Kəramət Böyükçöl deputatlığa iddialıdır: "7 xalam, 5 bibim orada yaşayır"

Yazar-şair Kəramət Böyükçöl gələn ilin 9 fevralında Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olaraq iştirak edəcək. O, bu barədə sosial şəbəkədə məlumat verib.

K.Böyükçöl qeyd edib ki, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olacaq. Yazıçı çoxlu sayda dəstəklər aldığını da bildirib.

Sherg.az olaraq namizədliyi haqqında yazıçının özü ilə əlaqə saxladıq. K.Böyükçöl rəsmi prosedurlara başladığını və lazımi sənədlərini topladığını dedi:

-Sabah rayona gedib rəsmi olaraq seçki komissiyasına sənədlərimi təqdim edəcəm. Bundan sonra da imza vərəqlərini götürüb imza toplayacam. İmza toplamaq kimi məqamlar asandı, çünki dəstək verənlər çoxdur.

-Niyə məhz İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyinizi irəli sürürsüz? 

-İmişli rayonunda doğulub-böyümüşəm. Bu dairəyə əsasən kəndlər daxildir. Mən özüm də kənddə böyümüşəm, tərəkəmə həyatını dəqiqliyi ilə bilirəm. Ona görə də düşündüm ki, namizədliyimi versəm, həmin bölgənin adamları ilə daha asan dil tapa bilərəm.

-Feysbuk səhifənizdə çoxlu dəstəklər aldığınızı bildirmisiz. Dəstəklər hansı formada oldu? 

-Atam da, anam da əslən İmişlidəndir. Eyni zamanda 7 xalam, 5 bibim və digər qohum-əqrabalarım orada yaşayırlar. Qohumların sayı olduqca çoxdur. Düzdür, qohumlara da çox etibar yoxdur, yalandan “belə edəcəyik”, “elə edəcəyik” deyirlər, amma həlledici məqamlarda görürsən ki, onlara da güvən olmur. Amma kənddə hörmətli olan bəzi şəxslər, ağsaqqallar var ki, onlar telefonla zəng edib mənə dəstəklərini bildirdilər. Təbii olaraq, mən də həvəsləndim və inandım. Çünki onlar elə-belə adamlar deyildilər.

-Səs toplayacağınıza inanırsız?

-Prezident də çıxışında qeyd edib ki, Milli Məclisə yeni simalar lazımdır. Gəncəm, çevikəm, enerjili adamam. Məsələn, həmin dairənin hazırkı deputatı (həmin dairənin deputatı Çingiz Qənizadədir – Y.B) iki addımı atana kimi daş-daşdan aralanar. O addım atana kimi, mən gedib kəndin o biri başına çıxa bilirəm. İnsanlarla yaxın təmasda olmaq, onların öz dilində və üslubunda danışmaq deputat namizədi üçün ciddi göstəricilərdir. Çünki adamlar var ki, ağzında sözünü danışa bilmir. Milli Məclisdə də belələri var. Hər halda biz fikrimizi çatdıra bilirik. Mane olmasalar, seçkilərdən ümidlərim və gözləntilərim çox böyükdür.