Erməni diversiya qrupunun komandiri əsir götürülüb

Hadisələr göstərir ki, Ermənistan tərəfi sülh danışıqlarında maraqlı deyil

Düşmənin tez-tez təxribatlara əl atması bunu əyani sübut edir


Azərbaycan Ordusundan hər dəfə ağır zərbə alaraq geri çəkilən erməni silahlıları öz təxribatından əl çəkmir. Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində ermənilərin diversiya-kəşfiyyat qrupu növbəti təxribat törətməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb. Nazirlik bəyan edib ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Diversantın əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan zabit Qurgin Alberyanın, guya, “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən “azdığını” bildirib. Azərbaycan Müdafiə Nazirliyinin gülünc açıqlamaya reaksiyası gecikməyib. Nazirlikdən bildirilib ki, erməni tərəfinin istənilən faktı inkar və təkzib etməsi artıq heç kəsdə şübhə doğurmur:

“Tapşırıq icra edərkən əsir götürülən zabit hərbi formasında olmasaydı, sözsüz ki, Ermənistan Müdafiə Nazirliyi onu ya çoban, ya da ruhi xəstə kimi qələmə verəcəkdi. Əgər bir zabit “itir” və 24 saatdan artıq vaxt keçməsinə baxmayaraq, bu barədə ictimaiyyətə heç bir məlumat verilmirsə, bu, Ermənistan ordusunda özbaşınalığın, intizamsızlığın hökm sürdüyünü, artan cinayət hadisələrinin, qeyri-döyüş itkilərinin daim və məqsədyönlü şəkildə ictimaiyyətdən gizlədildiyini bir daha sübut edir”. Ermənilər diversiya təxribatı ilə yanaşı, Tovuzun Ağdam kəndini də atəşə tutublar.

Hər zamankı kimi bu dəfə də mülki şəxslər hədəf olub. Güllələr kənd sakini Bağırova Laçın Zaman qızının evinə və həyətinə düşüb və yaşayış evinə ziyan vurub. Siyasi şərhçilərin fikrincə, düşmənin ard-arda təxribata əl atması və mülki sakinlərə atəş açması İrəvan hökumətinin sülh danışıqlarında maraqlı olmadığının əyani sübutudur. 



Düşmən təxribatı ilə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, ermənilər torpaqlarımızı işğaldan azad etmək, hər hansı danışıq yolu ilə geri qaytarmaq fikrindən çox uzaqdır. QAT rəhbərinin sözlərinə görə, Ermənistan hökuməti, dünyadakı erməni lobbisi, düşmənə xidmət edən mərkəzlərin hamısı bu düşüncədədir:

“Özlərinə havadar tapan Ermənistan tərəfi həm cəbhə xəttində, həm də sərhəd bölgələrdə ard-arda təxribat törətməkdən çəkinmir. Tovuz təxribatında olduğu kimi düşmənin Goranboy istiqamətindəki diversiya cəhdinin qarşısı ordumuz tərəfindən məharətlə alınıb. Təmas xəttində dayanmış Silahlı Qüvvələrimiz ermənilərin bütün təxribatına hazır olmalıdır.

Birdəfəlik anlamaq lazımdır ki, Qarabağ münaqişənin yeganə həll yolu müharibədir. Nə qədərki torpaqlarımız işğal altındadır və biz savaşa başlamamışıq, ermənilər çirkin təxribatlarını davam etdirəcəklər.

Hazırlıq işlərimizi başa çatdırmalı, hərbi müttəfiqlərimizin sayını artırmalıyıq. Qarabağ və ətraf rayonları ancaq hərbi əməliyyatlarla işğaldan azad edə bilərik”.