“İqtisadiyyatın dayanıqlılığı naminə bütün addımlar atıldı”- Sabiq nazir 

“İşsizlərə müavinət ayrıldı, biznesə dəstək görəldi, vergi “tətil”i verildi”


Bir neçə gün əvvəl Dövlət başçısı İlham Əliyev yeni modul tipli xəstəxananın açılışında iştirak edib. O, nitqi zamanı bir sıra mühüm məsələlərə toxunub. Həmçinin bildirib ki, Azərbaycan dövləti şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə gedərək insanların sağlamlığını iqtisadi amildən üstün tutub.
Buna baxmayaraq, iqtisadi fəallığın qorunması üçün də bütün zəruri addımlar atılıb. Nəticədə Ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Bu, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə çox kiçik həcmdir. Qeyri-neft sektorunda sənaye 14 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb. 



Azərbaycan hökumətinin bu uğurlu siyasətini “Sherg.az”a təhlil edən keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifovun fikrincə, göstəricilər dövlətimizin qüdrətindən xəbər verir:

“Bəli, ilk günlərdən etibarən Azərbaycan hökuməti üçün ən prioritet məsələ insanların sağlamlığıdır. Amma yenə də, insanların rifahı unudulmadı. İşsizlərə müavinət ayrıldı, biznesə dəstək görəldi, vergi “tətil”i verildi. Yəni ümumilikdə iqtisadiyyatın dayanıqlılığı naminə bütün mümkün addımlar atıldı”. 

 F.Yusifov düşünür ki, sevinməyə  tələsdiyimizə görə, ilk vaxtlardakı dinamikanı qoruya bilmədik:

“Əvvəllər yoluxma sayı çox az idi. Ancaq insanların karantin qaydalarına narazılığı, ictimai təzyiq buna mane oldu. Nəticədə karantin yumşaldıldı. Bu isə öz növbəsində yoluxanların sayını artırdı. İndi biz daha diqqətli olmalı, əvvəlki göstəricini bərpa etməyə çalışmalıyıq”.