Vaksinin tapılması uzun çəkəcək

Hələ ki, yeganə yol sanitar qaydalara əməl etməkdir

"Əsgərlərimiz biz yaşayaq deyə vuruşurlar. Onlar yaşasın deyə, biz də burada koronavirusla vuruşmalıyıq"

"Uzun elmi axtarışlara baxmayaraq, hələ "COVİD-19" virusunun nə vaksini, nə də müalicəsi tapılıb. Dünya alimlərinin araşdırma və təcrübələri davam etsə də, hələ ki, yeganə yol sanitar qaydalara əməl etməkdir".

Bu sözləri "Şərq"ə açıqlamasında həkim Zəka Məmmədli deyib. Onun sözlərinə görə, koronavirusun qarşısını alacaq vaksinin tapılmaması da yoluxmaya öz mənfi təsirini göstərir: "İstər ictimai nəqliyyat dayanacaqlarında, istərsə də küçələrdə davamlı olaraq reklam çarxları insanları qaydalara əməl etməyə çağırır.

Yəni dövlət tərəfindən lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülür. Biz əgər pandemiyanın birinci mərhələsində yalnız virusa qarşı mübarizə aparırdıqsa, indi paralel olaraq daha təhlükəli olan bir virusla da mübarizə aparırıq.  Erməni faşizmi ilə mübarizə aparmaqla biz həm fərd, həm də toplum olaraq indi yüzqat məsuliyyət daşıyırıq.

Bu reallığı nəzərə alaraq hər bir davranışımızla cəbhədə gedən proseslərə, ordumuzun müzəffər yürüşünə kömək etməliyik. Hər birimizin qəlbi bu gün ordumuzla döyünür.

Onlar bizi, vətəni qoruyur, torpaqlarımızın hər qarışı uğrunda şəhid qanı axıdılır. Bizim onlara köməyimiz yalnız burada, öz evimizdə özümüzü, sağlamlığımızı qorumaqdır.

Gəlin bir düşünək, əgər biz arxa cəbhədə özümüzü qorumasaq və  virusla birgə mübarizə aparmasaq, nəticə nə ola bilər? Təbii ki, xəstəlik sayı günbəgün artar, səhiyyə təşkilatlarımız iki cəbhəyə bölünmək məcburiyyətində qalar.

Çünki hər bir vətəndaşın sağlamlığı dövlətimiz üçün önəmlidir.  Amma hərbiçilərimizin həyatı hamımız üçün daha önəmli olmalıdır.

Çünki onlar biz yaşayaq deyə vuruşurlar. Onlar yaşasın deyə, biz də burada koronavirusla vuruşmalıyıq”.