Qrip qapımızı döyür

Qəti qorxusu yoxdur

Xoşbəxt o adamdır, qrip keçirir, sonra koronavirusa yoluxur və ya əksinə


Payız-qış ayları yuxarı tənəffüs yolları xəstəliklərinin, qrip infeksiyalarının artdığı dövr hesab edilir. Havaların soyuması ilə xəstələnənlərin sayı da artır. Bəlkə də təşvişə düşməyə əsas olmazdı, 2020-ci ilə koronavirus damğasını vurmasaydı. Lakin tibb alimləri insanları xüsusilə payız-qış mövsümündə ehtiyatlı olmağa çağırır. Mütəxəssislərin fikrincə, adi, sıradan bir hal – mövsümi xəstəlik kimi baxdığımız sadə qrip koronavirusla mübarizədə gücümüzü zəiflədə bilər.     

"Sputnik Azərbaycan"ın məlumatına görə, "The Daily Telegraph" qəzeti mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxmanın (super infeksiya) insanın ölüm riskini xeyli artırdığına dair Böyük Britaniyanın "Public Health England" (PHE) hökumət xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəlidir. Yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı "super infeksiyaya" yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki, təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir.

PHE-nin tibbi direktoru İvonn Doyl bildirib ki, insanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu, belə deyil. Əgər siz hər iki infeksiyaya yoluxsanız ciddi problemləriniz olacaq. 

Hava soyuyanda mövsümi xəstəliklərin artması gözləniləndir. İmmuniteti zəif olanlar mövsümi infeksiyalara daha tez yoluxur. 

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yanaşı yoluxma halının hələ ki, rəsmi qeydə alınmadığını dedi: 

- Qrip, paraqrip kimi virus infeksiyaları ilə eyni vaxtda həm də koronavirusa  yoluxma halı çox nadir hallarda ola bilər. Hələ ki, bizim ölkədə yanaşı yoluxma halı ilə bağlı heç bir fakt qeydə alınmayıb.

Mən həmişə deyirəm ki, xoşbəxt o adamdır, qrip keçirir, sonra koronavirusa yoluxur və ya əksinə, koronavirusa yoluxur, sonra qrip keçirir.

Çünki hər iki halda orqanizmdə  infeksiyaya qarşı immunitet formalaşmış olur, nəticədə insan xəstəliklə mübarizə apara bilir və xəstəliyə qalib gəlmə ehtimalı da yüksək olur. Amma eyni vaxtda həm koronavirusa yoluxsun, həm də qripə, belə hal hələ ki, qeydə alınmayıb. 

Ş.Məmmədov  qrip əleyhinə peyvənd olduğunu, məsələn, Rusiyada qrip əleyhinə peyvəndləmə aparıldığını bildirdi: 

- Ölkəmizdə qrip əleyhinə peyvəndləmə könüllüdür. Və dövlət proqramına daxil deyil. Yəni bu peyvənd bir sıra digər xəstəliklərə qarşı (qızılca, hepatit, vərəm, poliomielit, göyöskürək, məxmərək...) edilən peyvəndlər kimi zəruri sayılmır.

Məsələn, pnevmokokk infeksiyası əleyhinə peyvənd də artıq dövlət proqramına daxil edilib və uşaqlara vurulur.

Payız mövsümündə əlbəttə, insanlar sağlamlıqlarına qarşı xüsusilə diqqətli olmalıdırlar. Mövsüm dəyişkənliyi, havaların qeyri-sabit keçməsi zəif orqanizmlərin müxtəlif infeksiyalara yoluxma riskini artırır.

Ona görə də mütləq profilaktik tədbirlər görülməlidir. Hazırda əhalinin əksəriyyəti qoruyucu maska taxır, gigiyena qaydalarına əməl etməyə çalışır, kim necə bacarır və necə düşünürsə.

Amma ən əsas immunitetin yüksəldilməsidir ki, bunun da başlıca yolu hər gün idman etməkdir. Bizim millət də idmandan uzaqdır, təəssüf ki. Bir də sağlam qidalanma.