Bütün dünyada iqtisadi çətinliklər hökm sürür

Azərbaycanda da hüquqi və fiziki şəxslər depozitlərini banklardan çəkirlər

"Pandemiya ilə əlaqədar bir sıra ölkələrdə banklarda depozitlərin həcmi kəskin şəkildə azalmaqdadır. Məsələ ondadır ki, yaranan iqtisadi çətinliklərlə əlaqədar hüquqi və fiziki şəxslər depozitlərini banklardan çəkirlər. Düzdür, Azərbaycanda da banklarda analoji proses gedir. Ümumiyyətlə, depozitlər Azərbaycanda ən çox üstünlük verilən investisiya növüdür". 



Bu sözləri iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. O vurğulayıb ki, Azərbaycan banklarına qoyulan müddətli əmanətlər son zamanlar azalmaqdadır: "Mərkəzi Bankın açıqlamasına görə, Azərbaycan banklarına qoyulan depozitlər bu il noyabrın 1-nə 22 442,1 milyon manat təşkil edib.

Bu, oktyabrın 1-i ilə müqayisədə 0,2 faiz azdır. Bank depozitləri ilin əvvəlinə nisbətən 9,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,1 faiz azalıb. İqtisadi fəallığın azalması, xarici turist səfərlərinin olmaması da depozitlərin banklardan çıxarılma vəziyyətinə öz təsirini göstərir".