Regional bank filialları ilə bağlı problemlər var

"Rayonlara daha az vəsait ayıran banklar regionlarda kreditləri də yüksək faizlə təklif edirlər”. "Şərq" xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Deputat Mərkəzi Bankın məlumatına istinadən bildirib ki, bankların ən yüksək kredit faizləri Yuxarı Qarabağ iqtisadi rayonundadır: "Yəni Füzuli, Ağdam və Tərtər rayonlarında yaşayan vətəndaşlarımız və iş adamları daha yüksək faizli kredit götürmək məcburiyyətindədirlər. Bu, iqtisadi rayon üzrə orta kredit faizi 24.25 faizdir.

Uyğun olaraq Dağlıq Şirvan və Aran iqtisadi rayonları da yüksək kredit faizlərinə görə fərqlənir. Ümumiyyətlə, rayonlarda kredit faizləri Bakı ilə müqayisədə orta hesabla 2 dəfədən çox artıqdır. Mərkəzi Bankın rayonlarda fəaliyyət göstərən sahibkarlara daha ucuz kreditlərin verilməsini təşviq etməsi çox vacibdir. Bu zaman xərclərin bir hissəsinin subsidiya edilməsi, rayonlara aşağı faizli kredit ayıran banklara əlavə güzəştlərin verilməsi mexanizmindən istifadə oluna bilər”.

Mövzu ilə bağlı "Şərq"in suallarını cavablandıran iqtisadçı-ekspert Razi Abasbəyli vurğulayıb ki, Azərbaycanın bank sektorunda ümumiyyətlə, likvidlik aşağı səviyyədədir. Ekspert qeyd edib ki, xüsusilə regionlarda bankların aktivlərində ciddi problemlər var:

"Biz əgər Bakı şəhəri üzrə kvalifikasiya aparsaq, onda görərik ki, Bakı şəhərində bankların daha çox əmanət yığımları var, nəinki rayonların. Regionlarda əmanət yığımları, eyni zamanda kredit və investisiya qoyuluşları ilə bağlı çox ciddi problemlər mövcuddur. Çünki regionlarda investisiya aşağı səviyyədədir. Burda biz bankları günahlandıra bilmərik. 2020-ci ildə açıqlanan göstəricilər sübut edir ki, Azərbaycanın yerli bank sektorunda, xüsusən də regional bank filialları ilə bağlı çox ciddi problemlər var". 

Ekspert əlavə edib ki, regional banklarda həm kreditlərin qaytarılmasında, həm də kredit qoyuluşlarında problemlər yaşanmaqdadır:

"Qeyd edim ki, bugünə qədər problemli kreditlərin 32-33 faizi regional bank filiallarının payına düşür. Bundan başqa regional bank filiallarında daha çox kredit qoyuluşlarında çətinliklər yaşanır. Azərbaycanın regional bank sektorunda kredit qoyuluşlarının istiqamətləri ilə bağlı tətbiqi yanaşmalar olmalıdır. Bu günləri bankların regional sahibkarlığı, fermer təsərrüfatları və digər istiqamətlər üzrə kredit qoyuluşlarına dövlət tərəfindən şərait yaradılmır. Çünki bəzən regionda olan banklar birbaşa olaraq sahibkara kredit verə bilmir.

Bu, müvəkkil banklar vasitəsilə həyata keçirilir. Əgər dövlət büdcəsindən yönləndirilən regional kreditlərlə bağlı bir sıra inzibati baryerlər ortadan qaldırılsa, əlbəttə ki, banklar da kredit verilməsində, faiz dərəcələrinin aşağı salınmasında maraqlı tərəfə çevriləcəklər.

Düzdür, regionların iqtisadi inkişaf proqramı ilə bağlı bir sıra dövlət proqramları var və həyata keçirilir. Amma çox təəssüf ki, burada maliyyə təminatı ilə bağlı bir sıra qanunvericilik toplularında, qanunvericilik istiqamətində addımlar atılmayıb. Birbaşa kredit qoyuluşları ilə bağlı problemlər var. Nizamnamə kapitallarındakı aktivlərin həcminin aşağı olması, bankların əlbəttə ki, özünü sığortalaması faiz dərəcələrini yüksəlməsinə səbəb olur.

Hesab edirəm ki, bu məsələlərin qanunvericilik çərçivəsində həll olunmasına böyük ehtiyac var".