Koronavirus testlərinin qiyməti özəl klinikalarda fərqlidir

Dövlət burada qiymət işinə qarışa bilmir

Milli Məclisin 22 dekabr tarixində keçirilən plenar iclasında koronavirus testlərinin qiyməti müzakirə olunub. Deputat Əli Məsimli deyib ki, testlərin qiyməti aşağı salınmalıdır:
“Milli Məclisdə cəmiyyət tərəfindən qəbul edilən həkim deputatlar var. Cəmiyyətdə koronavirus xəstələrinə dərmanların bir xəstəyə yox, digərinə verilməsi, testlərin qiyməti və s. kimi məsələlərlə bağlı suallar var.

Hesab edirəm ki, bununla bağlı parlamentdə dinləmələr keçirilsə, daha yaxşı olar”.

Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, Milli Məclisdə bununla bağlı iki dəfə dinləmə keçirilib. Ehtiyac olsa yenidən dinləmə keçirilə bilər.

Sözügedən məsələni “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Ruslan Atakişiyev dövlət tərəfindən götürülən testlərin ödənişsiz olduğunu söyləyib:

“Əfsuslar olsun ki, pulsuz testlər vaxtında götürülmür. Hətta elə vətəndaşlar var, müraciət edir, lakin həkimlər bir həftə, on gün sonra gəlirlər. Xəstə sağalandan sonra test götürülür və həmin şəxsə 14 gün evdə qalmaq şərti qoyulur.

Ona görə insanlar özəl klinikalarda testlərdən keçməyə məcbur olurlar. Onlara da özəl olduqları üçün dövlət tərəfindən qiymət qoyulması çətindir.

Özəl klinikalarda qiymətlərin formalaşdırılması Tarif Şurasının səlahiyyətlərinə aid deyil”.