"Fyuzat" yeni bir məfkurənin əsasını qoyub



Bu mətbu orqan milli ideologiyanın daşıyıcısı olan xeyli sayda ziyalını ön plana çıxarıb


Jurnal türk xalqlarının həmrəyliyini müdafiə edib. Ona görə də ilk sayını müxtəlif coğrafiyada yaşayan türklər sevinclə qarşılayıblar



Mətbuat və ictimai-siyasi, bədii fikir tariximizə ədəbi məcmuə kimi daxil olan "Fyuzat" Əli bəy Hüseynzadənin "Həyat" qəzetinin sonuncu sayında "Vidanamə" başlıqlı məqaləsində göstərdiyi kimi "qüdrətli, ədəbi qələm sahiblərinin cəm" olduğu nəşr kimi diqqəti çəkdi. Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə "Həyat və meyli-fyuzat" məqaləsində fyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı: "Məcmuəmizə "Fyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor... "Fyuzat" ləfzon "feyz"in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-fyuzatdır". 

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, "İcmal" məqaləsində Əli bəy Hüseynzadə öz ömrünü başa vurub yerini "Fyuzat"a vermiş "Həyat" qəzetini xatırlayır və "Həyat"ın "yoxluğundan keçən" iki aya qədər bir vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə gətirirdi: 

“Avropada, İranda, Osmanlı dövlətində və Qafqazdakı siyasi vəziyyətə toxunan müəllif yazırdı: "İnqilabçılar qüvvətlərini, hökumət isə niyyətlərini gizlətməyə qeyrət ediyorlar... Gizli, fəqət şiddətli bir mübarizənin əlami meydanıdır". İlk sayından etibarən dərc etdirdiyi məqalələrdən göründüyü kimi "Fyuzat" yalnız ədəbi orqan kimi nəşr olunmamış, dünyada baş verən proseslərə siyasi münasibət bildirmişdi. Dərginin ətrafında dövrün görkəmli ədəbiyyat xadimləri, publisistlər toplaşmışdı. Məmməd Hadi, Hüseyn Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla Şaiq, M.Ə.Rəsulzadə, Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət, Tofiq Fikrət kimi qələm sahibləri nəşrin əhəmiyyətini artırır, ədəbiyyata həvəs yaradırdı. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar 1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı barəsindəki fikirlərini cəmləşdirərək bu dövrü "Əli bəy və "Fyuzat" dövrü adlandırırlar.

Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla Şaiq "Fyuzat"ı "islamaləmində görünməmiş ən möhtəşəm mətbuat orqanı" kimi dəyərləndirirdi.
İlk dəfə Qafqazda yaşayan türklərin istiqlal bəyannaməsi məcmuənin 7 ci sayında elan olunmuşdur: "Biz qafqazlıyız - Qafqaz əhlinin öz ümumi idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb edirik". Əlbət ki, bu, Azərbaycanın istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən tezis idi. Ədəbi məcmuə olmaqdan daha çox "Fyuzat" türk xalqlarının həmrəyliyini, milli ideologiya ətrafında birliyini, siyasi hüquqlarını müdafiə edən mətbu orqan idi.
Ona görə də ilk sayını müxtəlif coğrafiyada yaşayan türklər sevinclə qarşılayır, arzu və istəklərini redaksiyaya göndərirdilər. Məsələn, Tatarıstandan Həsən Səbri Ayvazov yazırdı: "Qafqas qitəyi-mübarəkəsi heç mücahidsiz qalırmı? Cahanın on qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi zamanlarında belə Qafqas əqtari-ərzə nur saçıyordu. Millətimin bugünkü gündə bəlkə yüz dərəcədə cahil bulunan bir zamanında Rusiya müsəlmanları arasında mətbəəyi-islamiyyə ilk Qafqasda açılmışdı. "Əkinçi"lər, “Kəşkül”çülər Qafqas övladları, Qafqas qəhrəmanlarıdır".
"Fyuzat"ın 7-ci sayında dərc olunan başqa bir məqalədə isə Türkiyədən yazırdılar: "Fyuzat" meydani-intişara qopuldu. Bizə bu lazım idi. "Fyuzat" mənbəyi-feyz və kəmalatdır. “Fyuzat”ın yolu ilə Asiya qövmünün və Rusiya müsəlmanlarının məsud və bəxtiyar olmalarını təfaül edəriz".
Akif Aşırlı bəyan edib ki, dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına çevrildilər və fyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər: “Fyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu. Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu "türkləĢmək, islamlaĢmaq, avropalaĢmaq" istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Fyuzatçılıq həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi.

Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən əsaslandırır, "Turani", Ə.H. "Ə.Hüseynzadə" “Fyuzat”ı, “Həyat”ı, "Şair Naim", "Dəli Şair" imzaları ilə dərc etdiyi yazılarda fyuzatçılığın başında dayanırdı. Azərbaycanda yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə "dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər" idi. Məcmuə çətin dövrdə fəaliyyət göstərməsinə baxmayaraq, milli ideologiyanın daşıyıcısı olan xeyli sayda ziyalıları ön plana çıxardı, yeni məfkurənin ocağına çevrildi. Səid Səlmasinin, H.S.Ayvazovun, Ə.Hamidin, M.Ə.Rəsulzadənin, A.Cövdətin, Əhməd Kamalın, Əhməd Raiqin milli məfkurə işığında qığılcım aldıqları yazılar silsilə şəklində “Fyuzat”da dərc olundu. Milli məsələlərin mətbuatda təbliğinə mane olmağa çalışan çarizmin Azərbaycandakı hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən qorxuya düşürdü. Çünki məcmuənin ideoloqu, Ə.Hüseynzadə "İttihada doğru tərəqqi" proqramını irəli sürür, türk xalqlarının ictimai-siyasi fikir tarixində yeni bir səhifə açırdı. "İttihad və tərəqqi" məramı və bu iki anlayış Əli bəy Hüseynzadənin milli-azadlıq uğrunda apardığı mübarizənin qayələri idi. Bu mərama sadiqlik Əli bəyin 1889-cu ildə Türkiyədə təşkil edilən "İttihad və tərəqqi" Cəmiyyətinin qarşıya qoyduğu ideyalardan doğurdu. Türk xalqlarının ilk siyasi təşkilatı kimi formalaşan "İttihadiTərəqqi"nin formalaşmasında, cəmiyyətin aparıcı siyasi strukturuna çevrilməsində Ə.Hüseynzadənin böyük xidmətləri olmuşdu və onun 39 yaşında Türkiyədən Bakıya dönməsi bu ideyanın Azərbaycan cəmiyyətinə aşılanması məqsədini daşıyırdı. Dövrün əksər ziyalıları tərəqqini azadlıq məsələsindən tamamən ayrı götürürdü və Ə.Hüseynzadənin düşüncələri ilə ziddiyyət təşkil edirdi. Böyük mütəfəkkir "Fyuzat"da toxunduğu bu məsələyə konkret cavab verirdi: "Tərəqqinin məqsədi, qayəsi ümumi rifaha və səadətə nail olmaqdır". 

O halda bu rifah və səadətin nədən ibarət olduğunu təyin etmək lazımdır. Rifah və səadət bir məmləkətdə əsla ac və möhtac bulunmayıb, hər kəsin hər xüsusda bir bolluq içində yaşaması, sərvətin əhali arasında bərabər və ədalət üzrə bölünməsidir. Tərəqqinin mahiyyətinə uyğun olan bu məqsəd inqilabçıdemokratların da yaradıcılığının əsasını təşkil edirdi. Lakin bu məqsədin həyata keçirilməsində ziyalılar arasında ciddi fikir ayrılıqları vardı. Ə.Hüseynzadə tərəqqi anlayışı ilə hürriyyət və maarif anlayışlarını vəhdətdə görürdü və deyirdi: "Tərəqqi bir millətin, bir camaatın arasında hürriyyət və maarifin təzayid və intişar etməsindən ibarətdir və hansı millət arasında hürriyyət və maarif nemətlərindən daha çox əfrad və bəhrayab isə o millət daha mütərəqqidir". Müəllifin "hürriyyət və maarifi" vəhdətdə götürməsi onun bu məsələdə tutduğu siyasi mövqedən doğurdu. Çünki Ə.Hüseynzadə mövcud quruluşun inqilabi yolla deyil, təkamül yolu ilə dəyişdirilməsinin, inkişafının və tərəqqisinin tərəfdarı idi. "Fyuzat"ın 2-ci sayında "Vəqayeyi aləmə bir nəzər" məqaləsində inqilabın silahlı mübarizə yolunu qəbul etməyərək yazırdı: "Həqiqi vətənpərvərlər heç nədən çəkinməməlidirlər. Əldə qan tökməyəcək çarələr var ikən xunrizanə vəsaitə müraciət etmək əbəsdir". Jurnalın 3-cü sayında dərc etdirdiyi "Şüunat" məqaləsində türk xalqlarının azadlıq yolunu təkamüldə görürdü: "Bu yolda biz hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad edə-edə qanuni-əsasiyə doğru yüksələrək tərəqqi edəcəyik". Bu ideyanın daşıyıcısı olduğuna görə "inqilabın qızğın çağında" xalqı mübarizələrdən çəkindirdiyi ittihamı ilə Ə.Hüseynzadəyə basqılar olurdu. Ə.Hüseynzadə bu təzyiqlərə davam gətirir, düşüncələrini belə izah edirdi: "Kim deyir bitərəf olmalı? Xeyir. Əsla bitərəf olmamalı! Bitərəflik ayaq altda qalmaqdır. Su belə yerdə sabit və rakid durmaqdan qorxur. Qorxur, çünki qoxuyar, kiflənər, yosun bağlar. Təmis və salim olmaq üçün su bir lərəfə axmalı, cərəyan etməli, ya heç olmazsa, dərya kimi ləpələnməlidir".

Müəllif bəyan edib ki, Ə.Hüseynzadə tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq məramlarını daxil etmişdi: “İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə məzhəb və dinlər türkləri bir-birlərindən ayırmamalıdır, əgər onların elm və mədəniyyətləri tənəzzül etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin, ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə "türk oğlu türk kimi" qalmalıdırlar. İslama ehkam kimi yanaşmayan Ə.Hüseynzadə milli intibahı dini intibahla bir arada götürürdü.

Əgər türkləşmək məramı ilə türk dilini, tarixini, ədəbiyyatını öyrənməyini tələb edirdisə, islamlaşmaq məramı ilə islam dininin ümumbəşəri, ali, ənəviəxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan o, islamlaşmağı milli tərəqqi proqramına daxil etmişdi. Ciddi şəkildə dini islahatların aparılmasının lazımlılığını önə çəkən Ə.Hüseynzadəyə görə, ilkin islama qayıdılmalı, tərəqqiyə doğru addım atılmalıydı. Əks təqdirdə əsl dini həqiqətləri, hikmətləri ortaya çıxarıb bərpa etmək mümkün olmayacaqdı. Ona görə də bu cür islahat islamın əsl mahiyyətini ortaya qoyacaq, müxtəlif şərhlərdən, təhriflərdən islam xilas olacaqdı. Avropalaşmaq  “Fyuzat”ın səhifələrində avropa şair və yazıçılarının əsərlərinin tərcüməsinin çapı da bu məqsədə xidmət edir, Azərbaycan oxucusuna dünyanın müxtəlif tərəflərində yaşayıb-yaratmış ədəbi şəxsiyyətlərin yaradıcılıq nümunələrini çatdırırdı. Hötenin “Faust”u, Şeksprin "Yuli Sezar"ı Azərbaycan türkcəsinə tərcümə olunur, Avropa mədəniyyəti təbliğ edilirdi. "Fyuzat" türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün təhdid, təzyiqlərə baxmadan “Fyuzat”çılıq ideyasını cəmiyyətə sirayət etdi. "Fyuzat" məcmuəsi XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə, M.Hadi, A.Şaiq, M.S.Ordubadi kimi böyük ədiblər tərəfindən yüksək qiymətləndirilmişdi. Lakin 1930-cu illərdən 1990-cı illərədək mətbuat və ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda, publisistik yazılarda "mürtəce mətbu orqan" kimi təqdim olunmuşdur. 1990-cı illərdən sonra professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya Bayramlı, Rasim Kazımoğlu və başqaları "Fyuzat" irsinə baş vurmuş, elmi monoqrafiyalar, tədqiqat əsərləri çap etmişlər. O.Bayramlı tərəfindən “Fyuzat”ın çap olunduğu 32 sayı ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində nəşr olunub.