Çavuşoğlu: “Minsk Qrupu Qarabağ məsələsinin həlli üçün daha effektiv işləməlidir”

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdə qurumu Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri çərçivəsində Dağlıq Qarabağ probleminin həlli üçün daha effektiv iş görməyə çağırıb.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şeferi və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki Ankarada qəbul edib. 

Türkiyə XİN rəhbəri görüşdən sonra “Twitter” hesabında görüşlə bağlı paylaşım edib. 

“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ məsələsinin həlli üçün daha effektiv işləməlidir. Bu həll Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır”, - deyə o şərhində yazıb.