Qarabağ qazisi müjdəni verdi:“Qələbə xəbərləri eşitməyimizə az qalıb”

“Ermənilərin itkisi bizimkindən qat-qat çoxdur. Bunu tam səmimiyyətimlə deyirəm”

“Sadəcə nəzərə almaq lazımdır ki, neytral zonada da öldürülən xeyli erməni var”



Ordumuz Tovuzda erməni təxribatının qarşısını layiqincə alır. Düşməni cavab atəşi ilə susdurur. Şəhidlərimizin qisası yerdə qalmır. Bir hərbçimizin qarşılığında on düşmən zərərsizləşdirilir.

Amma erməni xisləti yenə də özünü göstərir. Qarşı tərəf itkilərini gizlətməkdən ötrü bütün imkanlarından istifadə edir. Fakt isə dəyişmir...

 Qarabağ qazisi Rey Kərimoğlu da “Sherg.az”a açıqlamasında bildirib ki, düşmənin itkisinin olduğundan az görünməsi iki səbəblə bağlıdır: 

“Ermənilərin itkisi bizimkindən qat-qat çoxdur. Bunu tam səmimiyyətimlə deyirəm. Sadəcə nəzərə almaq lazımdır ki, neytral zonada da öldürülən xeyli erməni var. Ona görə onların adlarını açıqlamaq çətin olur. İkinci bir tərəfdən isə düşmən tərəfində əlinə silah alıb döyüşənlərin heç də hamısı 18-20 yaşlı, yerli əsgərlər deyillər. Onların əksəriyyəti muzdla, müqavilə yolu ilə döyüşənlər, müddətdən artıq hərbi xidmətçilərdir.

Amma Müdafiə Nazirliyi bu kateqoriyadan olanların kimliyini demir. Yalnız tək-tük, daha üzdə olan hərbçilərin ölüm xəbəri açıqlanır. Buna baxmayaraq, əminliklə deyirəm ki, bir müddət sonra ermənilərin bütün itkiləri ortaya çıxacaq”.

R.Kərimoğlu, həmçinin ordumuza inamını da ifadə edib:

 “Hər şey rəsmi xəbərlərdə göstərildiyi kimidir. Düşmən bir qarış belə, Azərbaycan torpağına ayaq basa bilməyib. Əksinə, həmişə olduğu kimi yenə də layiqli cavabını alıb.

Düşünürəm ki, bütün cəbhə boyu hərəkətə keçmək lazımdır. Ali Baş Komandandan hücum əmri gözləyirik. Qələbə xəbərləri eşitməyimizə az qalıb”.