Çoxcildlik Azərbaycan tarixi: “Son 30 ilin prosesləri yazılacaq"

“Bu işə diqqətlə yanaşmalıyıq, subyektiv yox, obyektiv baxışlar öz əksini tapmalıdır”

“Şübhəsiz, həm də milli ruh, milli mənafe nəzərə alınmalıdır”

“Əvvəlki yeddicildlik isə tamamilə yığışılmalı, kitabxanalardan götürülməlidir”



Bu günlərdə AMEA Tarix institutunun Elmi Şurasının iclası keçirilib.  İnstitutdan verilən xəbərə görə, qurumun baş direktoru, professor Kərim Şükürov Tarix institutunun perspektiv inkişaf planlarından bəhs edib. Bu planlarda dünyada tarix sahəsində baş verən yeni elmi istiqamətlərin nəzərə alınması və Azərbaycan tarixinin öyrənilməsinin aktual məsələləri əks olunub.  Tarix institutunda əsas hədəflərdən biri kimi Azərbaycan tarixinin öyrənilməsinin müasir vəziyyətini əks etdirən bircildliyin hazırlanması mühüm yer tutacaq.

Qeyd etmək lazımdır ki, AMEA Tarix institutunda son dəfə belə bir kitab 1993-cü ildə nəşr edilib. Həmin kitab da xronoloji cəhətdən 1920-ci ilədək olan dövrü əhatə edirdi. Ölkədə yeni, Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən bircildlik sosial tələbə çevrilmişdir. Elmi Şuranın qərarına əsasən, şöbələr tərəfindən ayrı-ayrı fəsillər təqdim edildikcə Tarix institutunun saytında nəşr ediləcək və geniş müzakirə olunmasına şərait yaradılacaq.
Elmi Şurada bircildliklə yanaşı, çoxcildlik Azərbaycan tarixinin yazılması sahəsində də tədbirlər planı qəbul edildi. Tarix institutu qarşısında duran ən mühüm məsələlərdən biri də Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinə dair fundamental əsərlər hazırlanması ilə əlaqədardır.



AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Sherg.az”a açıqlamasında bu təşəbbüsün əhəmiyyətindən danışdı: 

“İndiyəqədərki yeddicildik Azərbaycan xalqının maraqlarına cavab vermirdi. Həmin kitablarda milli maraqlarımız, dövlətçiliyimiz təmsil olunmurdu.

Məsələn, birinci cilddə Azərbaycan türkləri barədə doğru-düzgün məlumat verilmir, üç, dördüncü cildlərdə Qacarlar, Səfəvilər, Əfşarlar İran dövləti adı altında işğalçı kimi göstərilirdi. Yəni həmin vəsaitlər sovet metodologiyası ilə hazırlanmışdı.

Amma indi professor Kərim Şükürovun belə bir təşəbbüslə çıxış etməsi, əlbəttə, təqdirəlayiqdir. Həm yeddicildlikdə ciddi dəyişikliklər olunacaq, həm də son otuz ilin Azərbaycan tarixi yazılacaq. Bu, çox mühümdür.

Lakin tarix obyektiv yazılmalıdır. Türkləri işğalçı kimi qələmə verməkdən, çar Rusiyasını təbliğ etməkdən əl çəkməliyik. Son otuz illə bağlı vəsaitə də diqqətlə yanaşmalıyıq, subyektiv yox, obyektiv baxışlar öz əksini tapmalıdır.

Şübhəsiz, həm də milli ruh, milli mənafe nəzərə alınmalıdır. Əvvəlki yeddicildlik isə tamamilə yığışılmalı, kitabxanalardan götürülməlidir”.