Gələcək startaplarındır

"3 il gözləmədən əlavə güzəştlər, stimullaşdırıcı digər dəstəklər həyata keçirilməlidir"

"Əgər bu istiqamətdə ciddi canlanma yarada bilməsək, bu sahədə gələcəkdə düşmən ölkədən geri qala bilərik"

"Startap" şəhadətnaməsi alan kiçik və orta biznes (KOB) vergidən azad olacaq. Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb: "Startap" şəhadətnaməsi alan KOB-lar 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunacaq".

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycan əksər sahələrdə Ermənistanı birmənalı olaraq üstələsə də, etiraf edək ki, startap layihələr məsələsində biz onlardan geri qalırıq.  E.Əmirov qeyd edib ki, Ermənistanda elə startaplar var ki, işçi sayını 600-ə çatdırırdı:

"Bəlkə də artıq min olub. Bunların hər biri də yüksək texnologiyalar sahəsində biliyi olan şəxslərdi. Onlar on milyonlarla dollar investisiya cəlb etməyi bacarıb, sürətlə böyüyürlər.  Əgər bu istiqamətdə ciddi canlanma yarada bilməsək, bu sahədə gələcəkdə düşmən ölkədən geri qala bilərik. Çünki belə startaplar təkcə iqtisadi inkişafı təmin etmir, eyni zamanda məhdud bazarlara sahiblənirlər. Paralel olaraq gələcək üçün böyük məlumat bazası toplamaqla məşğuldurlar. Bu əsasən texno istiqamətli startaplarda daha geniş yayılır. Onsuz da hazırda informasiya ən strateji məhsul sayılır, illər ötdükcə bu status daha da böyüyəcək.  Ermənistanı bu sahədə özümüzdən irəli buraxmamaq üçün startapların yaranması və inkişafı üçün çox böyük zərurət yaranıb. Düşünürəm ki, cənab nazir Mikayıl Cabbarovun tvitter üzərindən kiçik və orta biznesin ilk 3 il ərzində vergi yükləmələrindən azad olma şərtlərilə bağlı yeniliklərə toxunması məhz bu səbəbdən idi. "Startap" şəhadətnaməsi alan kiçik və orta təsərrüfat subyektlərinin 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergilərindən azad olunmaları nəzərdə tutulur. Bu cür motivasiya edəcək bütün qərarlar əslində daha erkən verilməlidir. Amma gec olması, heç olmamasından daha yaxşıdır". 

E.Əmirov digər tərəfdən də hesab edir ki, biz bu qərarın özünü necə doğruldacağını gözləmək üçün 3 il oturub gözləməli deyilik:

"İllər, hətta rüblər üzrə dinamika ciddi şəkildə izlənilməlidir. Əgər effektivlik dərəcəsi kifayət qədər olmadığı aydın olarsa, startapların yüksəliş tempi qənaətbəxşedici olmazsa, 3 il gözləmədən əlavə güzəştlər, stimullaşdırıcı digər dəstəklər həyata keçirilməlidir.

Çünki gələcək startaplarındır. Dırnaqarası “qocalmış” iri şirkətlər nə qədər innovativ olmağa çalışsalar da, dünyanın uğurlu startaplar ilə ayaqlaşa bilməyəcəklər.

Bu gün dünya iqtisadiyyatının və texnologiyasının aparıcı qüvvələri yaxın keçmişin startap layihələri olub. Çünki intellektual resurslar  təbii resursları artıq asanlıqla yeyir.  Buna görə də bu istiqamətdə real işlərin görülməsinə çox böyük ehtiyac var.

Və bu ehtiyac hər ayda bir dəfə rəsmi qurumların “Startaplara qayğını artırırıq” kimi başlıqlar qoyulmuş şou xarakterli tədbirlərdən ibarət olmamalıdır. Belə tədbirlər onsuz da heç bir quruma iqtisadi dividend gətirmir.

Necə ki, bir valideyn uşağının parlayaraq yüksəlməsinə ciddi səylər göstərir və bunu heç vaxt heç bir yerdə “mən uşağım üçün bunları edirəm” demir.  Çünki o anlayır ki, bu bir valideynlik borcudur. 

İndi hər bir  qurum öz sahəsində startaplar “dünyaya gətirməyə” çalışmalı və ya özü “doğulmuş” startapların parlaması üçün əlindən gələni etməlidir.

Çünki bu sahədə təkcə bir qurumun, məsələn, İqtisadiyyat Nazirliyinin tək başına səy göstərməsi, stimullaşdırıcı tədbirlər görməsi böyük hədəflərə nail olmaq üçün kifayət deyil".