Deputat danışıqların yolunu göstərdi: “Sülh o zaman mümkündür ki...”

“...Ermənistan Dağlıq Qarabağdan çıxmaq üçün bir neçə gün vaxt istəsin”

“Sonra biz erməni icmasına mədəni muxtariyyət verə bilərik. Onlar da Azərbaycan vətəndaşları ilə dinc yaşayarlar”

“Biz Ermənistan xalqı yox, ordusu, hərbi-siyasi hakimiyyəti ilə müharibə aparırıq”


Ayı kimi otuz ildir “qış yuxusuna” gedən ATƏT-in Minsk qrupunun oyanacağına heç ümidimiz yox idi. Nə əcəbsə, bezib oyanıb. Alla bilir, bu dəfə hansı yuxunu görüb...Amma nə yuxu görübsə, missiyası yadına düşüb, başlayıb haray-həşir salmağa. Bir neçə gündür, beynəlxalq ictimaiyyət Azərbaycanı danışıqlara çağırır. Bu da sizə toydan sonra nağara...

 Millət vəkili Razi Nurullayev “Sherg.az”a bildirdi ki, çağırışlara əhəmiyyət vermək lazım deyil:

“Biz otuz Avropa ölkəsinə, beynəlxalq ictimaiyyətə, o cümlədən ATƏT-in Minsk qrupuna müraciətlər ünvanlayır, xahişlər edirdik. Amma nəticəsiz qalırdı. Bizi saymırdılar.

İndi tam hüququmuz var ki, biz də onları saymayaq, dediklərinə əməl etməyək. Əgər, həqiqətən, narahat idilərsə, ürəkləri yanırdısa, vaxtında münasibətlərini göstərərdilər”.

 R.Nurullayev danışıqların  yolunu da göstərdi: 

"Sülh o zaman mümkündür ki, Ermənistan Dağlıq Qarabağdan çıxmaq üçün bir neçə gün vaxt istəsin. Sonra biz erməni icmasına mədəni muxtariyyət verə bilərik. Onlar da Azərbaycan vətəndaşları ilə dinc yaşayarlar.

Biz Ermənistan xalqı yox, ordusu, hərbi-siyasi hakimiyyəti ilə müharibə aparırıq. Xalq bunu bilməli və özü öz hərbi-siyasi hakimiyyətini dayandırmalıdır”.