Gərək peşəkar təhlil aparılsın

Ekspert keçmiş nazirlə razılaşmır

Naxçıvan marşrutu ilə bağlı müzakirələrin başlanması yaxşıdır, amma çox etibarlı rəqəmlər üzərindən, obyektiv və peşəkar analizlərə ehtiyac var

Keçmiş maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında Naxçıvan vasitəsilə gələcəkdə tikiləcək quru yolu Bakı-Tbilisi-Qars dəmir yoluna nisbətən 1.7 dəfə (343 km) qısa olacaq.

Məsələni "Şərq"ə şərh edən iqtisadcı-ekspert Rövşən Ağayev isə bildirib ki, normalda hər iki xətt üzrə dəmir yolu ilə avtomobil yolu müqayisə edilməlidir:

“Niyə dəmir yolu marşrutu ilə avtomobil yolu marşrutu müqayisə edilir? Bir müqayisə deyim: Naxçıvan vasitəsilə Bakı-Türkiyə sərhədi arasında avtomobil yolu arasında məsafə təxminən 750 km-dir.

Gürcüstan vasitəsilə Bakı-Türkiyə sərhəddi arasında avtomobil yolu arasında məsafə isə təxminən 930 km-dir.

Yəni göründüyü kimi fərq heç də 1.7 dəfə yox, ən yaxşı halda 15 faizlik bir fərqdən söhbət gedir. Yeni tranzit imkanı kimi Naxçıvan marşrutu ilə bağlı müzakirələrin başlanması yaxşıdır, amma çox etibarlı rəqəmlər üzərindən, obyektiv və peşəkar analizlərə ehtiyac var”.

Bu məsələdə geniş araşdırma və dəyərləndirməyə ehtiyac olduğunu vurğulayan ekspert qeyd edib ki, Gürcüstan marşrutunun ən böyük üstünlüyü odur ki, Türkiyə və oradan Avropaya birbaşa dəniz xəttilə də çıxmaq olur:

“Lakin Naxçıvan marşrutu ilə dənizə çıxış üçün daşınan yüklərin Qarsdan boşaldılıb yenidən yüklənmə nəticəsində avtomobil yolu ilə çatdırılmasına ehtiyac var. Hər 2 yolun öz üstünlükləri və çatışmazlıqları var, amma gərək çox peşəkar təhlil olsun”.