Türkiyəli ekspert: “Rəsmi Bakı əməliyyatları başlatmalıdır” – İş tam deyil

“Beynəlxalq vəziyyətin xeyrimizə olduğunu və Ermənistanın təkləndiyini hiss edəndə hərəkətə keçmək lazımdır”

“Düşmən sabitlik istəmir. Çünki Qarabağa köçəcək mülki əhali üçün real təhlükə var”

“Lakin bundan sonra xəritəni istəməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyə ilə birlikdə mina təmizləmə işlərini həyata keçirməlidir”


Böyük siyasət eyni ilə şahmat oyununu xatırladır. Gərək qələbəyə doğru addım-adım irəliləyə, qarşına çıxan problemləri dəf edəsən. Azərbaycan otuz ildən sonra, nəhayət, işğaldan azad olunmuş torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi. Lakin bu, məsələnin bütünlüklə həll edilməsi demək deyil. Əksinə, Qarabağda “sülhməramlı” adı altında rus hərbçilərinin “şou”ları kimi təcili surətdə həll edilməsi lazım olan problemlərimiz var. Bunun üçün isə həm diplomatik, həm də hərbi sahədə hazırlıqlı olmalıyıq.

“Sherg.az”ın türkiyəli beynəlxalq münasibətlər üzrə ekspert, professor Timuçin Kodamanla söhbəti də məhz Qarabağla bağlı idi.

-Qələbəmizin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Qarabağ burada çarlıq yaranadək türklərin olub. Həmin ərazidə VII əsrdən etibarən müsəlmanlar yaşayıblar. 1987-ci ildən ermənilərin Qarabağa gəlişi başladı. Guya buradakı 150-ci illərini qeyd edirdilər. Halbuki  XIX əsrdə Qarabağda erməni yox idi. Ardınca ərazidəki demoqrafik vəziyyəti dəyişməkdən ötrü Rusiya və İrandan Qarabağa ermənilər köçürüldü. 1990-cı illərin əvvəllərində isə həmin ərazi işğal edildi. Düz otuz il idi ki, nə BMT qətnamələri, nə də beynəlxalq hüquq hansısa fayda vermirdi. Sonralar fərqli illərdə ermənilər dəfələrlə Aəzrbaycana təcavüz etdilər. Tovuz təxribatı də belə separatçı addımlardan biri idi. Beləliklə, sentyabrın 27-də Azərbaycan ordusu əks-hücum əməliyyatına keçdi və düşməni yerində oturtdu. Əlbəttə, hələ yarımçıq qalan məsələlər var. Yəni bu uğuru tam qələbə hesab etmək doğru olmaz. Lakin nəzərə almaq lazımdır ki, Ermənistan xüsusilə baş nazir Nikol Paşinyan dövründə həm Qərbin, həm də Rusiyanın dəstəyini alaraq eyni ilə Yunanıstan kimi özünü şıltaq uşağa bənzədirdi. Qarabağda 200-250 illik rus işğalı var. Odur ki, Azərbaycanın zəfərini kiçiltmək olmaz. Fəqət, bununla kifayətlənməməliyik. Fütsətdən istifadə edib bizə qələbə sevincini bəxş edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.

-Ermənistanda xaotik siyasi durum hökm sürür. Sizcə, bundan sonra daxildə nələr olacaq?

-Bu, Rusiya ilə olan münasibətlərdən asılıdır. Hazırda Moskva ilə əlaqələr o qədər də yaxşı deyil. Xüsusilə Paşinyanın Rusiya silahları ilə bağlı fikirləri Kreml rəhbərliyinin xoşuna gəlmədi. Fikrimcə, müxalifət bundan sonra bir az da güclənəcək.

-Rəsmi İrəvanda hakimiyyət dəyişikliyi nələrlə nəticələnər?

-Nəyinsə dəyişməsinə, xüsusilə yeni savaşın başlanmasına inanmıram. Sadəcə ictimaiyyət üçün daha ciddi bəyanatlar səsləndirilə bilər.

-Xankəndi, Xocalı və Əsgəranın taleyi barədə nə düşünürsünüz?

-Reallıqları nəzərə alıb demək lazımdır ki, müharibə Azərbaycanla Ermənistan arasında deyil. Ona görə rəsmi Bakı çox diqqətli olmalı və beynəlxalq vəziyyəti nəzərə almalıdır. Beynəlxalq vəziyyətin xeyrimizə olduğunu və Ermənistanın təkləndiyini hiss edəndə hərəkətə keçmək lazımdır. Növbəti hərbi əməliyyatın yaxın gələcəkdə olacağına inanmıram. Amma dediyiniz torpaqlarda da Azərbaycan bayrağının dalğalanacağına əminəm.

-Bəs Zəngəzur?

-Bilirsiniz ki, Türkiyə ilə Naxçıanın əlaqəsini kəsən həmin ərazi düşmənlərimizə SSRİ dövründə verilib. Mənim 52 yaşım. İnanıram ki, Zəngəzurun Azərbaycan sərhədləri daxilinə girəcəyini görəcəm. Bunun sülh, yaxud müharibə yolu ilə olacağını deyə bilmərəm, amma adətən torpaq uğrunda qan tökülür.

-Paşinyan Azərbayanla əlaqələrə dair loyal bəyanatlar səsləndirsə də, Köçəryan, Sarkisyan, Manukyan hələ də intiqam arzusundadırlar. Üstəgəl, Qarabağda erməni silahlıları var. Belə bir şəraitdə yeni müharibə başlaya bilər?

-Dediyim kimi, buna inanmıram. Həm də hansı güclə, nəyin intiqamını alacaqlar?! Düzdür, Azərbaycan qan tökülməsini istəmir, ancaq məsələni tam həll etmək naminə növbəti əməliyyatları məhz rəsmi Bakı başlatmalıdır. Bunun üçün isə lazımi vaxtı gözləmək lazımdır.

-Ermənilərin minalı ərazilərin xəritəsini verməmələri nəyin göstəricisidir?

-Deməli, onlar sabitlik, dostluq istəmirlər. Çünki Qarabağa köçəcək mülki əhali üçün real təhlükə var. Lakin bundan sonra xəritəni istəməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyə ilə birlikdə mina təmizləmə işlərini həyata keçirməlidir.

-Bu günlərdə Rusiya dövlət başçısı Putinlə Paşinyan arasında görüş keçirildi. Sizcə, bundan sonra Paşinyanın siyasi karyerası necə olacaq?

-Kremlin Ermənistanda özünə yaxın siyasi rəhbər axtardığı məlumdur. Paşinyan onun tələblərinə cavab verməsə, hakimiyyətdən gedə bilər.

-ABŞ və Rusiya arasındakı münasibətlərin soyuq savaş həddinə çatması regionda nələri dəyişəcək?

-Rusiya regional güc olsa da, ABŞ-la hesablaşa biləcək qüvvədə deyil. Bundan sonra Qərbin rəqibinə qarşı sanksiyaları arta bilər. Beləliklə, Moskva ilə Ankaranın yaxınlaşması mümkündür.

Lakin Rusiya Azərbaycan və Türkiyə ilə birlikdə olmaq istəyirsə, Qarabağ problemi ilə bağlı ciddi addımlar atmalıdır. Bayaq dediyim fikri təkrarlayıram, biz beynəlxalq siyasətə uyğun addımlar atmalıyıq. Səhv etmək olmaz.

-Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz?

-Çarlıq dövründən üzü bəri Azərbaycan ilk dəfə öz torpaq bütünlüyünü təmin etdi. Lakin etiraf etməliyik ki, Rusiyanın da maraqları təmin olundu.

Bundan sonra rəsmi Bakı çox diqqətli olmalıdır. Mülki əhalinin hədəf alınması, vurulan külli miqdarda maddi ziyanla bağlı beynəlxalq qurumlara müraciət etmək lazımdır.

Əhali təcili surətdə azad olunmuş torpaqlara köçürülməlidir. Azərbaycan Qərblə Rusiya arasındakı proseslərin gedişatından istifadə edərək Xankəndidə bayrağını asmağa çalışmalıdır.