Xəstəxanalara inamsızlıq var

Tibb bacıları koronaviruslu xəstələri evdə müalicə edirlər

"Tibb bacıları özbaşına xəstələrə antibiotik və sistem vururlar. Bu da nəticədə xəstədə daha böyük ağırlaşmalara və fəsadlara gətirib çıxarır"


"Modul tipli xəstəxanalarda çalışan tibb bacıları xəstələri COVID-19-a görə evdə müalicə edirlər".  Bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə bildirib. Həkim qeyd edib ki, 15 gün modul tipli xəstəxanada işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar: 

"Xəstələrə deyirlər ki, "Biz modulda hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlar, biz hamısını bilirik. Biz ağır xəstələri dirildirik". Xəstələr də inanır, canlarını tibb bacılarına etibar edirlər. Müayinə etdiyim xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür, tibb bacısı isə deyib ki, "Narahat olmayın, COVID-də əlamətlər belə olur". V.Cavadzadənin sözlərinə görə, ehtiyac olmadığı halda xəstənin vena daxilinə infuziyalar yeridilir.

Mövzuya münasibət bildirən həkim infeksionist İlahə Vəliyeva "Şərq"ə açıqlamasında bildirib ki, tibb bacılarının bu cür hərəkəti təbii ki, ilk növbədə yolverilməzdir. Həkim qeyd edib ki, bu cür qanunsuz əməllər çox zaman xəstənin həyatı bahasına başa gəlir:

"Tibb bacılarının belə əməllərinə mən də çox rast gəlmişəm. Onlarda daha çox sistemə meyillilik var. Yəni onlar lüzumsuz yerə insanlara sistemlər təklif edirlər ki, bu, kömək olacaq. Amma bir şeyi bilməlidirlər ki, hər bir orqanizm fərqlidir, yəni individualdır. Yəni biz həkimlər bir xəstəyə olunan müalicəni başqa bir xəstəyə yazmırıq. Çünki hər birində başqa əlamətlər müşahidə olunur. Sistemlə xəstə müalicə etmək düzgün deyil. Bəzən tibb bacıları özbaşına xəstələrə antibiotik və sistem vururlar. Bu da nəticədə xəstədə daha böyük ağırlaşmalara və fəsadlara gətirib çıxarır".

İ.Vəliyeva xəstəxanalara olan inamsızlığın səbəblərini belə izah edib:

"Məlumdur ki, xəstəxanalarda fərdi qaydada müalicəyə üstünlük verilmir. İnsanlar da düşünür ki, xəstəxanaya gedərəm, yaxşı baxmazlar. Bu səbəbdən də evdə müalicəyə üstünlük verirlər. Həmçinin xəstəxanalarda son vaxtlar ölüm hadisələri çox oldu. Hesab edirəm ki, ölüm hadisələrinə görə də insanlar xəstəxanalara üz tutmaqda qorxurlar".