Artıq tək deyil, ortaq maraqlar var

Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması günün tələbidir

"Bu cür ortaq platformanın yaradılması ilə Azərbaycan həqiqətlərinin dünya mediasına çıxması asanlaşır. Digər tərəfdən isə bununla Azərbaycan müəyyən mənada dünya mediasına inteqrasiya olunur"


Dekabrın 10-da keçirilən Zəfər paradından sonra Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb. İki qardaş ölkə liderinin imza atdığı mühüm anlaşmalardan biri də “Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu” adlı sənəd olub. İmzalanmış sənədlə Azərbaycanla Türkiyənin maraqlarına uyğun məqamları bu platformadan işıqlandırmaq mümkün olacaq. Türkiyə və Azərbaycan arasında qurulacaq yeni ortaq media platforması ilə dezinformasiya xarakterli məlumatların qarşısının alınması hədəflənir.

Bundan əlavə televiziya və film sahəsində də ortaq işlər görüləcək. İmzalar atıldıqdan təxminən 3 ay müddətində layihənin həyata keçirilməsi planlaşdırılır. Bildirilib ki, media sahəsində məlumat, bilik, təcrübə və mənbələr mübadiləsi aparılacaq. Müxtəlif media və sektor nümayəndələri ilə ortaqlıqlar qurulacaq, təlim və mübadilə proqramları təşkil ediləcək. İki ölkənin fikir liderləri arasında rabitə körpüsü qurulacaq.

Türkiyə-Azərbaycan Birgə Media Platformasının prezidenti Fahrettin Altun Anlaşma Memorandumu barədə məlumat verib. O, strateji sahədəki tarix şüarını əlavə edərək, “Türkiyə və Azərbaycan – iki dövlət, bir millət” şüarı ilə “ictimai mediaya” qardaşlığımızı yeni əməkdaşlıqla gücləndirirəcəyik deyib: “Prezidentimiz və cənab Əliyevin rəhbərliyi altında bütün dünyaya bir daha çox güclü həmrəylik mesajı göndəririk. Türkiyə və Azərbaycana qarşı birlikdə, son hücumlarda hərəkətlərin həssaslığı kritikdir. Türkiyə ilə Azərbaycan arasındakı mediada xalq diplomatiyası sahəsində ünsiyyət və əməkdaşlığın genişləndirilməsi məsələsinin həyati əhəmiyyət daşıdığını görürük. Əlbəttə, bu məqsədlə Ortaq Media Platforması yaratmaq çox vacibdir. Həm insanlarımıza, həm də beynəlxalq ictimaiyyətə ən sürətli şəkildə doğru məlumat verməkdən, məlumat çirkliliyi, saxta xəbərlər və dezinformasiya ilə mübarizə aparmaq üçün geniş bir sahədə çalışacağıq. Şübhəsiz ki, platformamız müsbət ünsiyyət kampaniyaları aparmaq və qara təbliğatla mübarizə baxımından ölkələrimizi gücləndirəcək. Türkiyə ilə Azərbaycan arasındakı fərqli birlik və həmrəylik, düşünürəm ki, özünü media kanalları arasında qardaşlıq münasibətləri vəziyyətində göstərəcək”.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında memorandumla bağlı paylaşım edib. Prezidentin köməkçisi bildirib ki, iki ölkə arasındakı media platforması layihəsi praktiki olaraq inkişaf edir. Hikmət Hacıyev Türkiyə ilə Azərbaycanın hər vəziyyətdə bir-birinə yaxın olduğunu söyləyib. O, media və rabitə sahəsinin də sıx əməkdaşlığın çox əhəmiyyətli faydalar gətirəcəyini qeyd edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan Azərbaycan və Türkiyə arasında media platformasının yaradılmasının hər iki dövlət üçün olduqca önəmli olduğunu vurğulayıb. O qeyd edib ki, media ictimai fikrin yaradılmasında, eyni zamanda toplumun idarə edilməsində və maarifləndirmə üçün çox önəmli bir vasitədir: “İnformasiya bombardımanına” məruz qalan toplumlarda başlıca problem hansı xəbərin doğru, hansı xəbərin isə yanlış olmasını ayırd etməkdir. Son zamanlar Türkiyə və Azərbaycan qlobal güclərin məkrli planlarına xidmət edən media qurumlarının qara təxribatlarına məruz qalır”.

Türkiyəli diplomat bildirib ki, Ermənistanın Azərbaycan ərazisinin işğalını leqal hesab edən, PKK-PYD terror təşkilatının iç üzünü gizlədən, Türkiyənin Şərqi Aralıq Dənizində apardığı seysmik araşdırmalarını aqressiv siyasət kimi qələmə verən xəbərlərin yayımlanması bu media qurumların fəaliyyətidir: “Bu kimi neqativ halların qarşısını almaq üçün kütləvi maarifləndirmə məqsədi ilə həqiqətləri ortaya qoyan, qlobal güclərin, qara propaqandası nəticəsində yaranan informasiya çirkabını qurudan ortaq bir platforma yaradılmalı idi. Bunun başlıca yolu da Azərbaycan və Türkiyənin bir çox sahədə olan işbirliyinin media sahəsində olan işbirliyində əks etməsidir. İstanbulda alınan qərar da məhz bunun üçün alınıb.

Azərbaycanın media nümayəndələri də bu memorandumu yüksək qiymətləndiriblər.

BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Şərq”ə açıqlamasında sənədin əhəmiyyətini üç aspektdən qiymətləndirib:

“Türkiyə və Azərbaycan arasında ortaq media platformasının yaradılması ilk növbədə iç xəbərlərin doğru-dürüst çatdırılması, bəlli standartlara uyğun olması üçün çox vacibdir. İkinci bir tərəfdən, bu cür ortaq platformanın yaradılması ilə Azərbaycan həqiqətlərinin dünya mediasına çıxması asanlaşır. Digər tərəfdən isə bununla Azərbaycan müəyyən mənada dünya mediasına inteqrasiya olunur. Yəni əgər azad media kimi rol oynaya bilirsə, dünyanın aparıcı media agentlikləri üçün müəyyən mənbə rolunu oynayır, analitik materiallar verir, istinadlar olur, bununla da Azərbaycan mediasının qazancı olur”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ortaq media platforması yaradılması olduqca mühüm addımdır. O vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında müxtəlif istiqamətlərdə - təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat, hərbi sahələrdə çox yaxın münasibətlər mövcuddur:

“Bu əməkdaşlığın media istiqamətində də gücləndirilməsi və ortaq media platformasının qurulması ideyası olduqca zəruri və mühüm addımdır. Türkiyədə baş verən bir sıra hadisələr, Azərbaycanda Vətən müharibəsi bir daha sübut etdi ki, həqiqətən də bu iki ölkənin kütləvi informasiya vasitələri birgə əməkdaşlıq, hərəkət etməsi bir arzu yox, artıq bir zərurətə çevrilib. Çünki dünyanın bütün müstəqil siyasət yürütmək istəyən ölkələri kimi Azərbaycanın və Türkiyənin də müstəqil xarici siyasəti, öz taleyini özünü müəyyən etmək istəyi dünyanın bir çox super güc ölkələrinin qüvvələrini narahat edir. Onlar xüsusən də, media üzərindən ölkələrimizə qarşı qaralama kampaniyası həyata keçirirlər. Biz bunu Vətən müharibəsi dövründə daha aydın şəkildə görə bildik. Əlbəttə, bu bir daha Türkiyə və Azərbaycan jurnalistləri arasında ortaq platformanın yaradılmasında birgə əməkdaşlığı zərurətə gətirdi. Baxın, Türkiyə mediası Vətən müharibəsi dövründə yaxından iştirak etməsəydi, o cümlədən Azərbaycan həqiqətlərini operativ formada dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydı, hesab edirəm ki, biz bunu istədiyimiz qədər tək bacara bilməzdik. Ona görə də bu hadisələr və Türkiyədə baş verən digər hadisələr və Türkiyənin özünə qarşı dünyanın müxtəlif ölkələrindən media platformaları üzərindən aparılan hücumlar göstərdi ki, iki qardaş ölkənin mediası birgə işləməlidir. Bir sıra istiqamətlərdə əməkdaşlıq etməlidirlər”.

Ekspert vurğulayıb ki, Türkiyə mediası dünyada ən inkişaf etmiş mediası olan ölkələrdən sayılır:

“Türkiyə mediası bir çox istiqamətlərdə məzmun, texniki imkanlar və beynəlxalq əlaqələrin mövcudluğu baxımından dünyanın güclü mediaları ilə rəqabət aparacaq gücdədir. Təbii ki, bu çox önəmlidir. Eyni zamanda, Türkiyə bir dövlət olaraq elə bir mövqedədir ki, bu ölkənin mediası ilə əməkdaşlıq yalnız türk ictimaiyyətinə müraciət anlamına gəlmir.

Çünki Türkiyədə bu gün 400-dən çox müxtəlif ölkənin kütləvi informasiya vasitələri akkreditasiya olunub. Türkiyə bir dövlət olaraq dünyanın ən böyük ölkələrindən biridir.

Onun gündəmi də dünyanın gündəminə bərabərdir. Bu mənada Azərbaycan üçün də bu, yaxşı bir imkandır. Həmçinin Azərbaycan həqiqətlərinin də bundan sonra yayılması, təbliği üçün mühüm əhəmiyyət kəsb edəcək, eyni zamanda Türkiyə üçün də.

Bilirsiniz ki, Qafqaz regionunda Azərbaycan mediası bu bölgənin ən böyük mediasıdır. Yəni Azərbaycan KİV-ləri bu bölgədə ən çox tirajla dərc olunan kütləvi informasiya vasitəsidir. Bu mənada iki qardaş ölkənin birgə əməkdaşlığı hər iki ölkə üçün çox zəruridir.

Bu, ölkələrimizə qarşı zaman-zaman media platformaları üzərindən qaralama kampaniyası aparan qurumlara, şəxslərə qarşı yaxşı bir immunitet hazırlayacaq. Bu platformanın yaradılması hər iki ölkənin haqq səsinin çatdırılması işində başlıca rol oynayacaq”.