"Dövlət başçısı həm qurumlardan, həm də əhalidən gələn müraciətləri əsas götürdü" - Əliməmməd Nuriyev

"190 manat müavinət alanların sayını 200 mindən 600 minə qaldırdı. Bu, olduqca mühüm qərardır və təqdirəlayiqdir"

“Dövlət başçısının sərəncamlarına əsasən, pandemiyanın sosial-iqtisadi təsirlərinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülür”. 

Bunu “Sherg.az”a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. 

Ə.Nuriyev bildirib ki, bir çox istiqamətlərlə bağlı konkret vəzifələr müəyyən edilib: 

“Əhalinin məşğulluğu və sosial rifahının güclənməsi əsas istiqamətlərdən biridir. Cənab Prezident tərəfindən qeyd edildi ki, dövlət büdcəsində sosial xərclər olduğu kimi qalacaq. Eyni zamanda koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər görüləcək. Göründüyü kimi ilk növbədə əhalinin məşğullunu artırmaq yönündə ciddi işlər görülür. Mövcud işçilərin sayı saxlanılır ki, bununla bağlı büdcədən xeyli vəsait cəlb olunub. Eyni zamanda işsiz insanlara minimum əmək haqqı qədər, yəni 190 manat məbləğində vəsait verilir. İlkin olaraq bu müavinət 200 min insanı əhatə edirdi. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən çox operativ addımlar atıldı və bugünədək qeydiyyatdan keçən 150 min işsiz vətəndaşa ödənişlər həyata keçirildi”. 

Ə.Nuriyevin sözlərinə görə, işsizlərin qeydiyyatı zamanı bəzi problemlər ortaya çıxdı: 

“Bir ailədə bəzən iki-üç işsiz adam olur, biri yardımı alır, digəri isə ala bilmir. Belə ziddiyyətli məqamlar olduğuna görə, müvafiq qurumlar tərəfindən ciddi ümumiləşdirmələr aparıldı və yeni təkliflər hazırlandı. Dövlət başçısı həm qurumlardan, həm də əhalidən gələn müraciətləri əsas götürərək, 190 manat müavinət alanların sayını 200 mindən 600 minə qaldırdı. Bu, olduqca mühüm qərardır və təqdirəlayiqdir. Bir daha onu göstərir ki, Azərbaycan Prezidenti üçün vacib olan məsələ əhalinin sağlamlığı ilə yanaşı, eyni zamanda sosial müdafiəsinin gücləndirilməsidir”.