Vizajistlərə xəbərdarlıq !- “Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” – SİQNAL!

“Eyni makiyaj vasitəsindən istifadəsi kütləvi yoluxmaya səbəb olur”

“Dəri ilə təmasda birdəfəlik tibbi əşyalardan istifadə olunmalıdır”

“Həmçinin vizajist müştəri üçün istifadə etdiyi fırçanı yenidən ənlik və kirşana vurmamalıdır”


Koronavirusa yoluxma riski yüksək olan yerlər arasında gözəllik salonları da var. Təkcə pandemiya dövründə deyil, adi günlərdə belə əməl edilməli olunan gigiyena qaydalarına riayət edilməməsi böyük fəsadlara yol açır. Bu yaxınlarda Türkiyənin Ordu şəhərində 35 nəfərin eyni makiyaj vasitəsindən istifadəsi kütləvi yoluxmaya səbəb olub.
 
Bir müddət davam edən qadağalardan sonra ölkəmizdə gözəllik salonları fəaliyyətini bərpa etdi. Bu məkanlarda bütün kosmetoloji xidmətlərin göstərilməsinə icazə verilib. Kiçik bir səhlənkarlıq virusun yayılmasına gətirib çıxara bilər. Xüsusən də vizajistlər istifadə etdikləri eyni kosmetik vasitəni bir gündə bir neçə nəfərə tətbiq edirlər. Elə kosmetik vasitələr var ki, onu nə yumaq olur, nə spirtlə dezinfeksiya etmək. Belə olan halda, tək koronavirus deyil, istənilən virus rahat şəkildə yayılır. Ekspertlərin fikrincə, göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr koronavirusun yayılmasına səbəb ola bilər.



Həkim-kosmetoloq Elnarə Rzayeva “Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya dövründə bərbərxanalar, gözəllik mərkəzləri sanitar və gigiyenik tələblərə mütləq şəkildə əməl etməlidir. Dəri ilə təmasda birdəfəlik tibbi əşyalardan istifadə olunmalıdır.
Həkimin fikrincə, peşəkar kosmetoloji xidmətlərin göstərildiyi məkanlarda bu tələblərə əməl olunur: 

“Müştəriləri öncədən qəbula yazılmaqla qəbul edirik. Bu, ilk növbədə öz əməkdaşlarımızın, daha sonra qəbula gələn insanların sağlamlığı baxımından vacibdir. Tibbi avadanlıqlar mütləq şəkildə dezinfeksiya edilir. Amma dediyiniz məqam makiyaj vasitələri ilə baş verib. Bu xəbər vizajistlər üçün ciddi siqnal olmalıdır. Müştəri üçün istifadə edilən ənlik və kirşanların birdəfəlik olması mümkün deyil. Ona görə də makiyaj vasitələri üçün istifadə edilən fırçalar imkan daxilində birdəfəlik olmalıdır. Bir müştəri üçün istifadə edilən fırça digər müştərinin vizajında istifadə edilməməlidir. Həmçinin vizajist müştəri üçün istifadə etdiyi fırçanı yenidən ənlik və kirşana vurmamalıdır. Belə məqamlara mütləq əməl olunmalıdır ki, müştərilər arasında virusa yoluxma təhlükəsi artmasın”.

Kosmetoloq pandemiya dövründə qəti şəkildə dodaq boyasından bütün müştərilərin istifadə etməsinin yolverilməz olduğunu söyləyib. Onun sözlərinə görə, vizaj zamanı müştərilər öz dodaq boyasından istifadə etməlidirlər:

“Görülən bütün gigiyenik tədbirlərə rəğmən vizaj zamanı virusa yoluxma riski  yenə də qalır”.