Koçaryan və revanşistlərin təxribatlarına son qoyulacaq

"Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq"

Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov bu gün Moskvadan İrəvana səfər edəcək. Bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazıb. Səfərin məqsədi ötən gün Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların nəticələrini İrəvan rəsmiləri ilə müzakirə etməkdir.

Məlumata görə, dünənki müzakirələrdə hər 3 ölkənin Müdafiə Nazirliyinin rəsmiləri iştirak edib. Danışıqlara Ermənistan tərəfdən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan qatılıb. Əsas müzakirə mövzusu sərhəddəki gərginlik olub. Digər məlumata görə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə üçtərəfli işçi qrupunun çalışmalarına qatılmaqdan imtina edir və davamlı olaraq sərhəddə gərginlik yaradır. Ötən gün 40 erməni hərbçisinin Kəlbəcər istiqamətində qanunsuz olaraq Azərbaycan tərəfə keçdikləri ilə bağlı məlumat verilmişdi.

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Şərq”ə vurğulayıb ki, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar düşmən ölkədə gözlənilən 20 iyun seçkiləriylə bağlıdı. Analitikin sözlərinə görə, seçkidə maraqlı olan bütün tərəflər bölgədəki prosesləri öz maraqlarına yönəltmək istəyirlər:

“Paşinyan Qarabağ məğlubiyyətindən sonra müəyyən dividendlər qazanmağa cəhd göstərir. Koçaryanın rəhbərliyi altındakı şovinist müxalifət ordunu və hakimiyyəti bir qədər də rəzil duruma salmaq üçün planlar qurur. Bu iki xətt sərhəddə təxribatlarla nəticələnir. Təbii ki, Azərbaycan dövlət maraqlarını qoruyaraq bu təxribatlara siyasi və zəruri halda hərbi cavab verir. Son günlər baş verənlərə Rusiyanın maraqlarından irəli gələn fəaliyyəti də əlavə etmək lazımır. Rusiya bir tərəfdən Paşinyanı ram etmək, digər tərəfdən isə bölgədə sülhün yeganə qarantı olduğunu hər iki xalqa qəbul etdirmək üçün addımlar atır. Hazırkı situasiya və gərginliyin səbəbləri bundan ibarətdir. Fikrimcə, Paşinyan seçkidə qələbəsini təmin edərək Koçaryan və komandasının təxribatlarına son qoyacaq. Erməni xalqı bölgədə normal yaşamağın Türkiyə və Azərbaycanla münasibətlər qurmaqdan keçdiyini gec-tez anlayacaq”.