Şuşa tonqalı və ya düşmənə tərs şillə: “Azərbaycan İrəvanda, Zəngəzurda tonqal qalayacaq”

Ermənistandakı müxalifət partiyasının nümayəndələri Novruz bayramı günü İrəvanın Respublika meydanında tonqal qalamağa qərar veriblər. Bu barədə yerli media orqanları yazıb. Görünür, vəziyyət o həddə çatıb ki, narazı qüvvə pənahı artıq oda gətirir. Onlar "Ağırlığım, uğurluğum..." deyərək tonqalın üstündən tullanacaq və yəqin ki, həmin anlarda hakimiyyətin ən qısa zamanda dəyişilməsini diləyəcəklər.


BDU- nun professoru, politoloq Əlimusa İbrahimov revanşistlərin vermək istədiyi mesajı "Sherg.az"a izah etdi: 

"Təbii ki, keçmiş baş nazir Vazgen Manukyan başda olmaqla müxtəlifətin göstərmək istədiyi qonşu ölkələrlə həmrəylik nümayişi deyil.  Onlar, heç olmasa, bu vasitə ilə insanları nümayişə çıxarmaq və Paşinyanı istefaya getməyə məcbur etmək istəyirlər. Eyni zamanda yerli xalqa bildirmək istəyirlər ki, iqtidar yaxın gələcəkdə dəyişməsə, Azərbaycan xalqı növbəti dəfələrdə özünün digər tarixi torpaqlarında- İrəvanda, Zəngəzurda...tonqal qalayacaq.

Əlbəttə, Manukyan və onun tərəfdarlarının proqnozları reallığa əsaslanır. Belə ki, Azərbaycan Prezidentinin ailə üzvləri ilə birlikdə Şuşada tonqal başına yığışacağını cəmi üç il əvvəl Ermənistanda kimsə təxmin edə bilməzdi. Amma Azərbaycan xalqı buna inanırdı".

Ə.İbrahimovun fikrincə, daha böyük uğurlarımız uzaqda deyil: 

"Həmin inam indiki qələbəmizi təmin etdi. Xalq Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Beləliklə, biz Dəmir yumruğumuzla düşmənin başını əzdik.

Erməni camaatı Qarabağda- Azərbaycanda qalanan tonqalları indi həsrətlə xatırlayır. Manukyanın düşündüyü kimi, belə getsə, onlar daha ciddi intizar yaşayacaqlar.

Buna- ədalətin bərpasına biz də inanırıq. Bu inamı bizə Şuşada məğrur görkəmi ilə dayanan Ali Baş Komandan verib".