"Bəlanın həcmi böyüdükcə media mübarizə formatlarını dəyişməlidir" - Yadigar Məmmədli

"Çünki eyni şeyi insanlar dəfələrlə eşitdikdə onlar üçün adiləşir. Media bu məsələdə bir az kreativlik nümayiş etdirməlidir"

"Azərbaycandakı koronavirusla bağlı vəziyyət dünyadakı bəlanın tərkib hissəsidir".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

Qurum rəhbəri bildirib ki, hələki bizdə epidemiya pandemiya şəklinə keçməyib:

"Bir çox ölkələrdə, xüsusən Avropa dövlətlərində vəziyyət çox acınacaqlıdır. Onlara baxanda biz şükürlüyük. Dünyanın hər yerində viruslarla mübarizədə ən böyük iki missiyanın bir həkimlərin, digəri isə jurnalistlərin üzərinə düşür. Əlbəttə, həkimlər fədakarlıq edirlər, ancaq jurnalistlər heç də onlardan az iş görmürlər".

Y.Məmmədliyə görə, beynəlxalq jurnalist təşkilatları da bu bəlaya qarşı mübarizədə medianın rolunu yüksək qiymətləndirirlər: 

"Onlar da medianın rolunun effektli olmasından danışırlar. Həmin müzakirələrdə mən də iştirak edirəm. Bu bəla gündən-günə daha da böyüyür. Məsələ ondadır ki, bəlanın həcmi böyüdükcə ona qarşı mübarizədə media yalnız eyni motivdə, eyni formatda mübarizə aparmalı deyil. Bu formatlar dəyişməlidir. Çünki eyni şeyi insanlar dəfələrlə eşitdikdə onlar üçün adiləşir. Media bu məsələdə bir az kreativlik nümayiş etdirməlidir". 

DJL-nın sədri bəyan edib ki, bir çox insanlar faciənin miqyasını anlamırlar, zarafata salırlar: 

"Bu bəlanın ciddiliyini onlara çatdırmaq üçün informasiyalar bir-birindən fərqlənməlidir. Xəbərlər insanları düşünməyə vadar etməlidir. İndi Azərbaycanda "evdə qal" kampaniyası gedir. Biz jurnalistlər də "evdə qal" kampaniyasına əməl edərək öz missiyamızı yerinə yetiririk. Bu bizim üçün ikiqat çətindir. Dövlətimiz bu sahədə böyük işlər görür. Ümid edirik, cəmiyyətimiz də adekvat hərəkət edəcək. İstənilən halda mediamız bu işin öhdəsindən gəlməyə məcburdur. Çünki başqa variantımız yoxdur".