“Biz həyatı kiminsə baxışlarına görə yaşamamalıyıq” - Fatimə Əkbərli

“Pəncərədən məktəbdən gələn uşaqlara həmişə həsrətlə baxırdım...”
“Ona görə, bizim kimi şəxslərin mütləq məktəbə getmələrini çox istəyirəm”



“Özümə təsəlli vermək üçün demirəm. Doğrudan da əlil arabamı o qədər çox sevirəm ki, onu özümə bir aksesuar kimi görürəm. Məhz bu səbəbdən də əlil arabam olmadan şəkil çəkdirmirəm. İstəyirəm ki, bütün şəkillərimdə yanımda olsun”

 Bu dəfə “Adam kimi adam” rubrikamızın qonağı tamam fərqli adamdır. Onun sehrinə necə düşməyəsən ki?.. Təhsil alır, rəssamlıq qabiliyyəti var, idmanla məşğul olur, heç kimə möhtac olmadan çox aktiv həyat yaşayır. Qəhrəmanımızın bir devizi var: “Həyatı həm yaxşısı ilə, həm də pisi ilə qucaqlayıb sevmək lazımdır”.
 Hələ onun səsini demirik... Bircə "Əsən yellər"ini dinləyin,  Fatimə Əkbərliyə mütləq “adam kimi adam” deyəcəksiniz. Gəlin onun həyat hekayəsini özünün dilindən dinləyək.



- 1984-cü il oktyabrın 30-da Şamaxıda dünyaya göz açmışam. Ailədə beş nəfərik. Bir bacım, bir qardaşım var. Xasiyyətcə mehribanam. Deyib-gülməyi çox xoşlayıram. Hər zaman pozitiv olmağı sevirəm. Uşaqlıqdan fiziki məhdudiyyətliyəm. Məktəbə gedə bilmədim və evdə təhsil aldım. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsiyəm.

- Qeyd etdiniz ki, uşaqlıqdan fiziki məhdudiyyətli olmusunuz. Bəs, bu sizə hansı çətinlikləri törətdi?


- Düzü, yeniyetməlik dövründə əlilliyim bir az əngəllər törədirdi. Amma bütün insanlar necə formalaşırsa, biz də eləyik. Adi insanlar elə düşünür ki, bizdə fərqlilik var, amma eyni onlar kimiyik. Cəmiyyətimizdə bu gün bizim kimi şəxslərin təhsil alması çox vacibdir və almamağın qəti şəkildə əleyhinəyəm.

- Uşaqlıqda ən böyük arzunuz nə olub?



- Məktəb yaşlarında olanda hər zaman günorta saatlarında pəncərədən məktəbdən gələn uşaqlara həsrətlə baxırdım. İndi də məktəbliləri görəndə bu hissləri yaşayıram, yəni o hiss hələ də qalıb. Ona görə, bizim kimi şəxslərin mütləq məktəbə getmələrini çox istəyirəm. Məktəbə getmək arzusu uşaqlıqdan bugünə kimi hələ də ürəyimdə qalıb.

- Bir çox uğurlara sahibsiniz. Sizə uğurları əldə etməkdə kim dəstək göstərib?



- Mənim fikrimcə, heç kim kənarda durub nəyəsə baxmalı və ya kimdənsə dəstək gözləməməlidir. Sadəcə, özünə güvənməli və özü ilhamlanmalıdır. Doğru qeyd etdiniz ki, bir çox uğurlara sahibəm və təbii ki, bunları da birdən-birə əldə etməmişəm. Bir məsələni qeyd edim ki, əvvəllər də şəhərə çıxırdım, harasa qonaq gedirdim. Amma tam sərbəstliyim olmurdu. Özümün hər zaman daxildən çox güclü olduğumu hiss etmişəm. Daim fikirləşirdim ki, heç kimdən asılı olmamalıyam, həyatda tam sərbəst olmalıyam. Komplekslərim olsa da, düşünürdüm ki, öhdəsindən gələ bilərəm. Şükür Allaha ki, bu vaxtadək elə bir arzum olmayıb ki, ona çatmayım. 30 yaşımdan sonra düz 5 il ərzində bir çox nailiyyətlərə sahib oldum. İnsanlar var ki, 30 il ərzində əlləşib-vuruşub belə uğurlar əldə edə bilmirlər. 

- Cəmiyyətə ilk adaptasiyanız nə zaman olub?

- İlk olaraq üzgüçülüklə məşğul olmuşam. Anam işlədiyi üçün hər dəfə mənimlə gedə bilmirdi. Tək getməyimə də razı deyildilər. Fikirləşirdilər ki, gedə bilmərəm, yıxılaram, kömək edən olmaz. Buna görə çox narahat idilər. Amma onları bir müddətdən sonra razı sala bildim. Elə bundan sonra da şəhəri yavaş-yavaş tanımağa başladım.



- Üzgüçülük müəllimləriniz sizi ilk gün necə qarşıladı?

- İlk gedən günü müəllimlər məni qətiyyən götürmək istəmirdilər. Düşünürdülər ki, üzə bilmərəm, bataram. Mənim üçün xüsusi müəllim tutmaq lazım olduğunu bildirdilər, lakin çox inad elədim. Bildirdim ki, xüsusi qayğıya ehtiyacım yoxdur, hamı necədirsə, mən də eləyəm. İki dərsdən sonra artıq sərbəst üzməyə başladım.

- Gözəl rəqs etməyi bacarırsınız...

- Bəli. Rəqs etməyi çox sevirəm. Toylara gedəndə düşünürdüm ki, əlil arabasındayam, heç vaxt oynaya bilmərəm və ancaq ayaqüstə rəqs etmək mümkündür. Amma “Dance Ability Azerbaijan” inklüziv rəqs şirkətinin rəhbəri Nigar Sultanovanın sayəsində nəinki arabada, hətta yerdə belə rəqs etməyi öyrəndim. Fürsətdən istifadə edərək, buna görə, ona öz dərin minnətdarlığımı bildirirəm. Bu həyatda öyrəndim ki, heç bir şey mümkünsüz deyil, insan istəsə hər şey edə bilər. Həyatı həm yaxşısı ilə, həm də pisi ilə qucaqlayıb sevmək lazımdır. Bir çox rəqslərdə oynamağı bacarıram. Əvvəllər internetdə rəqslərə baxırdım. Düzü, bilmirdim ki, harda məşğul olmaq olar. Bir dəfə kursa gedəndə orda dedilər ki, rəqs kursuna qeydiyyat var. Keçmək istəyirsənmi? Bu rəqsdə fərq yox idi, hər kəs qatıla bilərdi. Yəni içindən nə gəlirsən, nəyi necə bacarırsansa burda edə bilərdin. Mən də buna görə razılaşdım. Sonra başqa bir layihə var idi, biz orada problemlərimizi göstərməli idik. Komandalara bölünmüşdük. Rəqs müəlliməm dedi ki, bir yerə konsert verməyə getmişdik. Orada uşaqların arabaları yox idi və onlar sürünə-sürünə yanımıza gəldilər. Bu da mənə çox pis təsir elədi, biz bu problemi göstərmək istəyirik. Sən arabadan düşüb yerlə sürünə-sürünə gəlməyi bacararsanmı? Fikirləşdim ki, edə bilərəm. Onlar çox ehtiyatla yanaşırdılar ki, bunu edə biləcəmmi? Ümumiyyətlə, çox insanlar fiziki məhdudiyyətli şəxslərlə ünsiyyətdə olmurlar deyə, bilmirlər ki, necə davransalar ki, bu bizlərə xoş gəlsin. Yaxud da nəyisə edə bilərikmi, ya edə bilmərik deyə çox düşünürlər. Müəllimələrim 5-6 dəqiqəlik tamaşa qurdular, özümü sınadım və nəticədə hər şey alındı. Bundan başqa, bir çox qala konsertlərində də milli rəqslərdə çıxış etmişəm.



- Hətta çox gözəl səsiniz var. "Əsən yellər" mahnısını isə xüsusilə gözəl ifa etmisiniz...

- Uşaq vaxtı müğənni olmaq istəyirdim. Hətta evcik-evcik oynayanda da belə müğənni olurdum. Ümumiyyətlə, nəslimizdə musiqiyə meyl çoxdur. Özüm musiqi məktəbində təhsil almışam. Amma avtobusla getməkdə çətinliklərlə üzləşdiyimə görə müəyyən müddətdən sonra onu yarımçıq qoymaq məcburiyyətində qaldım. Taksi ilə hər dəfə də getmək maddi baxımdan çətin olurdu. Burada Qəzənfər Abbasovdan musiqi təhsili alırdım. Qeyd edim ki, bacım qarmon müəlliməsidir. 1 saylı Sağlamlıq İmkanları Məhdud Peşə Reabilitasiya Mərkəzində rəssamlıq kursuna gedəndə orada səsimin gözəl olduğunu bilirdilər. Buranın direktoru Rəhilə xanım həqiqətən bizə çox dəstək olub. O məni məcbur elədi ki, heç nə üçün hələ gec deyil və onun təklifilə, israrıyla oxudum. Rəhilə xanımın haqqını heç vaxt itirə bilmərəm. Bir dəfə ümummilli lider Heydər ƏIiyevin hakimiyyətə gəlməsinin 50-ci ildönümü ilə bağlı tədbirin təşkili üçün tanınmış mədəniyyət xadimləri bura seçimə gəlmişdilər. Məni də müəllimlər məcbur elədilər ki, oxuyum. İlk dəfə "Heydər xalqım deyəcək" mahnısını oxudum və hər kəs tərəfindən bəyənildi. Sonra başqa layihələrdən təklif aldım. Növbəti uğuruma isə “Əsən yellər” mahnısını oxuyan zaman nail oldum.

- Bildirdiniz ki, rəssamlıq kursuna getmisiniz. Şəkil çəkməklə aranız necədir?

- Bəli, çox xoşlayıram. Şüşə qablar üzərində vitraj boya ilə rəsmlər edə bilirəm. Rəsmlərim ümumi sərgilərdə olur. Hətta indi də nə qədər sifarişlər qəbul edirəm.

- Səhv etmirəmsə, həm də idmanla məşğul olursunuz?

- Artıq 2-3 ildir ki, qılıncoynatma idman növü ilə məşğulam. İdman sahəsinə gəlməyimdə isə Kamal Məmmədovun çox böyük rolu olub. Düzdür, insanın potensialı ola bilər, amma onu üzə çıxaran insan lazımdır. Bu cəhətdən Kamal müəllimin üzərimdə rolu çox böyük olub. Bundan əlavə, mən həm də 4000 metrlik məsafədən dörd dəfə tullanmışam. İki dəfə isə fiziki məhdudiyyətli insanlar arasında marafon birincisi olmuşam. Həmçinin Azərbaycanda təşkil olunan beynəlxalq idman yarışlarında könüllü olaraq fəaliyyət göstərmişəm.



- Şəhərə çıxarkən, insanların fərqli baxışları sizə necə təsir edir?

- Əvvəllər şəhərə çıxanda çox komplekslərim var idi. Artıq insanların o baxışlarına həm əyləncə, həm də fərqli bir şey kimi baxıram. Uşaqlıqdan hər zaman diqqət mərkəzində olmağı, fərqli olmağımı istəmişəm. Onsuz da əlilliyimə görə, hər kəsdən fərqli idim, hamı mənə baxırdı. Bəlkə də Allah özü belə məsləhət görüb, mənə bu cür fərqlilik verib. Özümə təsəlli vermək üçün demirəm. Doğrudan da əlil arabamı o qədər çox sevirəm ki, onu özümə bir aksesuar kimi görürəm. Məhz bu səbəbdən də əlil arabam olmadan şəkil çəkdirmirəm. İstəyirəm ki, bütün şəkillərimdə  yanımda olsun.

- Sizə həyatda ən çox nə təsir edir?

- Normal şəxslər elə bilirlər ki, fiziki məhdudiyyətli insanlar küskündürlər. Əslində bu, yanlış fikirlərdir, biz heç də küskün deyilik. Az hissəmiz belə ola bilər, bu elə adi insanlarda da olur. Fikrimcə, bu ömür, həyat insana cəmi bir dəfə verilir. Buna görə də biz onu kiminsə baxışlarına görə, habelə kimsə nəsə deyər deyə yaşamamalıyıq. Yalnız özümüz üçün yaşamalı, özümüzdə də o gücü tapmalıyıq.