Sensasion açıqlama: “Bu təlim ciddi xarakter daşıyır” 

“Sıradan təlim deyil. Hazırlıqlara ağır artilleriyalar və digər müasir  texnika cəlb olunub" 




“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən, ikitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib. Birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərindən istifadə etməklə idarəetmənin bir məntəqədən digərinə ötürülməsi, mübadilə axınından səmərəli istifadənin məşqi həyata keçirilir. Ərazidə qərargahlar tərəfindən müdafiə və hücum əməliyyatları planlaşdırılır. Təlimdə əsas diqqət düşmənin qəfil hücumunun qarşısının alınması vətəxribat-diversiya qruplarının məhv edilməsi zamanı qoşunlar arasında qarşılıqlı fəaliyyətlərin idarə olunmasında qərargahların və zabitlərin peşəkarlığının artırılmasına yönəldilib. 



Təlimlərin əhəmiyyəti barədə  “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov düşünür ki, burada fors-major bir səbəb axtarmağa ehtiyac yoxdur: 
“Belə təlimlərin keçirilməsi təbiidir. Hər il bir neçə hərbi təlim olur. Bu, o demək deyil ki, müharibəyə hazırlaşırıq. Düzdür, düşmənlər qorxu içindədirlər. Amma əgər düşmənə zərbə vurmaq istəsək,  cəld və operativ olmalıyıq. Bunu müasir hərbi qaydalar tələb edir. Biz isə dediyim kimi, sadəcə təlimlər keçiririk”.

Ü.Cəfərovun fikrincə, təlim olduqca ciddi xarakter daşıyır: 

“Düzdür, bu, sadəcə təlimdir. Amma sıradan təlim deyil. Hazırlıqlara ağır artilleriyalar, müasir  texnika cəlb olunub . Bu, Azərbaycan ordusunun maddi-texniki bazasının güclənməsindən  xəbər verir”.