Çavuşoğlu-Stoltenberq görüşü ! – “NATO Azərbaycan əleyhinə bəyanat verməyəcək!" - Fransaya cavab!

“Ola bilsin, Türkiyə xarici işlər naziri ilə görüşlərin təşkili məsələsində də Fransa NATO-ya təzyiq göstərib”

“Amma nəzərə almaq lazımdır ki, indi bu təşkilatda rəsmi Parisin mövqeyi digər dövlətlərə nisbətən daha zəifdir”

“Çavuşoğlu NATO baş katibi ilə görüşməklə Türkiyənin buradakı mövqeyinə Fransanın təsir edə bilməyəcəyini göstərdi”



 
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Bu barədə M. Çavuşoğlu Ankarada səfərdə olan Y.Stoltenberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Nazir deyib ki, Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bəllidir. Türkiyə XİN başçısı S-400-lə də bağlı Y. Stoltenberqlə müzakirə apardıqlarını vurğulayıb.

 İndiki məqamda Türkiyənin Azərbaycana mənəvi dəstəyi göz qabağındadır. Deməli, NATO Baş katibi ilə sözügedən görüş də artıq müharibəyə çevrilən Dağlıq Qarabağ münaqişəsində ciddi dəyişikliklərə səbəb ola bilər.



Siyasi analitik Turab Rzayev görüşlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb:

- Çavuşoğlu-Stoltenberq görüşünün nəticəsi barədə nə düşünürsünüz?

-NATO-nun məsələyə kəskin reaksiyası olmayacaq. Fikrimcə, bizim əleyhimizə hansısa bəyanatdan söhbət gedə bilməz. Ümumiyyətlə, adıçəkilən qurum indi Dağlıq Qarabağ münaqişəsinə xüsusi maraq göstərmir.

- Bu nə ilə bağlıdır?

- Çünki NATO-ya daxil olan ayrı-ayrı ölkələrdə hazırda davam edən müharibəyə münasibət fərqlidir. ABŞ hələ ki, gözləmə mövqeyindədir. Almaniya mülayim siyasət yeridərək, tərəfləri qarşılıqlı sülhə çağırır. Türkiyə həmişəki kimi yenə bizi dəstəkləyir. Fransa isə açıq-aydın işğalçıya haqq verərək, hər vəchlə müharibəni dayandırmağa çalışır. Ola bilsin, Türkiyə xarici işlər naziri ilə görüşlərin təşkili məsələsində də Fransa NATO-ya təzyiq göstərib. Amma nəzərə almaq lazımdır ki, indi NATO-da Fransanın mövqeyi digər dövlətlərə nisbətən daha zəifdir.

- Sizcə, NATO müharibənin ədalətli həlli istiqamətində hansı addımları ata bilər?

- Bu təşkilat həmişə daha neytral mövqeyi ilə seçilib. Hətta Barak Obamanın hakimiyyəti dövründə ABŞ-la Türkiyə arasında münasibətlər pisləşəndə də tərəflər arasında balans yaratmağı bacarıb. Yəni NATO-nun müdaxiləsi həmişə təzyiqi salmaq məqsədli olub. Tərəfləri ortaq məxrəcə gətirməyə cəhd edib, sülh yaratmaq missiyasından çıxış edib.

- NATO - yenə də siz dediyiniz mövqedən çıxış etsə, bu, Dağlıq Qarabağın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması baxımından bizə nələr vəd edir?

- Sadəcə ümumi bəyanatlar verilə bilər. NATO deyər ki, regionda sülhün tərəfdarıdır. Əlbəttə, bu, bütün Avropa dövlətlərinin ümumi rəyidir. Heç kim müharibə istədiyini deməz. Yəni sülh mövqelərindən çıxış etmələri normaldır. Daha qorxulusu NATO-nun hərbi müdaxilə yolunu seçməsidir. Hərçənd, bir daha deyirəm, danışıqların nəticəsinin Azərbaycanın əleyhinə olacağına inanmıram. Ümumiyyətlə, fikrimcə, danışıqlarda məqsəd başqa idi.

- Nə?

Fransa Türkiyəyə təzyiqlər edərək deyirdi ki, onun NATO-dakı yerini gözdən keçirmək lazımdır. Fransa Türkiyəni NATO ölkəsinə uyğun davranmadığına görə tənqid edirdi. Guya Türkiyə Avropa dəyərlərinə hörmətlə yanaşmır. Çavuşoğlu NATO baş katibi ilə görüşməklə qarşılıqlı əlaqələrin çox normal olduğunu və Türkiyənin buradakı mövqeyinə Fransanın təsir edə bilməyəcəyini göstərdi.