Guya, ordu rəhbərliyi Paşinyanı aldadıb

Baş nazir ictimai rəyi xeyrinə dəyişməyə çalışır

Ermənistan Təhlükəsizlik Şurası Qarabağda döyüşlərin dördüncü günü baş tutan görüş zamanı Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın nitqinin səs yazısından fraqmentləri yayımlayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat verib. Keçən həftə Qasparyanın hesabatının mətni qismən ictimaiyyətə açıqlanmışdı, lakin indi bu fraqment səs versiyasında təqdim olunub. Məruzəsində Qasparyan əməliyyat vəziyyətinin dəyişmədiyini, düşmənin irəliləmədiyini bildirib: “Hər halda qoşunlar vəzifələrini yerinə yetirirlər, səhərlər Cəbrayıl istiqamətində kiçik bir hücum təşkil edərək uğur qazanıblar”. Sonda Qasparyan ordunun tapşırıqları yerinə yetirməyə davam etdiyini və sona qədər yerinə yetirəcəyini deyib.

Mövzuya münasibət bildirən VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun 44 günlük Zəfər Savaşının nəticələri Ermənistan hökumətini çətin vəziyyətə salıb. S.Əsədli əlavə edib ki, bu əməli ilə Paşinyan məğlubiyyətdə günahkar olmaması barədə cəmiyyətdə rəy yaratmağa çalışdı:

"Ermənistanın ağır iqtisadi-sosial durumu, müxalifətin fəallığı və belə bir vəziyyətdə parlament seçkilərinin yaxınlaşması Paşinyan komandasına ağır günlər yaşadır. Erməni baş nazir suda boğularkən saman çöpünə belə əl atan şəxsə bənzəyir.

Bir zamanlar Şuşada kef məclisi quran, separatçı rejimin rəhbərinin inaqurasiyasına qatılan, "Qarabağ Ermənistandır" sərsəmləməsinə imza atan Paşinyan indi əməllərinin bədəlini ödəyir. Həmçinin o, ağır məğlubiyyətdən yaxasını qırağa çəkməyə çalışır.

Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın səs yazısının yayılması da eyni siyasətə hesablanıb. Bununla Paşinyan məğlubiyyətdə günahkar olmaması və ordu rəhbərliyinin onu aldatması haqda cəmiyyətdə rəy yaratmağa çalışır".