"Hamıya demişdim ki, Şuşa alınanda mənə deməyin" - SÖHBƏT

Bəyimxanım Verdiyeva: "Çünki dözə bilmərəm, sevincdən ürəyim partlaya bilərdi"

"Atam Xan Şuşinski səsini eşidən olmasın deyə Cıdır düzündə oxuyarmış"


Şuşanın dağları, başı dumanlı.
Qırmızı koftalı, yaşıl tumanlı.
Dərdindən ölməyə çoxdur gümanlı...

Tarixi qələbəmiz ərəfəsində bu misraları və Xan Şuşinskini düşünməmək olmur. Rəşadətli Ordumuzun zəfərindən sonra o böyük torpağın – Şuşanın dahiləri bir-bir gözümüzün önündə canlanır. Əminəm ki, Şuşinskinin qızı Bəyimxanım Verdiyeva ilə söhbətimizdən sonra Şuşanı, Xan əmini daha yaxından tanıyacaqsız.

Hətta mən bu söhbətimiz zamanı özümü Şuşada, Cıdır düzündə, Şuşa qalasında, İsa bulağında hiss etdim.
"Allah Qarabağda qəhrəmancasına vuruşan, şəhidlik zirvəsinə ucalan əsgərlərimizə rəhmət eləsin. Onların hər birinin ruhları və valideyinləri qarşısında baş əyirəm. Vətən, haqq, ədalət müharibəmizdə yaralanan əsgərlərimiz var, onların hər birinə şəfa diləyirəm. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə olan hər kəs vətən üçün çalışdı". 

Bu sözlər Xan Əminin qızı, "Xan Şuşinski" fondunun təsisçisi və rəhbəri Bəyimxanım Verdiyevaya məxsusdur. O, "Şərq"ə müsahibəsində sevincini, hisslərini, Şuşadakı uşaqlıq, gənclik və atası Xan Şuşinski ilə birgə  xatirələrini bölüşüb. Müsahibəni təqdim edirik.

- Şuşa deyəndə atanız Xan Şuşunski ilk ağla gələn sənətkarlardandır. Onun qanını daşıyan övlad olaraq, çox maraqlıdır. Siz necə qarşıladız Şüşanın azadlıq xəbərini?

 - Mən sentyabrın 27-sindən yuxu nədir bilməmişəm. Özümü elə hiss edirdim ki, sanki mən də səngərdə, vuruşan əsgərlərimizin yanında, ön cəbhədəyəm. Özümə rahatlıq tapa bilmirdim. Yatmaq nədir?!  Televizor səhərədək açıq qalırdı, telefon əlimdə, hamı kimi narahat xəbərləri gözləyirdim. Şuşanın işğaldan azad olunmasından bir həftə öncə mənə müxtəlif təbriklər yazırdılar. Bu təbriklər məni Şuşanın azad olması xəbərinə hazırlayırdı. Mən hamıya demişdim ki, Şuşa azad olunduğu gün mənə xəbər verməyin, dözə bilmərəm, sevincdən ürəyim partlaya bilər. Cənab Prezidentimiz də həmin xəbərdən bir neçə gün öncə demişdi ki, Şuşa bizə bir nəfəs qədər yaxındır. Sanki bu sözlərdən sonra mən özümü hazırlamağa çalışdım. İndi də danışanda kövrəlirəm (gözləri dolur). Həm sevincli, qürurluyam, həm də narahatam. Hisslərimi sözlə ifadə edə bilmirəm. Ümumiyyətlə, bir övlad olaraq valideynlərimiz bizi çox vətənpərvər ruhda böyüdüb. Həmin xəbəri eşidəndə mən evdə idim. İnanın ki, təbrik üçün mənə 500-600 nəfər zəng edib. Heç kəsin təbriklərinə baxmadan, telefonu qaldırmadan bir saat oturub ağlamışam. Özü də oxuya-oxuya. Şuşa mənim üçün çox əziz, doğma olub. Mənim bütün analı, atalı, xoşbəxt uşaqlıq illərim orada keçib. Bir saat doyunca ağlayandan sonra gördüm ki, artıq uşaqlar da mənim üçün narahat olur. Övladlarım soruşurdu "Niyə telefona cavab vermirsən? Bütün televiziya kanalları səni axtarır. Növbə-növbə gedib hamısında öz sevincini bölüş". Şuşanın işğaldan azad olunması xəbərini belə qarşıladım. Göz yaşlarım qurumurdu. Bunlar sevinc göz yaşları idi. Allah cənab Prezidentimizi qorusun ki, bu sevinci bizə yaşatdı və bu əməli ilə yeni tarix yazdı. 

- Uşaqlıq və gənclik illərinizi orada keçirmisiz. Bizə öz xatirələrinizdən danışın. Necə yadınızda qalıb Şuşa?

 - Bir zamanlar Şuşaya Qafqazın konservatoriyası deyirdilər. Ancaq mən deyərdim, Şərqin konservatoriyasıdır. İnanırsız, orda elə çiçəklər var ki, mən dünyanın heç bir yerində belə güllər görməmişəm. Onların ətri, rahiyəsi ətrafa elə yayılırdı ki, insan o qoxudan valeh olurdu. Doğrudan da elə bil cənnətdə idi insan. 
1905, 1908, 1918-ci illərdə, həmçinin sovet hökuməti qurulan dövrdə Şuşa ətrafındakı kəndlər və evlər yandırılıb dağıdılmışdı. Sonra 1960-cı ildə atam dahi bəstəkarımız Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəyovun evini alır. Bu ev Üzeyir bəyin ev muzeyi ilə bitişik, iki mərtəbəli gözəl mülk idi. Balkonuna çıxanda bütün Şuşa görünürdü, çox gözəl mənzərə açılırdı, sanki adam şəklə baxırdı. Həyətimizdə gözəl ağaclar, yaşıllıq var idi, bulaq axırdı. Bizdən bir az aşağıda böyük sənətkar, bəstəkar Süleyman Ələsgərov yaşayırdı. Hər zaman qapısı qonağa açıq idi. O vaxt tək Azərbaycandan deyil, başqa ölkələrdən də tanınmış adamlar Süleyman Ələsgərovgilə qonaq gələrdilər. Onlarla qonşu idik. Biz gedib Şuşaya çatan kimi xeyli qonaqlarımız gəlirdi, inanın ki, evimizdə yer olmurdu (gülür). Həyətmizdə bulaq var idi. Qarpızı aparıb ora qoyurduq, beş dəqiqə sonra götürəndə elə bil adamın dişi donurdu. O bulaqlardan su içirdik, amma xəstələnmirdik, çünki su saf, təmiz idi. Cıdır düzünə, İsa bulağına gedirdik. Çox gözəl istirahət edirdik. Evimizdən yuxarıda mədəniyyət sarayı var idi, tez-tez konsertlər olurdu. Teatr tamaşalarına gedirdik. Ümumiyyətlə, Şuşa şəhəri qaynayırdı. Şuşalılar o qədər gözəl insanlar idi ki, hər evdən musiqi səsi gəlirdi, hər gün mədəniyyət sarayında konsert və yaxud tamaşa olurdusa hamı istəyirdi getsin, gündə üç-dörd dəfə filmlər nümayiş olunurdu. Orada istirahət evi var idi. Başqa ölkələrdən turistlər gəlirdi. Biz də gedirdik ora.  Elə bir gün olmurdu ki, bizə qonaq gəlməsin. Yığışıb gedirdik İsa bulağına, Cıdır düzünə. Şuşada, həmçinin, billur bulaqlar ilə bərabər mineral sular da var. Onlardan biri də “Turş su" adlanır. Kim nə qədər istəyirdisə, xüsusilə qadınlar, kuzələrinə doldurub evlərinə aparırdılar. Şəhərin mərkəzində "Güllü bağ" var idi. O qədər çiçək olurdu  ki, orda güllərin ətri, rahiyəsi ətrafa yayılırdı. Atam Xan Şuşinskinin öz skamyası var idi, orada oturardı və hamı uzaqdan tamaşa edərdi. O qədər ona hörmət, sevgi var idi. Təkcə Şuşada yox, elə ümumi Azərbaycanda da. Hər zaman xalqımız sənətə, sənətkara dəyər verib. Hamı ona elə rəğbət, sitayiş ilə baxırdı ki, ondan avtoqraf almaq  istəyirdilər. Atam "Güllü bağ"a getməyəndə  onun yerində heç kəs oturmazdı. O, Xanın yeri idi. Dediyim kimi, Üzeyir bəyin muzeyi ilə bizim evimiz bitişik idi. Ora gələnlər eşidəndə ki, muzeylə bitişik evdə dahi sənətkar, canlı karifey Xan Şuşınski yaşayır, hər kəs onunla görüşmək, avtoqraf almaq istəyirdi. Atam da bütün orden, medallarını sinəsinə taxardı, başına buxara papağını qoyardı. Atam qürurlu, əzəmətli yerişi, müdrik kəlamları ilə əsl xan adına yaraşan şəxsiyyət idi. Şuşanın havası şüşə kimi idi. O qədər təmiz idi ki, şəhərə şüşə də deyirdilər. Sonra bir müddət "Qala" adlandırıldı. Elə dahi sənətkarımız Rəşid Behbudovun "Qalalıyam Qalalı" mahnısı da məhz Şuşaya həsr olunmuşdu. Qalalıyam demək istəyəndə şuşalıyam demək istəyirdi. Onun atası Məcid Behbudov da şuşalı idi. Şəhərin ətrafında 37  kənd, özündə 17 məhəllə və hər birinin də öz məscidi, hamamı, bulağı var idi. İncəsənət, mədəniyyət mərkəzi idi Şuşa. Hələ keçən əsrlərdə  realni məktəb fəaliyyət göstərirdi. Orada yaşayanlar çox savadlı insanlar idi. Şuşa mənim ən gözəl, ən sevincli günlərimi yaşadığım şəhərdir.

- Xan Şuşinskinin sizə danışdığı xatirələrindən, sənət yolundan nələr yadınızda qalıb?

 - Yəqin ki, bilirsiz mənim atam İsfəndiyar Aslanağa oğlu Cavanşir Qarabağ torpaqlarında Qarabağ xanlığını yaratmış  Pənahəli xan Cavanşirin nəslindəndir. Bizim əsl soyadımız Cavanşir gedir. Yəni bizim şəcərəmizdə qeyd olunduğu kimi atam İbrahimxəlil xan Cavanşirinin oğlu Məhəmməd Həsən ağa Cavanşirin kötükcəsidir. Bizim soykökümüz, nəslimiz, soyadımız Qarabağ xanlığının soyadı ilə bağlıdır, biz o kökdənik. Atam öz xatirələrində  söyləyirdi ki, o dövrdə 1908-ci illərdə, yəni körpə olduğu vaxtlarda babam Aslan ağa demək olar hər həftə öz evində musiqili, ədəbi gecələr keçirirmiş, Şuşanın zəkalı, elmli insanlarını, musiqiçiləri dəvət edərmiş. Atam danışardı ki, evimizdə patifon var idi, yəni qramafon vallarını onun  vasitəsilə dinləyər, şərqin tanınmış dühalarının səs yazılarına qulaq asardı. O gecələrdə çağırılan qonaqlar şeirlər yazar, elə oradaca musiqilər bəstələyərdilər. O vaxtı sazəndə dəstələrimiz var idi. Kamança, dəf, balaban kimi, hətta kanon kimi alətlərdən ibarət idi və o dəstələrdə mahnılar ifa olunar, gecələr keçirilərdi. Bəlkə də balaca İsfəndiyarda incəsənətə, musiqiyə maraq elə həmin gecələrdən keçmişdi. Babam Aslan ağa çox gözəl tar çalardı. Atam da ilk dəfə tar çalmağa başlayanda özü oxuyaraq müşayiət edərdi. Səsi çox güclü olduğundan evdə oxuya bilmədiyini deyərdi. O vaxt qablar rəflərə düzülürdü və səsinin gücündən qablar, sanki bir-birinə dəyib cingildəyirdi. Ona görə də səsini eşidən olmasın deyə qaçıb Cıdır düzündə oxuyarmış. Təbii ki, səsi də ətrafa yayılırdı. Babam atamdakı musiqiyə olan marağı görəndə muğamın sirlərini öyrənsin deyə dövrünün çox zəkalı, tanınmış, böyük sənətkarı İslam Abdullayevin yanına qoyur. Hansı ki, həmin  sənətkara "segah İslam" deyərdilər. Həm də atam 1929-cu ildə Xankəndində xalq çalğı musiqi alətləri ifaçılarından ibarət "Qarabağ" adlı ansambl yaratmışdı. Həmin ansambl ilə təkcə Qarabağda yox, Azərbaycanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxışlar ediblər. Atam söyləyirdi ki, o dövrdə Üzeyir bəy onun səsini çox bəyəndi və İtaliyaya, Milana vokal təhsili almaq üçün göndərmək istəyib. O evə gedəndə, təbii ki, evdəkilər ilə məsləhətləşib. Amma atası deyib ki, səsim əlimdən alındığı üçün  heç yerdə işləyə bilmərəm. Nənəm Bəyimxanım da elə o ərəfdə dünyasını dəyişir. Atamdan başqa evdə körpə uşaqlar var idi. Atası deyib ki, sən getsən, qayıdanda artıq mənim dünyadan köç etdiyimi görəcəksən. Bu səbəbdən də  o, öz arzularının üzərindən xətt çəkərək həyatını muğam sənətinə bağlayır. Onu da qeyd edim ki, atam ən son 1976- cı ildə Şuşada oldu, ondan sonra xəstələndi. Şuşanı o qədər sevirdi ki, bir il ora getməyəndə doğma vətənindən ayrı qala bilmirdi. Deyirdi ki, mənə Şuşadan Xarıbülbül gətirin. Onun arzusu ilə Xarıbülbül gətirdilər. Və sanki əlinə alıb onunla danışırdı. Xan Şuşinski Qarabağın simvolu idi. Onu da qeyd etmək istəyərdim ki, atam Xan Şuşinski hazırda "xalq mahnısı" adı altında səslənən bir çox mahnıların müəllifidir. Hətta bəzilərinin sözləri də atama aiddir. Və o mahnılardan bir qismini 2004-cü ildə Azərbaycan Dövlət Müəllif Hüquqları Agentliyində təsdiq etdirərək şəhadətnamə aldıq. İlk dəfə Azərbaycan musiqi mədəniyyəti tarixində qadınla dueti atam oxuyub. O üç duet Qızıl fondda qorunaraq saxlanılır ki, onlardan birinin bəstəkarı Soltan Hacıbəyovdur, iki mahnının isə musiqisi atam Xan Şuşinskiyə aiddir. Onu da qeyd edim ki, o, "Mirzə Hüseyn" segahı muğamına manəndi - müxalifi hissəsini əlavə edərək muğamı daha da təkmilləşdirib. Və ilk dəfə Azərbaycan musiqi mədəniyyəti tarixində simfonik orkestr ilə muğamı atam oxuyub. İlk dəfə olaraq məhz atam 1943-cü ildə əməkdar artist adı almadan SSRİ-nin "Xalq artisti" fəxri adına və "Şərəf nişanı" ordeninə layiq görülüb.

- Bəlkə də elə bir insan yoxdur ki, "Şuşanın dağları" mahnısını bilməsin. Sözlərində açıq-aydın Azərbaycan bayrağının rənglərini təsəvvür edə bilirik. Atanız heç bu haqda danışıbmı sizinlə?

 - Atam Şuşanı canından artıq sevirdi. İlk dəfə Şuşa haqqında mahnını 1930-cu illərin əvvəllərində atam Xan Şuşinski yazıb. Mahnının sözləri də, musiqisi də ona aiddir. "Şuşanın dağları başı dumanlı..."   Bu mahnını yazarkən atam hiss edirdi ki, həqiqətən də Şuşasının başı dumanlıdır... Bu sözə görə atamı o vaxt NKVD-yə dəvət ediblər ki, sovet Şuşasının da başı dumanlı olarmı?! Sətiraltı da olsa o dövrdə atam bu mahnıda müqəddəs bayrağımızı gələcək nəsillərə ərmağan edərək göstərmək istəmişdi. Mən həmişə soruşuram ki, niyə otuz ilə yaxın müddətdə Şuşa şəhəri işğal altında oldu, amma bu şəhərdə ermənilərdən bir nəfər də olsa tanınmış şəxsiyyət yetişmədi?! Çünki torpaq da xəyanəti, yalanı sevmir. Baxın, Xarıbülbül bizim köçkünlərimiz ilə bərabər o yerlərdən köç eləmişdi.

- Şuşinskinin Bülbül, Asəf Zeynallı, Fikrət Əmirov kimi şəxsiyyətlər ilə yaxın dostluğu olub. Bir çox ustadlar öz şeirlərində ona yer verib. Onlarla bağlı hansısa xatirələrindən danışıb sizə?

 - Doğrudur, bir xatirə söyləmək istəyirəm. 1920-ci illərin əvvəllərində dahi vokal sənətkarımız Bülbül böyük bəstəkarımız Asəf Zeynallı ilə Azərbaycanın  müxtəlif bölgələrinə gedərək orada xalq mahnıları toplayıb notlaşdırmışdılar. O cümlədən, Qarabağa da gəlmişdilər. Bülbül öz xatirələrində söyləyir: "Yol boyu Asəf Zeynallı məndən xahiş edirdi ki, mütləq onu Xan Şuşinski ilə tanış edim. Cıdır düzünə getdik. Uzaqdan gözəl səs eşidilirdi. Dedim bu oxuyan Xandır. Azəf Zeynallı da soruşdu ki, bəs onu necə çağıra bilərik yanımıza, hardan bilək  o hansı səmtdədi? Mənsə dedim ki,  indi oxuyacam və o mənim səsimi eşidən kimi hay verib gələcək".

  Bu səhnəni gözümün qarşısına gətirəndə görürəm ki, sənət dünyasının  iki böyük sənətkarı öz doğulduqları doğma vətənləri Şuşada, Cıdır düzündə biri-birlərini sanki bülbül kimi cəh-cəh vuraraq çağırırdılar. Sonra Bülbül deyir ki, Xan gəldi, görüşdük. Həmin gün Xanın ifasında xeyli mahnı dinləyiblər. Və onları  Xalq mahnıları adı altında notlaşdırıblar. Bu bir xatirədir. Səməd Vurğun özünün məşhur "Azərbaycan" poemasında Qarabağı Xanın adı ilə bağlamışdı. O həm atamın bir zamanlar Qarabağ xanlığını qurub yaradan Pənahəli xanın nəslindən olduğunu, həm də Şuşinskinin doğma vətəninə, yurduna bağlı şəxsiyyət olduğunu bildiyindən məhz o poemada Qarabağı atamın adı ilə bağlamışdı.
Könlüm keçir Qarabağdan.

Gah o dağdan, gah bu dağdan.
Axşamüstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi. 

Əliağa Vahid deyirdi: "Oxunsun zəfər nəğməsi, Vahidin qəzəli, Xanın xoş səsi". İlyas Əfəndiyev özünün "Dağ arxasında üç dost" əsərində məhz Qarabağda olan əhvalatlarda Xanın  şəxsiyyəti haqqında böyük məlumat vermişdi. Şair Məmməd Rahim özünün "Qarabağ" poemasını bu sətirlərlə söz açır: 

Gözəl Qarabağa onda get ki, sən,
Yaşıl yamaclarda yüz canan olsun.
İsa bulağında, Cıdır düzündə,
Səsi dağ çeşməsi, dostum Xan olsun. 

Xan Şuşinskinin sənətinə, şəxsiyyətinə dəyər verən çox yaxşı insanlar ilə dostluğu, qardaşlığı var idi. O cümlədən xalçaçı rəssam, alim, əslən şuşalı olan Lətif Kərimov, Niyazi, Fikrət Əmirov ilə də yaxın dostluğu olub. Fikrət Əmirov "Muğam" simfonik əsərlərini yazanda muğam bilgilərini almaq üçün atam ilə məsləhətləşmişdi.

- Şuşa azad olanda, yəqin ki, ilk ağlınıza atanız, onunla birgə keçirdiyiniz uşaqlıq, gənclik illəri gəldi. Maraqlıdır, atanız bu gün yanınızda olsa idi, nə hisslər keçirərdi, sizcə?

 - Mən ümumiyyətlə, təsəvvür edə bilmirəm ki, atam Şuşanın işğalına necə dözərdi. Bilirsizmi, hərdən fikirləşirdim ki, nə yaxşı atam Qarabağın işğalını görmədi. O bu həsrətə dözə bilməzdi. Adicə bir il yayda Şuşaya getmədi, dözə bilmədi. Bu gün Üzeyir bəyin, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun, Sadıxcanın, Natavanın, atamın ruhu şaddır. Gündə bəlkə də on dəfə ağlayırdım. Fikrim, ürəyim qalmışdı igid əsgərlərin yanında, döyüş meydanında. Demək olar ki, Şuşanın, hər bir kəndimizin, qəsəbəmizin azad olunmasına çox sevinirəm. Bu, sevinc göz yaşları idi. Şuşaya yaxınlaşanda mən həyəcan keçirirdim, ora necə qalxacaqlarını fikirləşirdim. Şuşa şəhərini o vaxt Pənah xan ən yüksək zirvədə tikdirib. Mən çox narahat idim buna görə. Şükürlər olsun ki, Şuşa azad oldu. Mən Prezidentimizin bütün çıxışlarını izləyirdim. O, müxtəlif televiziya kanallarına otuzdan çox müsahibə vermişdi. Mən fəxr edirəm ki, dünya liderləri arasında çox böyük nüfuza malik, son dərəcə savadlı, təmkinli, diplomatik cəhətdən mükəmməl biliyə malik Prezidentimiz var. Cənab Prezidentimiz öz çıxışlarında qeyd edirdi ki, mən 17 ildir bu günə hazırlaşıram. Bu sevinci bizə yaşatdığı üçün bütün nəslimiz adından ona təşəkkür edirəm. Bugünki qələbəmizdə mən dahi sənətkarın qızı olaraq, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da adını çəkməyi özümə borc bilirəm. O, illərlə Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycanın milli, mənəvi dəyərlərini, musiqi alətlərimizi və "Qarabağ xanəndələri" diskini dünyaya tanıdaraq bugünkü qələbəmizə, sanki, addım-addım yaxınlaşırdı. Bu sevinci bizə bəxş etdiyi üçün bütün nəslimiz adından ona təşəkkür edirəm. Vətən müharibəsində Qarabağ uğrunda yaralanan bütün qazilərimizə can sağlığı, uzun ömür arzu edirəm. Şəhid olanlara Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun. Onları yetirən valideynlərin qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı arzu edirik. Xalqımız sağ olsun. Mən fəxr edirəm ki, belə millətim var. Bu savaşda hamı bir yumruq kimi cənab Prezidentimizin ətrafında birləşdi. Mən xalqımla fəxr edirəm!  Allah qismət etsin, tezliklə gedək doğma yurdumuza. Mənim üçün fərqi yoxdu. Şuşa, Ağdam, Kəlbəcər və s. Uşaqlıq yaşlarımda atam bizi aparardı Kəlbəcərə. O yaxşı at çapardı, mən də körpə qız idim və məni də alırdı qucağına, Kəlbəcərin dağlarının ən yüksək zirvələrinə qalxardıq. Ordan dayanıb atın belində bir oxuyardı ki, gəl görəsən. Yəni mənim üçün doğma Azərbaycanımızın hər bölgəsi doğmadı, əzizdir. Şuşaya Allah qismət etsin gedək. Təbii ki, onda öz evimizə gedəcəm. Çox böyük həsrətlə o günü gözləyirəm.

- 2011-ci ildə atanızın, yəni Xan Şuşinskinin adına fond yaratmısız. Fondun fəaliyyətinə nələr daxildir?

 - Fondumuz haqqında onu deyə bilərəm ki, 2011-ci ildə atam Xan Şuşinskinin anadan olmasının 110 illik yubiley tədbirləri ərəfəsində mən, həyat yoldaşım, respublikanın Xalq artisti, Gəncə filarmoniyasının, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı, tarzən Fikrət Verdiyev və mənim qızım Məryəm Hüseynova Xan Şuşinski adına fond yaratdıq. 2011-ci il, noyabr ayının 29-da fondumuz Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi, şəhadətnaməmizi aldıq və yarandığı ilk gündən fondumuz dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Yarandığı gündən bu zamana kimə biz Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski fondunun təşkilatçılığı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, "Könlüm keçir Qarabağdan",  xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik mövzusunda bir- birindən maraqlı, uğurlu layihələr, tədbirlər keçirmişik. Əsasən bizim işimiz təbliğat olub. Biz Fransanın Lion, İtaliyanın Milan, Avstriyanın Vyana, Çexiyanın Praqa, Macarıstanın Budapeşt, İngiltərənin London şəhərlərində bu mövzuda böyük tədbirlər keçirmişik. Hər gedəndə də özümüz ilə 4-5 çamadan Qarabağ həqiqətlərini özündə əks etdirən ingilis və ya digər xarici dillərə tərcümə olunmuş kitablar, braşurlar aparırdıq. Orada sərgi təşkil edirdik. Mən tərcüməçi vasitəsilə Qarabağ həqiqətləri, tarixi ilə bağlı geniş məlumat verirdim. Respublikanın Xalq artisti, tarzən Fikrət Verdiyevin rəhbərliyi altında musiqiçilərdən ibarət qrup bir zamanlar Qarabağda yaşayıb-yaratmış ustad sənətkarların sənət əsərlərindən ibarət gözəl konsert programı ilə çıxış edirdilər. Həmin tədbirlərdə istedadlı musiqiçilərimiz Anar Quliyev, Kamilə Nəbiyeva, respublikanın Əməkdar artistləri Ehtiram Hüseynov, Sevinc Sarıyeva, kaman ustalarından Respublikanın əməkdar artist Elşən Mansurov, Toğrul Əsədullayev, Habil Əliyev kimi bir kaman çıxış edirdilər. Ümumiyyətlə, fondumuzun məqsədi hələ 1747- ci ildə əzəli, əbədi, tarixi Qarabağ torpaqlarımızda "Qarabağ" xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin sülaləsinin layiqli övladı, böyük sənətkarlar tərəfindən ona verilən Xan adını həm səsi, şəxsiyyəti, həm də sənəti ilə doğruldan Xan Şuşinskinin zəngin irsinin öyrənilərək gənc nəsillərə çatdırılması, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, musiqisinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. Təvazökarlıqdan uzaq da olsa bu tədbirlərin keçirilməsinə görə şuranın fəxri fərmanları ilə mükafatlandırılmışıq. Keçən il cənab Prezidentimizin sərəncamı ilə Azərbaycan muğamlarının böyük ustadı Seyid Şuşinskinin anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq biz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Xan Şuşinski fondunun təşkilatçılığı ilə doğulub boya-başa çatdığı Horadiz şəhərində S.Şuşinskinin çox möhtəşəm yubiley tədbirini keçiridik. Bundan başqa Azərbaycanda, bölgələrdə məktəbli gənclər arasında milli musiqiyə marağı artırmaq, şəhidlərin xatirəsinin yad edilməsi ilə əlaqədar Lənkəran, Xaçmaz və Gəncə şəhərlərdə tədbirlər  keçirmişik. Bu il isə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski fondunun təşkilatçılığı ilə pandemiya ilə əlaqədar məktəblilərin təhsilinə yardım etmək üçün 20 nəfər şagirdə planşet hədiyyə etmişik