Kəndi azad olunan şair: “Elə bil, min illik həbsxanadan buraxıldım”

“Torpaqlarımız nə qədər işğaldan  azad edilsə, mən də xəstəliklərdən o qədər xilas olaram”

“Həm Azərbaycanda, həm də türk Dünyasında nə qədər azad insan olsa, mən də özümü o qədər azad hiss edərəm”

Uzun müddətdir, Azərbaycan poeziyasının ən görkəmli simalarından olan Vaqif  Bayatlı Ödər səhhəti ilə bağlı problemlər yaşayır. Məlumat üçün qeyd edək ki, şair 2016-cı ildə beyin əməliyyatı keçirib. Biz media mənsubları da zaman-zaman sevilən şairin özü ilə əlaqə saxlayıb, sağlıq durumu ilə maraqlanırıq. Lakin bu dəfə söhbətimizin mövzusu başqadır.

Vaqif müəllim müzəffər ordumuzun uğurlu döyüş əməliyyatları nəticəsində işğaldan azad edilən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. Arifə bir işarə yetər. Yəqin, bildiniz Vaqif müəllimlə nədən danışacağıq... 
 
 “Sherg.az” şairlə qısa söhbəti təqdim edir.

- Hər halda müjdələrdən xəbərdarsınız...

- Əlbəttə, torpaqlarımızın işğaldan qurtuluşuna çox sevinirəm. Hər zaman buna inanırdım və inanıram ki, bütün ərazilərimiz işğaldan azad ediləcək.

- Doğulduğunuz kənd də düşmən tapdağından azad edildi. Xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Hə, Böyük Mərcanlı kəndi, o biri Mərcanlı da bizim cocuğumuzdur. Necə təsir bağışlaya bilər? Elə bil min illik həbsxanadan buraxıldım. Ancaq mənim üçün çox azdır. Bütün türk dünyasının, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi ilə rahatlıq tapa bilərəm. Yoxsa rahat olan deyiləm.

- Zəfərə addımladığımız günlərdə yeni şeirlər qələmə alırsınızmı?

- Bəli, yazıram. Məsələn “Can Azərbaycan, Can Türkiyə” yazmışam.Yaxın zamanda nəşr olunacaq. Yəni Türkiyə  bizim yanımızdadır. Bu mənəvi dəstəyə həsr etmişəm. Həm Türkiyə ilə biz eyni ölkə, eyni xalqıq. Belə də olmalıdır. Qardaş qardaşın yanında olmalıdır. Qardaşlığımız elə bil Allahdan hədiyyə olunub.

- Həmin şeirdən bir hissəni bizimlə paylaşa bilərsinizmi?

İlahi eşqdən doğulub.
Ay -ulduzu Allahdan alıb.
Göy üzündən də uca olub.
Can Azərbaycan, can Türkiyə.
Hamısını oxumadım, bir bəndidir.

- Son olaraq soruşum, səhhətiniz, əhval-ruhiyəniz necədir?

- Torpaqlarımız nə qədər işğaldan  azad edilsə, mən də xəstəliklərdən o qədər xilas olaram. Həm Azərbaycanda, həm də türk Dünyasında nə qədər azad insan olsa, mən də özümü o qədər azad hiss edərəm. Öpürəm hamınızı! Sizin də ünvanladığınız  suallardan öpürəm.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu