“Erməni diasporu daxilində gərginliklər var” - Deputat

“Bütün bunlar Azərbaycan diasporunun sərgilədiyi uğurlu fəaliyyətlə əlaqədadır”


Son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı ermənilər tərəfinən təxribatlar törədilib. Ordumuza dəstək aksiyasını keçirən azərbaycanlılar ermənilərin hücumuna məruz qalıb. Bir neçə soydaşımıza xəsarət yetirilib.  

Azərbaycan Xarixi İşlər Nazirliyi (XİN) ermənilərin xaricdə törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Bəyanatda nifrətə əsaslanan bu cinayət əməlləri qətiyyətlə pislənilir:

“Son bir həftə ərzində xaricdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terrorizm mahiyyəti kəsb edir, cinayət mahiyyəti daşıyır”. “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliklərə və diplomatlara hücumların qarşısının alınması həmin ölkənin öhdəsindədir.

Azərbaycan dost ölkələrə müraciət edərək, diplomatik nümayəndəliklərimizə və diplomatlarımıza, azərbaycanlılara qarşı törədilən əməllərin araşdırılmasını tələb edir. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Soydaşlarımıza hüquqi yardımın təmin edilməsi üçün diplomatik nümayəndəliklərimizə lazımi təlimat verilib”.

Ermənilərin xaricdəki təxribatına dair fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Ramin Məmmədov bildirib ki, Bakı və müxtəlif bölgələrdə keçirilən dəstək aksiyası xaricdəki soyaşlarımızda ruh yüksəliyi yaradıb. Ermənistanın Tovuz istiqamətində yaratdığı təxribatlarla ərazilərimizə iddialı olduğunu deyən deputat Azərbaycan Ordusunun düşmənə layiqli cavab verdiyini vurğulayıb:

“Təbii ki, bütün bunlar dünya azərbaycanlıları tərəfindən müsbət qarşılandı. Tovuz hadisələrində sonra Bakıda aksiyalar, yürüşlər keçirildi. Bununla dövlət-xalq birliyi ortaya qoyuldu. Gənclərimizin izdihamlı yürüşləri göstərdi ki, cəmiyyətimiz vəhdət şəklindədir. Bu vəhdət və hərməylik dünya azərbaycanlıları tərəfindən yüksək dəyərləndirir.

Ona görə də xaricdə yaşayan azərbaycanlılar bu birlikdən ruhalanaraq ordumuza dəstək şüarı altında müxtəlif aksiyalar keçirdi. Dünyanın 26 ölkəsində və 52 şəhərində dünya azərbaycanlıları küçələrə çıxıb icazəli mitinqlərdə ordumuza dəstək şüuarları səsləndirirlər. Vətəndaşlarımızın belə aksiyalarda iştirakı ilk deyil.

Məlumdur ki, son 20 ildə Azərbaycan dövləti diaspor quruculuğuna, dünya azərbaycanlılarının həmrəyliyinə kifayət qədər vaxt ayırıb. Bununla bağlı qanunvericilik prizmasında təkmilləşmə işləri aparılıb. Nəticədə bu gün azərbaycanlılar dünyanın 70-dən çox ölkəsində mütəşəkkil şəkildə yaşayır.  Müxtəlif dünya ölkələrində Azərbaycan həqiqətləri təbliğ olunur. Aydındır ki, bu təbliğat erməniləri çox qıcıqlandırır”.

“Beynəlxalq hüquq normalarını pozan ermənilərə qarşı hansı addımlar atılmalıdır?” sualına gəlincə, parlament üzvü vurğulayıb ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlər üçün gərgin dövr yaşayırıq:

“Hər kəsə bəllidir ki, Paşinyanın 2 il öncə müəyyən vədlərlə hakimiyyətə gəlsə də, hazırda ona olan etimad sıfır dərəcəsindədir. Ölkə daxili krizis, pandemiya ilə mübarizədə Ermənistanın göstərdiyi “naliyyətlər” ölkədə böyük gərginlik yaradır. Ermənistan dövləti yaranan gündən etibarən erməni diasporunun dəstəyi ilə maliyyələşir.

Ümumiyyətlə, Ermənistan xaricdən idarə olunan dövlətdir. Belə vəziyyətdə həm daxili gərginlik, həm ölkəmizin atdığı qətiyyətli addımlar düşmən ölkədə vəziyyəti pisləşdirib.

Ermənilərin mitinqdə sərgilədiyi vandalizm bir daha göstərir ki, artıq Erməni diasporu içərisində müəyyən gərginlik var. Bütün bunlar Azərbaycan diasporunun sərgilədiyi uğurlu fəaliyyətlə əlaqədadır”.