İflasın astanasındayıq: “Yayım bərbad, kağız baha, reklam yox...”

“Bütün imkanlarla qəzetçiliyi yaşatmağa çalışmalıyıq” 

“Çap mətbuatı sıradan çıxmamalıdır. Lakin indiki şəraitdə qəzet çıxarmaq, həqiqətən, qəhrəmanlıqdır”

“Çünki digər ölkələrə nisbətən Azərbaycanda KİV-ə böyük kapital qoyulmadı”


Qəzetlərin mövcud vəziyyəti göz önündədir. Obyektiv və subyektiv səbəblərdən çap mətbuatı tədricən öləziyir. Bu isə əsl jurnalistikanın məhz qəzetçilikdən başlandığını aydın dərk edən jurnalistlərin nigaranlığını hər ötən gün daha da artırır. Doğrudanmı, qəzetçilik artıq sıradan çıxmalıdır? Yaşamalıdırsa, necə, hansı şərtlərlə? Əlbəttə, informasiya təminatını həyata keçirməyin başqa yolları da var.

Lakin çap mətbuatının həm də tarixi ənənə olduğu unudulmamalıdır. Elə isə nə etməli? Gərək ya işimizi dəyişək, ya oxucumuzu...

“Yeni Müsavat” Media holdinqinin rəhbəri Rauf Arifoğlu qəzetçiliyin taleyi barədə “Sherg.az”a danışarkən məsələyə təsir edən məqamları sadaladı:

 “Qəzet konkret əmtəədir. Ona görə, oxuya, əlimizə ala bilirik. Satış üçün şərtlər isə tamamilə fərqlidir. Gərək satıcı, paylayıcı olsun, lakin bu, yoxdur. Yayım sistemi bərbad vəziyyətdədir. Üstəgəl,  redaksiyalar kasıb, çap məmulatları bahadır. Reklam bazarı yoxdur. Koronavirus pandemiyası isə vəziyyəti daha da pisləşdirdi. Potensial oxumuzu da itirdik. Belə bir şəraitdə qəzetçiliklə məşğul olmaq çox çətindir”.

R.Arifoğlunun fikrincə, bütün imkanlarla qəzetçiliyi yaşatmağa çalışmalıyıq: 

“Əlbəttə, çap mətbuatı sıradan çıxmamalıdır. Lakin indiki şəraitdə qəzet çıxarmaq, həqiqətən, qəhrəmanlıqdır. Çünki digər ölkələrə nisbətən Azərbaycanda KİV-ə böyük kapital qoyulmadı. Nə yaxşı ki, multimedia vasitələrindən istifadə edərək oxucularımıza çata bilirik. Ən böyük problemlərdən biri də Reklam haqqında Qanunun tələbləridir. Ümumiyyətlə, hər şey qəzetçilərin əleyhinədir. Və mətbuat işçiləri olaraq iflasın astanasındayıq”.