimovun böyük qardaşı), erkən yaşda rəhmətə getmiş əmisi Paşadan və daha kimlərdən, nələrdən danışır. Böyük nəsildir, həm də əsilli-köklü.
- Evimiz İçərişəhərdə, Tverskoy küçəsində idi (hazırda Mirzə Mənsur küçəsi). Atamın babası Sınıq minarənin yanında ikimərtəbəli ev tikdirmişdi. Ailəmiz uzun illər orda yaşayıb. Sonra... bizi köçürdülər mikrorayona. Evimizin yerindəsə hotel tikildi... O evin babamın mülkü olmasına dair Bakı qubernatorunun möhürlü sənədi var. Babam Əliağa müharibədə yaralanıb qayıdıb, 1957-ci ildə vəfat edib. Əminə nənəm ailəni bir yerə cəm edə bilən, ailəni sağlam tutmağı bacaran qadın olub. Müharibə illərində hərbi formalar tikilən sexdə işləyib. Nənəm həm də mahir aşpaz idi. Onun bişirdiyi yeməkləri kimsə təkrarlaya bilməzdi. Atamgil 4 qardaş 1 bacı olub. Böyükləri mənim atam Tofiq idi. Sonra bibim Zərifə, ardınca da Ələsgər, Rafiq, Paşa. Babamgil bir tərəfdən Üzeyir bəylə də qohumdur. Babamın əmisi oğlu Terequlovlardan qız alıb, qohum olub onlarla. Bildiyim qədər, Üzeyir bəy sonra o ailədən bir qızı övladlığa götürüb. Amma babamın əmisigil şərt kəsiblər ki, uşaq atasının soyadını daşıyacaq. Uşağın adı Zivər, soyadı isə İbrahimova idi.
“Nə kino?!. Getsin, dərslərini oxusun!”
- Əliağa müəllim, əminiz haqqında yazılan məlumatlarda nə səhv, nə düzdür? Sizinlə söhbət etməkdə əsas məqsədim yanlışları üzə çıxarmaqdı.
- Elə mən də yanlışları düzəldəcəm. Birincisi, Ələsgər İbrahimovun böyük kinoya gəlişinə görə biz tamaşaçılar mərhum Ədil İsgəndərova minnətdar olmalıyıq. Bəli, onu kino çəkilişinə rəhmətlik Arif Babayev dəvət edib. “Azneft” meydanında görüb əmimi. Yaxınlaşıb soruşub ki, kimsən, kimlərdənsən, o da cavab verib ki, İçərişəhərdə oluruq, Tofiqin qardaşıyam. Arif rəhmətlik də atamı tanıyırdı, gəlib bizə, atama deyib ki, Ələsgəri kinoya çəkmək istəyir. Atam sərt adam idi, qayıdıb ki, “bizim ailədə bu vaxtadək (bu ifadəni sənətkarlarımızdan dönə-dönə üzr istəyərək deyirəm) “matişgə” olmayıb”. Bilirsiz də, İçərişəhər mühiti fərqlidir. Hər adam razı olmazdı ailəsindən kimsə aktyor, aktrisa olsun (İçərişəhərə bələd birisi kimi təsəvvür edirəm Tofiqin reaksiyasını, hətta üz cizgilərini, səsinin tonunu da – M.R.). Rəhmətlik 2 dəfə gəlib evimizə. Amma atam razılıq verməyib. Sonra məsələni o vaxt kinostudiyanın direktoru Ədil İsgəndərova deyib. Bir gün Ədil İsgəndərov atamı çağırıb kinostudiyaya. Deyib ki, Tofiq, indi hansı zəmanədir, icazə ver, Ələsgər kinoya çəkilsin. Rəhmətlik Ədil İsgəndərov da avtoritet idi axı. Onun sözünü yerə salmayıb atam, nəhayət razılıq verib.
- Əminiz kinoya çəkiləndə kinostudiyada işləyirdi?
- Yox, əmim filmə çəkiləndən sonra kinostudiyada işləyib. Filmə dəvət ediləndə, o, tələbə idi. Azərbaycan Neft və Kimya İnstitutunda (hazırda Azərbaycan Neft və Sənaye Universiteti) təhsil alırdı. Atam da istəmirdi ki, o, təhsildən yayınsın. Belə də deyib ki, “nə kino?! Getsin, dərslərini oxusun”. Bilirsiz, bizim ailədə atam Tofiqin sözü qanun idi. O, ailənin böyüyü kimi bütün məsuliyyəti üzərinə götürürdü həmişə. Bəlkə də atam haqlı idi. Bilirdi ki, sənət aləmi başqa cürdü. Əyləncələr, filan olacaq. Bir tərəfdən baxanda yanılmayıb da. Dostlar, məclislər... Yan keçmək çətin olur...
Amma o, kinoda məskən saldı
Ələsgər İbrahimovun kinoda ilk böyük rolu Arif Babayevin “İnsan məskən salır” filmində Ramiz obrazıdır. 1967-ci ildə çəkilib bu film. Eyni ildə istedadlı digər rejissorumuz Şamil Mahmudbəyov “Torpaq, dəniz, od, səma” filminə Ələsgər İbrahimovu dəvət edib – Kamil roluna. Sonra da Tofiq Tağızadənin “Yeddi oğul istərəm” filmi və Zalımoğlu obrazı. Zalımoğlu sakit obrazdı. Mirpaşa, Qəzənfər, Qasım, Cəlal kimi kaloritli deyil. Bu obrazı unutdurmayan yenə də Ələsgər İbrahimovun şəxsi keyfiyyətləridir – yaraşığı, cazibədarlığı, duruşu, ağayana danışığı; “İgid, igidi arxadan vurmaz, bəy!”... Hə, bir məsələni də xatırladım. Ələsgər İbrahimov kinoda ilk dəfə “Liftçi qız” qısametrajlı filmində görünüb. Çoxları bəlkə də bilmir, xatrılamır. Epizodik roldur. Kinoteatr qarşıındakı səhnə. Lalənin rəfiqəsinin dostu. Rəfiqənin “təəssüf, məni gözləyirlər”, dediyi həmin o yaraşıqlı gənc Ələsgər İbrahimovdur. Bu film isə 1966-cı ildə çəkilib. Deməli, Ələsgər İbrahimovu filmin rejissoru Rüfət Şabanov kəşf edibmiş artıq. O, bu qısametrajlı filmdə bir neçə saniyəlik görünür. Və dənizə “məskən salmağa” gedir. Beləcə kinoda da məskən salır. Və bu gün də Azərbaycan kinosunun cazibədar aktyorları sırasında adı ön sıralarda çəkilir.
Qonşu qız Arifə
- Əliağa müəllim, siz əminizi necə xatırlayırsınız?
- Əmim çox tərbiyəli, əxlaqlı, mədəni, intellektual insan olub. Atam da elə idi. Amma təsəvvür edin ki, Ələsgər əmim atamdan da qat-qat artıq idi. Mən onun çəkildiyi filmlərə baxıram, təəccüb edirəm, incəsənət təhsili almayıb, aktyorluq ixtisası oxumayıb, amma rolları necə məharətlə ifa edib. Onun aurası çox gözəl idi. Ciddiliyi vardı, eyni zamanda üzügülər idi həm də. Bir söz var deyirlər, qarışqanı da incitməz, bax, əmim elə adam idi... Qonşumuzda qız vardı, Arifə idi adı. Onunla nişanlanmışdı. Məncə, qız da onu sevib. Amma baş tutmadı evlilikləri. Deyə bilmərəm, dəqiq niyə. Bircə onu bilirəm ki, guya, içkiyə görə alınmayıb, doğru deyil. Nənəm həmişə gileylənirdi ki, qızın anası pozdu bu işi. Arifənin anası Həcər İçərişəhərdə alverçi kimi tanınırdı. İstəməyib qızı əmimlə ailə qursun. Əmim çox yaraşıqlı idi, qızlar, qadınlar, hamı ona vurulurdu. Ona azərbaycanlı Jan Mare deyirdilər. Anam da “AZİ”də dərs deyirdi, xalam da. Danışırdılar ki, qızlar gəlib xahiş edirlər vasitəçi olsunlar, onları Ələsgərlə tanış etsinlər. “İnsan məskən salır” filmində çəkilən “Mosfilm”in aktrisası Lyudmila Marçenko da vurulmuşdu ona.
Əliağa müəllim yenə xatirələrə dalır:
- Əmim idmanla məşğul olurdu. İçərişəhərdə məhəllə uşaqlarından ibarət futbol komandaları vardı. Əmim də yaxşı futbol oynayırdı. Mən də onlara tamaşa edirdim. Özlərinə pivə alırdılar, mənə də limonad. Hətta o zaman “Lenin adına” stadionda “Neftçi” ilə də oyuna da çıxmışdılar... Yaxşı dostları vardı. Məşhur tarzən Bəhram Mansurovun oğlu ilə də dostluq edirdi.
“Mən necəyəm ki?!”
- Həyatda elə şeylər var ki, ən dəqiq anketləri belə alt-üst eləyir. Məsələn, insanın özü.
- Mən necəyəm ki?!.
Bu, “İnsan məskən salır” filmində mühəndis Ramiz Ağayevlə neftçi Leonid Moroz arasında keçən dialoqdur. Ələsgər İbrahimov dostlarına, onu tanıyanlara eynən filmdəki kimi “Mən necəyəm?” sualını versəydi, görəsən, nə cür cavab eşidərdi?
Mərhum rejissor Arif Babayevin qardaşı, televiziya və kino rejissoru, Xalq artisti Vasif Babayev:
- Biz Ələsgərgillə İçərişəhərdə qonşu olmuşuq. Arif onu görüb kinoya çəkilməyə dəvət edib. Onun kinoya gəlişi belə olub. Ələsgər yaraşıqlı idi, əsl kino adamı idi. Musiqini sevirdi, əla rəqs eləyirdi. Evlərinin qabağında tut ağacı vardı. Orada axşamlar qrammafon oxudardılar. Rəqs musiqiləri səslənərdi. Ələsgər bilsəydiz necə rəqs edirdi!.. Heç kim onun kimi yaxşı rəqs etmirdi. Vals, tanqo... hamısını bacarırdı. Qızlar da ona aşiq idi... Çox heyif, gənc yaşda köçdü dünyadan…
Aktyor dostu, “Yeddi oğul”dan biri, kinorejissor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Ələsgər İbrahimovu belə xatırladı:
- Kinoda olan adamlar haqqında çox boş sözlər danışırlar. Hamısı da uydurmadır. Ələsgər İbrahimov ali dərəcədə ziyalı, yüksək əxlaqlı, tərbiyəli, ciddi, intellektual insan idi. Ömər Xəyyamdan rübailər, qəzəllər deyərdi əzbərdən. Özü də rus dilində. Cibində balaca dəftərçəsi olardı, çıxarıb ordan şeirlər oxuyardı bizə. Füzulidən qəzəllər bilirdi. Bir dəfə “Meyvələrin söhbəti”ndən alma ilə armudun monoloqunu dedi bizə. Klassik musiqi dinləməyi sevirdi. Musiqiyə bağlı adam idi. Çox qeyri-adi kino yaraşığı vardı bu adamda. Onun məhz kino üçün antropoloji imkanları böyük idi. Yəni elə imkanlara malik idi ki, çox rollara çəkilə bilərdi. “Yeddi oğul istərəm” filminin çəkilişlərində 4 ay, həftədə 2-3 gün məşq edirdik, ata minmək, at çapmaqla bağlı. İdmançı oğlan idi, çox tez öhdəsindən gəldi. Bir neçə məşqdən sonra baryerlərdən özü atlanırdı. Döyüş səhnələrində özü çəkilirdi, dublyorsuz. Kinostudiyada, təvazökarlıqdan uzaq olsa da deyim, mənim rəhbərlik etdiyim aktyor kursuna gəlib. Studiyanın bədii rəhbəri Ədil İsgəndərov idi, mən kursun rəhbəri idim. Ələsgər kinostudiyada aşılanma – plyonka sexində mühəndis işləyirdi. Yaşamaq həvəsi olan, həyatı sevən insan idi. Kinostudiyada bir xanımla dostluq edirdi, özü də ədəb-ərkanla... Kino canlı tarixdir, əbədi sənətdir və biz hamımız onu yaşadanları yaşatmalıyıq.
“Simurq quşu kimi uçdu”
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə:
- Onu amerikan aktyorlarına bənzədirdilər. Bəlkə də Amerikada filmlərə çəkilsəydi, bütün dünyada məşhur olardı. İstedad elə bir şeydir ki, özünü mütləq hardasa göstərir. Aktyor deyildi, amma filmlərdə elə istedad nümayiş etdirdi ki, hamı onu sevdi. “Yeddi oğul istərəm”də onun – Zalımoğlunun Bəxtiyarla dialoqu günümüzlə görün necə səsləşir:
- Bəxtiyar, görəsən, başqa millətlər də bizim kimi bir-birini qırır? Belə, birtəhər millətik e. Elə biz müsəlmanların alnına yazılıb bir-birimizi qıraq, qanını tökək, axırına çıxaq, hə?
- Dünya qurulandan belədi. Ac toxla vuruşur, fağır zalımla...
Görün, necə uğurla alınıb bu tandem. Orda Ələsgər Zalımoğlunun içindən gələn yanğını, ağrını çox məharətlə göstərir. Bu insanın zahiri də gözəl idi, istedadı da vardı. Ona görə də tamaşaçıda rəğbət oyadırdı. Ələsgər İbrahimov kino tariximizə tez gəldi, tez də getdi. Uzun ömür yaşasaydı, rejissorlar daim onu filmlərə dəvət edəcəkdi. Tərbiyəsi, insanlarla münasibəti alicənab ailədə böyüdüyünü göstərirdi. Bilirsiz ki, o, ağır xəstəliyə tutulub. Rəhmətlik Şahmar Ələkbərov kimi. Amma bununla belə evdə oturmurdu, kinostudiyaya gəlirdi, işləyirdi. Mən onu Simurq quşuna bənzədirəm. Gəldi, parladı, uçub getdi...
“Çapdırır atını birbaşa dünya...”
...7 oğuldan 5-i qalıb. Fikirli, qəmli əyləşiblər masa arxasında. Və şeir deyirlər;
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir.
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya...
Dahi Səməd Vurğunun “Komsomol poeması”ndan Zalımoğlunun “payına” düşən parçadı. Kim bilərdi ki, bir neçə il sonra onun ömür atını da dünya beləcə çapdıracaq, həm də dördnala?!. 40 yaşında vidalaşacaq dünya ilə.
Əliağa müəllim xatırlayır:
- 1980-ci illərin əvvəlində əmim xəstələnib. Atam həkimə göstərib onu. Həkim deyib ki, təcili Moskvaya aparın. O vaxt da Moskva olimpiadası keçirilirdi deyə şəhərə giriş çox çətin idi, xüsusi icazə alınmalıydı. Atam öz əlaqələrindən istifadə edib icazə sənədi, göndəriş vərəqi düzəltmişdi. Əmim Moskvada Onkoloji klinikaya yatırılıb. Onu o zamanın məşhur onkoloq-cərrahı Aleksandr Paçes əməliyyat edib. Paçes üz-çənə onkologiyası üzrə professor idi. Əmim bir neçə ay o klinikada müalicə alıb. Mən də atamla onun ziyarətinə getmişdim. Bizə bir əhvalat danışdı: deyir, gördüm Paçes məni çağırır. Getdim kabinetə, masanın üstünə içki, kürü qoyub, deyir ki iç. Deyirəm, axı siz tapşırmısız, içki olmaz. Deyir, indi icazə verirəm. Götür, iç. Ardınca siqaret uzadır mənə, “al çək”. Deyirəm, doktor, mənə siqaret olmaz axı. Deyir, olar, çək. Elə siqareti əlimə almışdım ki, bir səs eşitdim: “İbraqimov, vstavay, na perevyazku!” Gözümü açıb görürəm medsestra Nataşadı, məni oyadır ki, sarğını dəyişmək vaxtıdı... Qayıtdı gəldi, 3 il çəkdi xəstəliyi. O cür yaraşıqlı adam nə vəziyyətə düşmüşdü. Çənə hissəsindən kəsilmişdi... üzü dəyişmişdi, nitqi pozulmuşdu. Mənim ad günümə gəlirdi, amma axşam saat 11-dən sonra (Əliağa müəllim kövrəldi, gözləri yaşardı). İstəmirdi onu başqaları görsün... Xəstələnmişdi sonra da. Soyuqdəymədən yatırdı “Semaşko”da. Xəstəxanada da vəfat etdi... 1983-cü il martın 10-da... Əminə nənəm nə qədər ki sağ idi, hər il əmimin ad günü - yanvarın 30-da aş bişirərdi, hamımızı masa arxasına toplayardı. Deyərdi ki, bu aş bəhanədi, məqsədim sizi bir yerə yığmaqdı. Nənəm həyat yoldaşını və 4 övladını dəfn edib. Görün, nə qədər güclü qadın idi ki, dözüb bu qədər ağır yükə...
– Əliağa müəllim, Ələsgər İbrahimov sevilirdi, bəyənirdi onu hamı. Özü həyatı sevə bilmişdi, sizcə?
– (fikrə getdi...) Düşünmürəm ki, o, xoşbəxt olub... Bəlkə də o, filmlərə çəkilməsəydi, həyatı tamam başqa cür olardı. Rahat, sakit, könlü istəyən kimi...
“Çətindi, çox çətindi, ana”
- Başqaları kimi yaşaya bilməzdin?.. Səhərlər duş qəbul edəsən, işdən gəlib çörəyini yeyəsən, axşam da ki kino, teatr...
- Yox, yaşaya bilməzdim! İnsan gərək əlindən gələni eləsin. Amma qoymurlar!..
Bəlkə də Əminə ana da oğlu Ələsgərə buna bənzər sözlər deyib, “İnsan məskən salır” filmində Ramizin anası kimi. Cavabı nə olardı, görəsən? “Çətindi, çox çətindi, ana”, deyərdimi? İnsa
Epiloq əvəzi:
Mərhum aktyorumuz Ələsgər İbrahimovu uyuduğu Yasamal qəbiristanlığında ziyarət etdik. O, burada da tək deyil. Anası, qardaşları, dayıları, qohumlar... baş daşlarıyla bir-birinə dayaq veriblər. Böyük bir ailənin üzvləri burada yatır... Ruhları şad olsun. Ailənin digər üzvlərinə sağlıqlı ömür arzulayıram.